- Köşə

Gülyaz ƏLİYEVA. Sükutun dili

Bəzən bezər, yorular insan… uzun-uzun özünü anlatmaqdan, yanlış anlaşılmaqdan doyar, qırılar, sınar insan. Uzaqlaşmaq – hey uzaqlaşmaq, okeanın ortalarına doğru, yelkənini çəkib sükutun  sonsuzlüğuna doğru hey getmək, getmək istəyər sığındığı limanlardan insan. Anlaşılmamaq dərdini okeana tullayıb getmək və səssizliyə, susqunluğa batmaq istəyər… kəlmələrdən də küsər, kəlmələrə də acığı tutar… Kəlmələr də daim onu yanlış anlatdı, fikrini açıqlaya bilmədi seçdiyi kəlmələr…

Odur ki, özünü səssizliyə, uzun bir sükut dənizinin dalğalarına əmanət edib batmaq istəyər insan bu ucsuz-bucaqsız sükut dənizində. Kəlmələr nə işə yaradı ki? Kəlmələr səni ifadə edə bilmədikdən, elə hey yanlış anlaşıldıqdan sonra kəlmələrə də etibar etməz, üsyan edər insan… Susar insan… Sadəcə susmaqmı?! Bu sükutda özünü ifadə edər, uzun-uzun özünü anladar insan… o dili, sükutun dilini hər kəs anlaya, bilə bilərmi?

Eh… kəlmələrlə adamı anlamağa nə var ki? Səni demədiyin sözlərlə anlasınlar, gərək… Bəzən hər şeyə, hər kəsə qırılar, yorular, bezər insan… Bu zaman səssizliyə, sükuta sığınar, sükut dənizinə qərq olub içinə çəkilər insan, yelkənlərini endirib sığındığı limanlardan çəkilər… susar, susar insan… sükutun dili ilə danışar, hər kəsə, hər şeyə üsyan edər insan… Sükutun da öz dili var…