- Köşə

Gülyaz ƏLİYEVA. Bu səhər

Bu səhər, nədənsə, tutqun hava kimiyəm. Qara buludlu, yağmurdan əvvəlki tutqun bir hava kimi … Bir payız, son bahar havası kimi…Bu səhər…
Bu səhər qara bulud kimiyəm. Ani bir küləkdən boşalacaq, sakit-sakit, amma yağışı  uzun zaman bitməyəcək bir bir qara bulud kimi…
Bu səhər başını duman almış, çiskinli bir dağ kimiyəm… Üstünün yığnağı dağılmış, qəribsəmiş bir dağ kimi…
Bir az incik, bir az nisgilli, bir az ürəyiqırıq dağ kimi…
Bu səhər yuvası dağıdılmış bir quş kimiyəm. Yem dalınca getmiş, uzun, yoruçu bir uçuşdan sonra ağzına yem alıb qayıdan və yuvasını dağılmış görən bir qumru kimi… Gördüyü mənzərənin dəhşətindən ağzındakı yemi atıb,  ağac budaqlarına çırpılan və şappıltı ilə yerə düşən bir qumru quşu kimi…
Bu səhər ümidi üzülmüş, dağılmış saçlarını du arxına sallayaraq əsən küləklərin yarpaqlarını çöllərə dağıtdığı tənha bir salxım söyüd ağacı kimiyəm… Bu səhər ovqatım çox təlxdir…
Bu səhər  yuxudan ayılanda gördüyüm yuxunun heç bitməməsini, səhərin heç açılmamasını istədim ilk dəfə …O yuxu, o şirin yuxu sənli idi…
Sən yenə yanımda idin, yenə gülümsəyirdin, yenə həyat dolu, nəşə dolu, arzularından, gələcək planlarından danışırdın…
Yenə mən sənə nəfəsçəkmədən qulaq asırdım… Gözlərimi qırpmağa qorxurdum, qorxurdum ki, gözümü qırparam və səni görmərəm birdən, az görərəm …
Səni gözlərimin içinə yığmağa çalışırdım…
Çünki yuxuda belə təlaşlı idim, çünki yuxuda belə bunun yuxu olduğunu bilirdim… doya-doya sevinə bilmirdim… Sevincimdə belə bir boynubüküklük, bir bənövşə qoxusu vardı…
Bu səhər sən yuxuma gəlmişdin, uzun ayrılıqdan sonra…
Çox xoşbəxt idim…
Bu səhər …