Şifahi xalq ədəbiyyatı xalqın tarixini, keçmişini, dərd-sərini, arzu və istəklərini özündə yaşadan ən etibarlı mənbələrdən biridir. Əbəs yerə folkloru tarixin yol yoldaşı adlandırmayıblar ki.
Xalq mahnıları isə bu baxımdan xüsusilə fərqlənir. Elə mahnılarımız var ki, onlar sanki dil açıb danışır, uzaq keçmişdən bizə xəbər verir. Əlimizdən tutub bizi uzaq keçmişə – yarandığı dövrə aparır. Onlar xalqın tarixində baş vermiş hansısa bir nisgilli hadisənin əsasında yaranır, əvvəl əfsanə, rəvayət şəklində yayılır, dildən-dilə, ağızdan-ağıza dolaşır. Bəzilərinin əsasında dastanlar, bəzilərinin əsasında mahnılar, bəzilərinin əsasında poemalar yaranır. Sonradan dastana çevrilmiş mahnılara misal olaraq “Koroğlu” dastanını göstərə bilərik. Deyilənə görə, əvvəl Koroğlu haqqında nəğmələr yaranmış, el aşıqları tərəfindən oxunmuş, dildən-dilə keçmiş, sonradan bu nəğmələr dastana çevrilmişdir.
Əfsanə və rəvayətlər əsasında yaranmış xalq mahnlarını çox sevirəm. Süjetli lirikanın ilkin nümunələridir onlar. Bu cür, rəvayət əsasında yaranmış mahnılardan biri də “Apardı sellər Saranı… ” mahnısıdır. Qəmli, kədərli notlara köklənsə də, hadisələr sanki müğənninin səsində insanın gözləri önündə bir kino lenti kimi canlanır.
Qeyd edək ki, bu mahnının yaranması ilə əlaqədar bir neçə rəvayət var.
Bunlardan birində deyilir ki, qədim Muğan çöllərində torpağı münbit gözəl Saran şəhəri varmış. Həmin şəhər Arpaçayın sahillərində gözəlliyi ilə dünyaya meydan oxuyarmış. Bir gün çay daşır, şəhəri – Saranı viran qoyur. O gündən bu şəhərin bərəkətli və münbit torpaqları gil altında qalır, heç bir cücərti və bitki əmələ gəlmir. Xançoban isə o zamanlar
yalnız Saran torpaqlarının məhsulu olan məşhur düyü növü imiş. Çay daşır, şəhər viranə qalır, münbit torpaqlar yerin altına qeybə çəkilir. O gündən sonra bu mahnı yaranır və xalq arasında yanıqlı oxunur…
Göründüyü kimi, bu əfsanənin tarixi daha qədimlərə gedib-çıxır.
Başqa bir rəvayətə görə, Arpaçayı coşub-daşıb qarşısına çıxanı ağzına alıb aparırmiş…Yenə belə vaxtların birində dağlarda yaşayan Xançobanın Aranda – Muğanda yaşayan nişanlısı Saranı çay ağzına alıb aparır. Xalq bu hadisəyə mahnı qoşur:
Gedin, deyin Xançobana,
Gəlməsin bu il Muğana.
Muğan batıb nahaq qana,
Apardı sellər Saranı,
Bir alagözlü balanı…
Bu rəvayətin başqa variantında isə deyilir ki, Muğanda gözəlliyi ilə seçilən Saraya oradan keçən şahin gözu düsür. Atasını cagırıb Saranı ondan istəyir. Ata qızının nişanlı olduğunu desə də, şah fikrindın daşınmır, qızı hərəmxanasına salmaq istəyir. Əlacsız ata da məcburən özünü razıymış kimi görsərir. Guya halallasmaq ucun qızına sarılır və ata dogma balasını dəli çaya atir… Ata nişanlı qızının başqasına yar olmasına razı olmur, sözünə dönük çıxıb namussuz yaşamaqdansa, qızının ölümünə üstünlük verir.
Düzdür, bu, rəvayətdir, amma cox ibrətlidir…
Bu rəvayətin başqa bir versiyasına görə isə Sara şahın hərəmxanasına düşməkdənsə, özünü Arpacaya atır. Qəzəblənmiş şah qızın atasını da çaya atdırır.
Xancoban – nisanlısı gələndə Sara onu mahnıları ilə qarsılamır. Hec kim bu dəhşətli xəbəri ona sözlə deyə bilmir. Yas məclisində bu sözləri qosub mahnı kimi oxuyurlar:
Arpacayı asdı, dasdı,
Sel Saranı aldı, qaçdı…
(Bu rəvayət əsasında İran kinematoqrafları bir bədii film də çəkiblər.)
Maraqlıdır ki, Ə. Cavadın “Səsli qız” poemasının qəhrəmanı, gözəl mahnılar oxiyan qız da Sara adlanır. İşğalçı şahın məclisində mahnı oxumağa məcbur edilmiş Sara öz nişanlısının qisasını almaq üçün zülmkar şahı zəhərləyir, özü ölsə də, ölkəsi qəsbkar şahın caynağından xilas olmuş olur…Kim bilir, bəlkə də, “Səsli qız” poemasının yaranmasında da bu rəvayətin müəyyən rolu olub…
Başqa bir fikrə görə isə bu mahnının Türkmənçay Sülh müqaviləsi ilə bağlı olaraq Nəbatinin – Xançobanın daha Muğana gələ bilməməsi ilə əlaqadar olaraq yaranmışdır.
Basar it hayana getdi, gəlmir fışdırıq sədasi,
Görən, nə olub Xançobana ki, bu il Muğanə gəlməz?
Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır. Bütün bunları nəzərə alsaq, bu əfsanənin də kökündə həqiqət dayandığını söyləyə bilərik.
Məlumdur ki, heca vəznində xalq poeziyası ruhunda yazdığı bəzi şeirlərində Nəbati “Xançobanı” təxəllüsündən də istifadə edib. Ehtimallara görə, XVIII əsrdə “Xançobanı” adlı bir şair də yaşamış və onun adıyla bağlı “Xançobanı və Sara” dastanı yaranmışdır. Nəbatinin həyatı bu dastanla səsləşir. Odur ki, adətən, Xançobanına aid edilən və bir mahnı kimi də xalq arasında çox məşhur olan “Apardı sellər Saranı” şerinin də müəllifi Nəbati sayılır.
Həmçinin Xançoban adı bizə XVII–XVIII əsrlərdə Şirvanda yaşamış bir elin adı kimi də məlumdur. Özlərini Xançobanlı adlandıran tayfanın şərəfinə yaradılmış “Xançobanı” rəqsi də həmin o elə xas ruhdadır. Təqribən XVIII əsrin sonlarında yaradılmış bu rəqs sürətli tempdə, qızgın tərzdə, son dərəcə cəld ahəngləşdirilmiş hərəkətlər düzümündə gedir. Onu yalnız kişilər oynayırlar.
Fikrimizi yekunlaşdıraraq sonda onu deyə bilərik ki, hər bir şifahi xalq ədəbiyyatı nümunəsi, o cümlədən, mahnılar xalqın tarixində baş vermiş hansısa bir mühüm, təsirli hadisənin əsasında yaranır. Bu əfsanə də ola bilər, mahnı da. Demək, hər bir əfsanənin kökündə həqiqət dayanır. Lakin bəzən onlar ağızdan-ağıza keçərək ilkin kökündən çox uzaq düşür, çoxvariantlılıq yaranır. Buna baxmayaraq, onların hər biri yarandığı dövrün həqiqətlərini özündə ehtiva edir, misralarında yaşadır. Odur ki, şifahi xalq ədəbiyyatı nümunələrinin hər biri özündə xalqın tarixinin bir hissəsini əks etdirdiyinə görə qiymətlidir. “Apardı sellər Saranı” mahnısının bu əfsanələrdən məhz hansının əsasında yaranmasını dəqiq söyləyə bilməsək də, bu əfsanələrdən hər birinin xalqın tarixində yaşanmış bu və ya digər hadisələri əks etdirdiyini söyləyə bilərik. Bu da bir tarixdir və cox ibrətamizdir. Bu əfsanə və rəvayətlərdən hər birinə nəzər salaraq bu qənaətə gələ bilərik ki, qədimdə Muğan düzündə şəhər olub və onun çayın altında qalma ehtimalı çox yüksəkdir. Demək, bu əfsanənın kökündə bir həqiqət gizlənib. Həmçinin o da bir həqiqətdir ki, keçmişdə şahlar elin, obanın gözəl qızlarını zorla öz hərəmxanalarına salırdılar. Doğrudan da, elin-obanın gözəl qızlarının seçilib hərəmxanalara salınması faktının və xalqımızın mentalitetində namusun hər şeydən üstün olduğunu nəzərə alsaq, ikinci versiyanın da ağlabatan olduğunu söyləyə bilərik.
1828-ci il Türkmənçay Sülh Müqaviləsindən sonra Arazın sərhəd olmasını, Güney Azərbaycan ilə Quzey Azərbaycanın əlaqəsinin kəsilməsini nəzərə alsaq, sonuncu versiyanın da əsasında həqiqət olduğunu danmaq olmaz.
Demək, heç kəs “ Apardı sellər Saranı” mahnısının bu əfsanələrdən hansının əsasında yarandığını dəqiq deyə bilməsə də, onu dəqiq deyə bilərik ki, bu əfsanələrin kökündə yaşanmış hadisə dayanır, bunlar bir tarixdir və bu cür mahnıları yaşatmaqla biz xalqımızın tarixini yaşatmış oluruq.