Bunu mənə uzaq bir rəfiqəm yazıb. O, burada yaşamır. Liviya səhrasının sakinidir. Hərdən yazışırıq: havadan-sudan, cəmiyyətdən, pisdən-yaxşıdan, otdan-ələfdən. Yazır ki, son zamanlar onların ölkəsində sanki hər bir iş kollektivində belə bir təklənmə dəbdədir və mənim həmin o rəfiqəm də belə bir vəziyyətə düçar olub. Dediyinə görə onlarda artıq belə bir dəb yaranıb ki, əksər iş yerlərində eyni tip, eyni xasiyyət, eyni biçim, eyni bacarıq və qabliyyət (əslində bacarıqsız və qabliyyətsiz) adamlar birləşərək özləri üçün qruplar yaradıblar. Və bunu özləri üçün məxsusi bir qabiliyyət, üstünlük, bir fərasət hesab edirlər. Yeri gəldi-gəlmədi, bir-birlərini irəli çəkir, dəstəkləyir, tərifləyir, öz ayranlarına “el birliyi ilə” şirin deyir, özlərinin milçəklərindən “el birliyi ilə” fillər düzəldirlər. Sən də əgər dözməyib onları “qatıq qaradlr” ifadəsinə qarşı sözgəlişi “ağdlr” desən, “el birliyi ilə” kəskin etiraz edir, sənə hər kəs ayrı-ayrılıqda bəlağətlə qatığın qara olduğunu söyləyir. Hətta uzun elmi araşdırmalarının nəticəsi olaraq onu da bildirirlər ki, sənin söylədiyin “qatıq ağdır” fikri kökündən yanlışdır. Bu yanlışı sübut edən faktlardan biri də qatığın adında ehtiva olunub. Belə ki, əgər qatıq qara olmasa idi, adı “qatıq” yox, “ağtığ” olardı.
Məhz elə qatıq adını da buradan – qaralığından götürərək adlanıb. Qatıq sözünün ilk hecası qara sözünün ilk hecası ilə adlanıb ki,”-tıq” hissəsi də onun çox, yəni, tığla olması ilə əlaqələnib. Bu inandırıcı, daşdankeçən məntiqli arqumenti “el birliyi ilə” dəstəkləyənləri görüb sən də məcburən susmalı olur, bir kənara çəkilirsən. Sənin susmağın heç də, qatığın onlar deyən kimi, qaralığını qəbul etməyindən deyil, sadəcə boş yerə çənə yormaq istəyindən irəli gəldiyini anlamayanlar isə daha bir qələbəyə imza atdıqlarını “el birliyi ilə” qeyd edıb, onlara qarşı çıxan daha birini susdurmanın qələbəsini öz aralarında “el birliyi” ilə qeyd edirlər. Ancaq onlar anlamırlar ki, aralarındakı süni, asılı, təmənnalı “el birliyi” səni cəlb etmir, ayrı-ayrılıqda hamısının “səmimiliyinə”, “dabbaqda gönünə” bələdsən, bir-bir hamısını dişinə vurub yerə qoyubsan. Yalançılıq, üzədurma, işi düşənə yaltaqlıq və s. kimi xüsusiyyətlərin heç biri sənin təbiətində yoxdur və sən o “qabiliyyət”dən məhrumsan deyə naqis görünürsən. Heç vaxt heç kəsin quyruğu olmadığın üçün dəstədən uzaq durmağa çalışırsan. Azmı-çoxmu, pismi-yaxşımı nə qazanmısan, özün qazanmısan. Heç kəsin səni qabağa itələməyinə ehtiyacın yoxdur. Nə əldə etmisənsə, öz gücünə, özün əldə etmisən. Öz ayaqlarının üstündə dimdik dayanırsan, kiminsə əsasına söykənməmisən ki, vaxt olub, mənafelər toqquşanda, o əsa çəkiləndə, kəllə-mayallaq yerə yıxılmayasan.
Deyir, o da var ki, orada həyat bir qədər maraqlı və əyləncəlidir, teatrı xatırladır. Hərdən kefin tutanda oturub sakitcə seyr edirsən özün üçün. Sanki hamı rol oynayır və elə məharətlə oynayır ki, hərdən sən özün də çaşırsan. Nəyin düz, nəyin yalan, kimin yaxşı, kimin pis olduğunu qarışdırırsan. Bir də görürsən ki, o qrupa daxil olan birisi güc-bəla yoldaşlarının dəstəyi, “el birliyi ilə” itələnib balaca bir təpəyə çıxır, pah, sən gəl onda həngəmayə bax. Baş-beynin səs-küydən, saxta tərifdən gedir. Sən əgər bu gurultuya, tappıltıya, çal-oynasına, qıyhaqıya, vıyhavıya qoşulmursansa, onda da paxıllıqda, gözügötürməməzlikdə günahlandırılıb qınanırsan…
Əgər o qruplaşmaya daxil olmayan birisənsə, dağları yerindən oynatsan da, göydən ayı, ulduzu qoparıb gətirsən də reaksiya verilməz. Qəbir sükutu və qəbiristanlıq səssizliyi ilə onun üstündən keçilər, Yaşar Nurinin oynadığı obrazsayağı “Hə, nooolsun?”- deyilər. Və beləliklə, həmin adam o kollektivdə təklənər… Çünki saxtakarlığı, yaltaqlığı, yalançılığı bacarmır və o kollektivdə yad, yabançı görünər. Qabil demiş, yeri səhv düşür. Yeri səhv düşmüş adamsa mənən təklənər.
Onda da tez-tez bu ifadəni eşidirsən: “Filankəs yaxşı adam olsa idi, tək qalmazdı. Yəqin, onun özündə nəsə problem var ki, adamlardan kənar gəzir”. Sanki bu, bir qanunmuş ki, çoxluq həmişə haqlılıq deməkmiş…
Doğrudan da, rəfiqəmin bu ifadəsi məni fikir dəryasına qərq etdi. Görəsən, çoxluq doğrudan da, həmişəmi haqlılıq deməkdır?
Yadıma bir rəvayət düşdü.
Bir məmləkətin padşahının ağıllı bir vəziri varmış. Bir gün o, padşaha xəbər gətirir ki, ölkə üzərində fəlakət var: 14 gündən sonra ay tutulması nəticəsində təbiətdə dəyişiklik baş verəcək və 14 gün ərzində ölkədə axan bulaqlardan və çaylardan kim içsə, dəli olacaq. Padşah və vəzir çox düşünür, çox daşınır, bir çarə tapmır. Axırda bu qərara gəlirlər ki, özləri üçün 14 günlük su ehtiyatı götürsünlər və hamı o vaxt ərzində su içib dəli olanda onlar öz ağıllarını qorumuş olsunlar ki, ölkəyə bir zərər gəlməsin. Belə də edirlər. Deyilən vaxt çatanda baxıb görürlər ku, şəhər əhalisi tamamilə ağlın itirib və dəlilərə xas hərəkətlər edirlər. Bir-iki gün ərzində su içən kim vardısa, dəli olur. Hamı küçəyə paltarsız çıxır, ağılsız hərəkətlər edir, nə danışıqlarını, nə də hərəkətlərini bilirlər. Nə gəldi, harada gəldi, yeyir-içir, deyib-gülür, şənlənirlər. Şəhərdə it yiyəsini tanımır, ağız deyəni qulaq eşitmir. Əhali hamısı suyun təsirindən ağlını itirib. Düz iş görənlər lağa qoyulur, bəyənilmir, əyri iş görənlər, yalançılıq, saxtakarlıq, avaraçılıq, gözə kül üfürmələr təqdir olunur. Padşah və vəziri bu işə çox pis olsalar da, qabağını almaqda aciz qalırlar. Çünki onlar nəyin nəticəsində bunun belə olduğunu yaxşı bilirdilər.
Bilirdilər ki, bütün bunlar göydən gələn bəla idi. Əllərindən bir iş gəlməz. Sarayın bir küncünə çəkilib, hadisələrə tamaşa etməkdən başqa çarə görmürlər. Deyilən vaxtın bitməsinə 3 gün qalmış padşah və vəzir yenə səs-küyə yuxudan oyanıb görürlər ki, şəhərin dəli olmuş əhalisi hamısı əllərində yaba-bel küçədə qarşılarına kim çıxsa, nə çıxsa, vurub-yıxır, şənlənir, iş görmür, əllərinə nə keçsə yeyir, heç nəyə fikir vermirlər. Nə işə gedən var, nə mal-qaraya, toyuq-cücəyə baxan. Şəhərdə aclıq olduğundan kim nə gəldi oğurlayır, kimi gəldi öldürüb əlindəkini alır. Bunu seyr edən padşah və vəziri çox pis olurlar. Onlar küçəyə çıxıb şəhəri dolaşmaq istəyirlər ki, nə qədər dağıntı və tələfat olduğunu görsünlər. Bu zaman əyinlərində paltar olan təmkinli addımlarla çığır-bağır salmadan şəhərdə görünən bu iki adam dəli olmuş çoxluğun diqqətini çəkir. Özlərinə oxşamayan bu iki adamı görən dəli kütlə qışqıra-qışqıra: “Dəlilərə baxın, dəlilərə baxın!” – deyə hay-haray salır. “Gəlin onları daşlayaq, şəhərə paltarlı çıxıblar,”- deyə bağırlar. Bunu eşidən dəlilərin hərəsi əlinə bir daş alıb padşah və vəzirə tərəf yüyürür və onları daşlayıb öldürürlər.
Vaxt tamam olur və şəhərin suları yenə də öz axarı ilə axmağa başlayır. Ağlı yerinə gəlmiş əhali şəhərlərinin viran qaldığını, padşah və vəzirlərinin öldüyünü görüb, öz hərəkətlərini yada salıb, ağılsız olduqlarını anlayırlar.
Hamı dəli olduğu bir məmləkətdə ağıllılar, əlbəttə ki, “ağılsız və naqis” kimi görünər. Ona görə də: “Bir şəhərdə ki hamı dəli oldu, sən də dəli ol”, – ifadəsi yaranır. Burdan belə bir nəticəyə gəlmək olar ki, ətrafdakıların hamısının eyni olması, eyni cür düşünməsi çoxluğun haqlı və ağıllı olması anlamına gəlməz.
Rəfiqəmin yazdıqlarını təəssüflə oxudum və düşündüm ki, nə yaxşı bizdə belə deyil…