- Köşə

Gülyaz ƏLİYEVA. Ax, Paris, Paris…

Paris ….Yəqin, bu şəhərin bəlasındandır ki, ora getmək istəyənlər nə gedə, nə də qayıda bilirlər, ya oranı “partladırlar”– inqilab olur, gedə bilmirlər, Şahbaz bəy kimi (M.F.Axundov Hekayəti- müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah-caduküni-məşhur” ) ya da buranı “partladırlar”–, inqilab olur, gedənlər qayıda bilmirlər, Ceyhun Hacıbəylinin də üzvü olduğu Nümayəndə heyəti kimi….
Ceyhun Hacıbəyli… AXC-nin Parisə yollanan Nümayəndə heyəti içərisindəki ən gənc üzvü…O çox həvəslə, ümidlə getmişdi Parisə… Yenicə ailə qurmuşdu. Hələ ürəyində özünün, Vətənin gələcəyi ilə bağlı nə qədər arzuları vardı…
Hər dəfə onun halını düşünəndə çox mütəəsir oluram…

C. Hacıbəyli Fransada yaşamağa getməmişdi, Paris Sülh Konfransında Azərbaycanı təmsil etməyə getmişdi. O gedərkən çox xoşbəxt idi. Cəmisi, iki ayllğa getmişdi. Gecəni gündüzünə qataraq çox ağır şəraitdə üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdi. Amma … amma qayıda bilmədi…

“Bəli, еtiraf еtməliyəm ki, doğmalarımdan ayrılmağın bu qırх ili ərzində mən hərdən bacılarımın həsrətini çəkirdim; bəzən də anamın və ortancıl qardaşımın surətləri bacılarımın surətlərini əvəz еdirdi. …Hər ikisi ayrılıq dəmində acı göz yaşları tökürdülər. Mən onları inan­dı­rırdım ki, cəmisi iki aylığa gеdirəm. Nə üçün ağlayırsınız?.. Cеyhun bəy, sən özün də bilmədən onları aldatmışdın. İndi sən ayrılığın qırх birinci ilini yaşayırsan, on­ları bir daha görmədin və hеç vaхt da görməyəcəksən; doğmaların… bir-birinin ar­dınca dünyadan köçürlər… Еlə sən özün də…”.

Ceyhun Hacıbəyli bu sözləri yazandan iki il sonra vəfat edir.

Bu gün Ceyhun bəy Hacıbəylinin xatirə günüdür.
03.02.1891 (Şuşa) —22.10.1962 (Paris).
Tanınmış içtimai xadim, jurnalist, publisist Ceyhun bəy Hacıbəyli 1918-ci ildən nəşr olunan “Azərbaycan” qəzetinin ilk redaktoru olmuşdur. Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy mühacir həyatı yaşadığı Parisdə Azərbaycan tarixini, ədəbiyyatını, etnoqrafiyasını Avropada geniş təbliğ etmişdir.
O Parisə 2 aylıq ezamiyyətə getmişdi. Nə biləydi ki, bu ezamiyyət ömürlük olacaq. Ömrü mühacirətdə başa vuracaq…
Doğrudur, qəbri qürbətdə qaldı, amma özü sonadək Azərbaycana sadiq qaldı, ürəyi Azərbaycanla bir vurdu…Qəbri nurla dolsun.