Heç bir giriş vermədən birbaşa mətləbə keçəcəm. Son zamanlar: “Türk dilindən dilimizə sözlərin daxil edilməsinə qarşı çıxanlar türk düşmənləridir!” – şüarı ilə çıxış edənlərin sayı yaman çoxalıb. Bunlar o adamlardır ki, bir zamanlar 3 hərfi əlifbadan çıxarmaq istəyirdilər ki, türk dilində də yoxdur, bizdə də olmasın, belə olan təqdirdə dillərimiz yaxınlaşacaq. Sanki dilləri yaxınlaşmağa qoymayan elə məhz bu 3 hərf: “ə”, “x” və “q” imiş. Lakin onlar buna nail ola bilmədilər, alınmadı. Sonra sanki öz doğma ana dilləri yoxmuş kimi türk dilini ədəbi dil etmək istədilər, o da alınmadı. Yenə də fəallaşıblar. İndi də ciddi-cəhdlə, ehtiyac oldu-olmadı, dilimizə çoxlu türk sözləri gətirmək istəyir və bunu istəməyənlərə “türk düşmənləridir” deyərək, daş atıb, başlarını tuturlar.
Ay qardaş, ay bacı, vallah, billah heç kəs türk düşməni deyil və heç kəs də ehtiyac olan təqdirdə türk sözlərinin dilimizə gəlməsinə etiraz etmir. Haqlı olaraq türk sözlərinin ehtiyac olmadan Azərbaycan dilindəki sözlərin yerinə işlədilməşinə irad bildirilir. Əgər müəyyən anlayışı ifadə etmək zərurəti yaranıbsa və onu ifadə edəcək sözümüz yoxdursa, müstəsna hallarda kənar dillərdən, o cümlədən türk dilindən yenisi alına bilər. Bu, normaldlr. Amma qardaş dil deyib kortəbii surətdə sözləri dilə daxil etmək dilimizin məhvinə və öz kökündən qopmasına gətirib çıxara bilər. Bu yolla dili zənginləşdirmək olmaz. Dili zənginləşdirmək üçün, öz dilimizin söz yaradıcılığı imkanlarından istifadə etmək lazımdır. Azərbaycan dilinin inkişafını, zənginləşməsini istəyiriksə, bunun yolu dilin lüğət tərkibinə 30 min türk sözü daxil etmək deyil. Eləcə də elmin, texnikanın inkişafı ilə əlaqədar son dövrlərdə dilimizə kortəbii surətdə əcnəbi termin axını baş alıb gedir. Bir tərəfdən də bu, dili zənginləşdirmək əvəzinə, onun təbiətinə zidd meyillərin ortaya çıxmasına səbəb olur. Ana dilində onların qarşılığını yaratmaq daha məqsədəuyğun olar. Bununla bağlı FADMM-in təşəbbüsü ilə ötən il tanınmış ziyalılar dövlət başçısına müraciət də etdilər. Müraciətdə deyilirdi ki, dilin yenilənməsi prosesini nəzarətdə saxlaya bilən, yeni terminlərin öz dilimizdə qarşılığını yaratmağa qadir bir qurumun təsis edilməsinə ehtiyac var. Belə dil qurumları Türkiyədə, İranda, başqa ölkələrdə də var. Niyə bu təcrübədən istifadə etmirik, sözləri dilimizə daşımaqla iftixar edirik?
Müvafiq sahələrdə çalışan ixtisaslı kadrların iştirakı ilə bizdə də belə bir qurum yaradılarsa, “Azərbaycan dilinin lüğət tərkibinin mahiyyətcə dolğunlaşması, inkişafı, zənginliklərinin qorunub saxlanması və müasirləşməyə uğurla uyğunlaşa bilməsi üçün çox gözəl imkanlar açıla bilər”. Bizim istədiyimiz budur. Dilimiz öz kökünün üzərində dayanmalı, öz sözləri hesabına inkişaf etməlidir. Ortaq dil və bu kimi qeyri-ciddi, cəfəng mülahizələrlə heç bir ehtiyac olmadan min illərdir, Azərbaycan xalqının işlətdiyi sözləri başqaları ilə əvəz etmək, buna etiraz edənləri düşmən adlandırmaq cahillikdir, anormallıqdır, özümüzə hörmətsizlikdir!
İndi nə qədər adam bərbərə kuaför, görüşə randevu, əlüzyuyana lavabo, hamama banyo, qaydaya racon, soyuducuya dolab , zibilə çöp, şərəfə onur, həvəskara amatör, mənzilə apartman, vəkilə avukat, sürtkəcə rəndə, çamadana bavul, şərəfə onur deyir, təəssüf əvəzinə maləsəf, nə yaxşı ki, varsan əvəzinə, iyi ki doğdun işlədir. Bir azdan da kişiyə erkək, kiçiyə küçük deyəcək.
Özü də bu sözlər sadəcə, öz aralarında, məişətdə işlədilsə idi, dərd yarı idi. Artıq bu cür danışıq televiziya və radioya da ayaq açıb, reklamlarda, rəsmi dairələrdə, KİV-də də özünü göstərir. Buna kifayət qədər nümunə göstərmək olsa da, mən iki misal çəkəcəm. Biri vaxtilə ədəbi dilimizin örnəyi olan televiziyadandır. ATV Şou kanalında “El Canlı” verilişinin teleaparıcısı Zümrüd Bədəlovanın nitqində Azərbaycan dili görün nə abıra salınıb?!
“…və ordanmı alqıladınız, ordanmı bu nəticəyə gəldiniz və durduq yerdə də dediniz ki, Zahidə Günəşin öz maşını deyil ki…”.
Bura Azərbaycandır e, dövlət dilimiz də Azərbaycan dilidir. Sizə kim ixtiyar verib ki, qədim köklərə malik, gözəl, ahəngdar bir dili korlayasınız? Bu xalq, bu dil yazıq deyilmi? Gül ətirli, su şəlaləli, dərya dərinlikli,dumduru yaz çayı kimi çağlayan “Dədə Qorqud”dan, İ.Nəsimidən, Ş.İ.Xətayidən, M.Füzulidən, M.P.Vaqifdən üzü bəri, arına-arına, təmizlənə-təmizlınə, cilalana-cilalana gələn zəngin dilin gözəlliyinə niyə qəsd edir, onu niyə soyur, lüt-üryan qoyursunuz? Kimin belə gözəl dili var axı?
Ala gözlü, sərvi boylu dilbərim,
Həsrətin çəkdiyim canan, bəri bax.
Gecə-gündüz fikrim-zikrim, əzbərim,
Üzüldü taqətim, aman, bəri bax!
(M.P.Vaqif)
Düşüb ayağına sən o zalımın,
Söylədinmi necəliyin halımın?
Onun həsrətindən rəngi-alımın,
Döndüyün heyvayə dedin, nə dedi?
(Q.Zakir)
Gəlin dilimizi korlamayaq. Özümüzə, tariximuzə, dilimuzə, sahib çıxaq, onu başqa dillərin ayağına verməyək.
Unutmayaq ki, dövlətimizin rəsmi ideologiyası azərbaycançılıqdır və o, dilimizə münasibətdə də müəyyən prinsiplərə riayət edilməsini nəzərdə tutur.