- Dil, Manşet

Gülyaz ƏLİYEVA. Biz nə istəyirdik, nə oldu?

Söz vaxtına çəkər, deyiblər. Düz bir il bundən əvvəl, elə bu vaxt,  may ayının 24-də FADMM əməkdaşlarının təşəbbüsü ilə  bir qrup ziyalı Prezidentə məktubla müraciət edərək ölkədə ədəbi dilin zənginləşməsi prosesini tənzimləyən ayırca quruma ehtiyac olduğunu bildirdi. Məktubda qeyd edilirdi ki, müvafiq sahələrdə çalışan ixtisaslı kadrların iştirakı ilə belə bir qurum yaradılarsa, Azərbaycan dilinin lüğət tərkibinin mahiyyətcə dolğunlaşması, inkişafı, zənginliklərinin qorunub saxlanması və müasirləşməyə uğurla uyğunlaşa bilməsi üçün çox gözəl imkanlar açıla bilər.

Bu müraciətin nəticəsi kimi məsələ ilə bağlı 3 iyul 2024 -cü ildə AMEA-nın Mərkəzi Kitabxanasında “Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr” adlı dəyirmi masa keçirildi. Həmin görüşdə FADMM-in sədr müavini kimi mən də iştirak edirdim. Dəvət edildiyimizə görə,

Söz yaradıcılığı qurumunun yaradılması ilə bağlı Prezidentə müraciətimizi xatırladacaqlarına və bizə də məsələ ilə bağlı söz veriləcəyinə ümidli idik. Lakin bizə söz verilmədi, qaldırılan problemdən bəhs edilmədi və o iştirakçılara söz verildi ki, onların  çoxu neçə illərdir dediklərini təkrar etdi,  hətta bəziləri yazılanı kağızdan oxudular, problemin həlli yollarından çox,  Azərbaycan ədəbi dilindən istifadədəki uğurlardan danışdılar. Uğurlardan, problemlərdən və vəzifələrdən danışanda Filoloji  Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin adını belə çəkmədilər, onun təşəbbüsü ilə qaldırılan məsələnin üstünə gəlmədilər. Sovet dövrünün partiya iclası üslubunda bir yığıncaq idi, yalnız özləri deyib, özləri də dediklərini təsdiq etmək, digərlərini də onları dinləmək üçün dəvət etmişdilər. Təkidlə danışmaq üçün söz istəyənlərə isə sanki yangından mal qaçırırlarmış kimi: “Tez ol, 5 dəqiqədən artlq olmasın”, –deyərək tez-tez sözünü kəsir, fikrini doğru-düzgün ifadə etməyə imkan vermirdilər.

Əslində o tədbirə gedərkən nəsə ciddi olmasa da, bir nəticə gozləyirdim…Amma üstündən 1 il keçdikdən sonra mən bunun da əməl, iş görmək üçün deyil,  xala xətrin qalmasın, ictimaiyyətin  gözünə kül üfürmək üçün keçirilən bir tədbir olduğu qənaətinə gəldim…

Nə gözləyirdik, nə oldu? Qloballaşmanın, elmi-texniki tərəqqinin sürətli gedişatının dilə yeni sözlərin gəlməsini tələb etdiyi bir dövrdə dilimizə labüd olaraq daxil olan yeni terminlərin qarşılığının yaradılması dərdindəydik. Dilçi alimlərimizdən dilin yenilənməsi prosesini nəzarətdə saxlamağı, yeni terminlərin öz dilimizdə qarşılığını yaratmağı umurduq. Nə oldu?

Əvəzində tanınmış dilçi alim, akademikdən  qeyri-rəsmi danışıqda istifadə olunan rus sözlərinin (“vopşe”, “tak çto”, “znaçit” və s.) dilin leksikonuna daxil edilməsinin mümkünlüyü təklifini eşitdik…Necə deyərlər, dərdimizə dəva gözləyirdik, əvəzində dəvə gətirdilər…