- Köşə

Gülyaz ƏLİYEVA. Şəhidlərə…

Vətən sizə oğul dedi. Mamır olub qayasında bitdiniz, lalə olub düzlərində açdınız, çinar olub göylərinə ucaldınız, qartal olub qayalarında qıyya çəkərək süzdünüz, şəlalə olub dağlarından töküldünüz, bayraq olub səmalarına ucaldınız, torpaq olub torpağına qarışdınız…Vətən torpağın bir ovuc olsa da, çoxaltdınız…
Vətən sizə oğul dedi, Vətənə layiq oğul oldunuz, 30 il həsrət çəkdiniz, ruh olub ruhlar şəhərinin sakini oldunuz, xaraba şəhərin sakini…Vətən göylərindən torpağa keşik çəkdiniz, səbrlə gözlədiniz, qayıdacağımız günü gözlədiniz, torpağı qorudunuz…
Vətən sizə oğul dedi, siz də torpağa ana dediniz, Ana kimi örtdü üstünüzü torpaq. Siz də ananızın qayıtmasını, Vətən torpaqlarının bir-birinə qovuşmasını, ayrı düşmüş ana-oğulun birləşməsini, torpağın bütövləşməsini gözlədiniz və o gün gəldi…
Vətən sizə oğul dedi, ruhunuz şad olsun, qartal oğullar, qaya oğullar, qala, düşmən çəpəri oğullar, bayraq oğullar, torpaq oğullar… Torpaq ona görə müqəddəsdir ki, uğruna minlərlə can qurban olub, qan qarışıb ona, sinəsi hərbə meydan olub…
İndi onu gülüstana çevirmənin, sinəmizdə ona min bir məhəbbət bəsləmənin vaxtıdır…Basdığımız yerlər torpaq deyil, bala, unutma ki, altında minlərlə kəfənsiz yatan var. Bu cənnət vətənin qədrin bil, onu bir də yağı düşmənə təslim etmə! Bu müqəddəs torpaqdan bir ovuc götürüb sıxsan, minlərlə şəhidin qanı fışqırar.
Qoy hər yerdə şəhid ruhları lalə olub açsın, bayraq olub ucalsın və bu bayraq bir daha enməsin!