- Köşə

Gülyaz ƏLİYEVA. Azad bir quşdum…

Onun səsi azad bir quş kimi musiqi səmasının ənginliklərində zirvələrə yüksəlir, elə hey qanad çalır, uçduqca uçurdu. C. Cabbarlının bu misraları sanki onun səsi üçün yazılmışdı:

Azad bir quşdum, Yuvamdan uçdum…

Necə yanıqlı və zil səsi vardı. İlk dəfə  1988-ci ildə Xankəndidə tələbələr qarşısında canlı ifasını dinləmişdim və o gündən bu səsin sehrinə düşmüşdüm. Onu dinləyən tələbələrin alqış səsi kəsmək bilmirdi. Necə ayaqda alqışlayırdılar. Səxavətin  səsi elə bil “Segah” üçün yaranmışdı. “Segah”a yatımlı idi, sanki  ruhu “Segah”a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz “Segah” ladındaydı. “Ay bəri bax”, “Uca dağlar”, “Yar bizə qonaq gələcək”, “Ay çiçək”, “Sarı bülbül” “Sona bülbüllər” və s.

Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Slonu ovsunlamışdı elə bil. Ondan sonra səhnəyə çıxan titullu  müğənniyə qulaq asan yox idi. Hamı söhbət edirdi. Bunu görən həmin Xalq artisti  segahın içərisinə tələbələri sancan sözlər əlavə edib oxudu…Bundan  və müəllimlərin tənəli gözağartmalarından sonra  tələbələr dinləmək lazım olduğunu anlayıb qulaq asmağa məcbur oldular. Onda başa düşdüm ki, xalqın müğənnisi olmaq üçün “Xalq artisti” adı almaq kifayət deyilmiş…

1990-cı ildə təyinatımı Abdal-Gülablı kəndinə almış, 1-ci il idi ki, orada müəllim kimi fəaliyyətə başlamışdım. Abdal-Gülablı Dağlıq Qarabağın  erməni kəndləri ilə sərhədində yerləşirdi. Ermənilər hələ o vaxtlar  Ağdam şəhərinə cürət etməsələr də,  Abdal-Gülablı kəndini tez-tez atəşə tutur, kəndə qrad atırdılar. Rusların verdiyi silahlarla silahlanmış ermənilərin cavabını vermək üçün əhalınin əlində heç nə yox idi . Bu zaman kənddə Səxavət Məmmədov adını tez-tez eşidirdim.  Səxavət Məmmədov Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdu. Kəndin, Vətənin təəssübünü çəkən bir vətəndaş kimi əlindən gələn köməyi əsirgəmirdi. O zaman gecələr kəndi erməni basqınlarından  qorumaq lazım idi. Hərədə bir-iki ov tüfəngi var idi. Ermənilər isə məqsədli surətdə silahlandırılmışdı. Ucqarlarda vəziyyətin gərginliyi hələ Bakıda oturanlara tam ciddiliyi ilə çatmırdı sanki. Belə bir vaxtda Səxavət Məmmədov  Bakıdan öz maddi dəstəyi ilə yardım edir,  Gülablının ermənilərdən  qorunması üçün  yardım edirdi. Hətta kənddə olan yeganə tankı onun aldığını söyləyirdilər. Gulablı sakinləri ona çox güvənirdilər.

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini elə  öyrənmişdi  ki,  1976-cı ildə artıq “Hümayun” xalq ansmblının solisti idi. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir.

“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı. Səxavət “Qarabağ”la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.

Həqiqətən, onunla yoldaş olan, bir yerdə çalışanların hamısı müğənninin çox səxavətli olduğunu söyləyirlər. Sanki Səxavət adı onun səxavətliliyinə görə Allah tərəfindən göndərilmiş bir ad idi. Deyirlər, insana qoyulan ad onun xarakterinin formalaşmasına təsur edir. Bu, Səxavətdə özünü çox bariz şəkildə göstərirdi.

1991-ci ildə artıq ermənilər Dağlıq Qarabağda Volski hakimiyyətinə güvənərək kəndə daha çox qrad atır, gecə basqınları edirdilər. Bu zaman kənd cavanlarından ibarət özünümüdafiə dəstələrinin yaradılmadında, maddi cəhətdən təminatında Səxavət Məmmədovun dəstəyi çox böyük idi. O, tez-tez kəndə baş çəkir, cavanlara ürək-dirək verirdi…

1991-ci ilin 30 sentyabrı indiki kimi yadımdadır.

Səhər tezdən Ağdam şəhərindən Gülablıya gələrkən məktəbdə bir hüznün, bir qəm-kədərin şahidi oldum. Uşaqlı-böyüklü hamı yas içində idi.  Kənd ağır itkinin xəbərini almışdı. S.Məmmədov indiki Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişmişdi… Onun meyitini Bakıdan gətirib öz doğma kəndində basdırdılar.  Müharibə vəziyyətində olmasına baxmayaraq bütün kənd Səxavət Məmmədovu son mənzilə yola saldı. Ermənilərlə danışıq aparmışdılar ki, meyit basdırılanadək kəndə atəş açmasınlar. Onlar sözlərini tutmadılar. Atəş altında olsa da, Səxavət Məmmədovu torpağa tapşırdılar. Lakin onun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. S. Məmmədov ömrünün gənc yaşında bu dünyaya göz yumdu. Özündən sonra isə işıqlı  xatirələri, hədsiz səxavəti ilə bağlı əhvalatları,  yaratdığı “Qarabağ” instrumental ansamblı,  bir də möhürünü vurduğu bu mahnı qaldı. Sanki bu mahnını zəngulə vuran səsi ilə özü üçün oxumuşdu:

Azad bur quşdum,
Yuvamdan uçdum.
Torpağa düşdüm,
Bu gənc yaşımda…

Bu gün S. Məmmədovun doğum günüdür. Qəbri nurla dolsun…

Ölüm sevinməsin qoy,
Ömrünü vermir bada
El qədrini canından
Daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır həyatda,
Sevərək yaşayanlar, sevilənlər ölənlər…