- Köşə

Gülyaz ƏLİYEVA. Milli  dəyər…

“Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, o millət özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir.”
Üzeyir Hacıbəyov.

18 sentyabr bu sözlərin müəllifi olan  Üzeyir Hacıbəylinin doğum günüdür. Bu gün həm də  Milli Musiqi Günüdür. Dahi Üzeyir bəy xalqın öz musiqisini itib-batmaqdan qoruyub,  toplayıb, cilalayıb, onun əmanətinə xəyanət etmədən  özünə qaytaran,  yaddaşlarda qalan böyük sənətkardr…
Elə sənətkarlar var ki, “Azəraycan” deyiləndə  gözlərimiz qarşısına məhz o simalar gəlir. Azərbaycanı onlarsız təsəvvür edə bilmirsən. Belə simalardan  biri də
Üzeyir Hacıbəylidir —Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazdırmış Üzeyir bəy…
Harada ana dilimdə danışılır, “Kitabi-Dədə Qorqud”, Füzuli oxunur,  “Koroğlu” üverturası  səslənirsə,  demək, ora Vətənimdir. Belə çıxır ki, Üzeyir musiqisi də Vətənin bir parçası, onun rəmzlərindən biridir.
Ü.Hacıbəyli xalqın təkcə  musiqisinə deyil, onun ruhuna, dilinə,  ağrı-acısına, mənşəyinə, məişətinə   dərindən bələd olan biri idi. O, qədim Şərqdə ilk milli bəstəkarlar nəslinin əsasını qoymuşdur. Dahi bəstəkarın “Leyli və Məcnun”u, “Koroğlu”su, “Şeyx Sənan”, “Rüstəm və Söhrab”ı, “Şah Abbas və Xurşudbanu”su, “Əsli və Kərəm”i, “O olmasın bu olsun”u, “Arşın mal alan”ı Azərbayan xalq musiqisinin həm mənşəyi, həm də zirvəsini əks etdirən operalardır. Onun əsərləri həm keçmişi, həm də yaşadığı dövrü çox reallıqla  əks etdirir. Füzuli ədəbi məktəbinin layiqli davamçısı olan S.Ə.Şirvani “Guş qıl…” müxəmməsindəki əsl  musiqi haqqındakı fikirlərini sanki dahi bəstəkarın əsərləri üçün demişdir.   Üzeyir Hacəbıyli musiqisini dinləyən, S.Ə.Şirvaninin dediyi kimi:
“Ləhni-Davudi ilə könlünü xürrəm qılır, ərş baminə,  nəğməni  sülləm tutur, qal əhli olmayıb,  qəmdən özünü əbkəm qılır, elmü ədəb feyzin kəsb edərək, musiqiyü müsiqar nə olduğunu fəhm ilə görür”.

Ü.Hacıbəyli komediyalarında  hətta konflikt yaradanda da, çox zaman əsas sürətləri komik hadisə və əhvalatlara bağlayırdı.  Gərgin iztirabların sonunu  böyük şadlıqla nəticələndirirdi. Bunu  dahi bəstəkarın  “O olmasın, bu olsun”, “Arşın mal alan” əsrlərində daha aydın görə bilərik.
Odur ki, Üzeyir musiqisini dinləyən “özünü  ehya qılıb, ziri-qəm olmur,  nəğmeyi-zilü bəmi eşidir, dəhri-müxalif qəmini çəkmir. Şurə gəlib, nəğmə ilə dünyanın qəminə  həsar çəkir”
Çünki bu musuqini guş qılan onun təsiri ilə  “əhli-bəsər”,  olur.

Üzeyir Hacıbəyli, Azərbaycan musiqisinin əsasını qoymasa belə, yenə də  adını tarixə yazdırmış bir şəxs olaraq qalacaqdı –  Vətənini, dilini sevən jurnalist, dramaturq kimi, xalqını irəli aparmağa çalışan  vətənpərvər kimi. Onun yazdıqları sadədir, amma dərin məna daşıyır. Fərqinə vardıqca görürsən ki, əksəriyyəti zərb-məsələ çevrilmiş bu ifadələri hər dəfə eşitdikcə onlarda yenə nəsə bir yeni məna tapırsan. Bu sətirləri yazdıqca yazıçı
Elçinin  böyük sənətkar haqqında söylədiyi sözləri xatırlayıram: “Üzeyir bəyi oxuyursan, onu dinləyirsən, on dəfə oxuyursan, dialoqları əzbər bilirsən, yüz dəfə dinləyirsən, melodiyalar hafizənə həkk olub qalır, lakin bu qədər tanış yaradıcılığının özündə səni hər dəfə yeni-yeni kəşflər gözləyir”.
Doğrudan da,  bu belədir. Zənnimcə, elə bir azərbaycanlı yoxdur ki, Üzeyir bəyin musiqili kinokomediyalarını dəfələrlə seyr etsə də, hər dəfə ona birinci dəfə baxırmış kimi maraqla baxmamış olsun.  Üzeyir bəyin musiqisi bizə “naleyi-ney” in nə olduğunu   “nəğmeyi-tarı agah” edir. Məşhur “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının hər kəlməsi bu gün də  xalq arasında zərb-məsəl kimi işlənir. Məsələn: “Mənim bir eybim var, o da eyibsizliyimdir” , “Mənə deyən gərək, heç hənanın yeridir?”O olmasın, bu olsun”, “Mən saçıma həna qoydum, qoymadım, həmişə qapqara şəvə kimidir”. “Məşədi, hamının pulun verdin, bəs mənim bir abbasım?” “Ey, sən kimsən? Bəs sən kimsən?” “Vaxsey, qızın iki adaxlısı varmış ki…”  ” Belə qoysam, elə bilər, Şamaxı lotusuyam, qız məndən hürkər, belə qoysam, elə bilər, Qarabağın pambıq bəylərindənəm, qızın məndən lap zəhləsi gedər, ….yaxşısı budur, heç qoymayım, elə bilsin, obrozovonskiyəm”. “Üç manat pul, bir kəllə qənd, vəssəlam-şüttəmam”. “Mənim dəllal-məllala işim olmaz.” “Babalı Sərvərin boynuna”. “Mənə meymun dediyi bəs deyil, hələ bir əl də verir”. “Mürtəd oğlu mürtədi yıxasan yerə, ağzına-ağzına döyəsən” və s.
Əlbəttə, bu siyahını uzatdlqca uzatmaq olar…

Ü. Hacıbəyli komediyalarının bu qədər populyar və uzunömürlü olması, hafizələrdən silinməməsi, oxucu və tamaşaçısını daim güldürən və düşündürən olması,  Məşədi İbad demiş,  onun müəllifinin  dahilərə məxsus böyük istedad sahibi olmasına dəlalət edir. Hər şeydən görünür ki, müəllif mənsub olduğu xalqın dilinə, şifahi və yazılı ədəbiyyatına, psixoligiyasına, musiqisinə dərindən bələddir,  incə yumor və müşahidə qabiliyyətinə malikdir.

Ü. Hacıbəyov hərtərəfli şəxsiyyət idi. O, istedadlı bəstəkar olmaqla yanaşı, həm də dramaturq və bir jurnalist idi. Hələ operalarını yazdığı illərdə jurnalist kimi də fəaliyyət göstərərək tanınırdı. Müxtəlif illərdə  “Həyat”  “Irşad”,  “Tərəqqi”,  “Həqiqət”,  “Iqbal” qəzetində tərcüməçi, felyetonçu, 1915-1916-cı ildə isə “Yeni Iqbal” qəzetində redaktor işləmişdir. O, yazıçı-jurnalist kimi fəaliyyət göstərəndə  yazdıqlarını xalq üçün nəzərdə tutur, müasirlərinin çoxundan fərqli olaraq xalqın anlayacağı bir dildə yazırdı.

Üzeyir bəy həm də hər zaman xalqın taleyini düşünən cəsarətli  bir  jurnalist idi: məqalələrində daim xalq adından çıxış edir, felyetonlarında xalqın düşmənlərini və çar üsul-idarəsini ifşa etməklə mollanəsrəddinçilərin,  musiqi və dramaturji fəaliyyəti ilə M.F.Axundov və C.Məmmədquluzadənin demokratik və realist yaradıcılıq yolunu məharətlə davam elətdirirdi. O, təpədən dırnağa –bütün fəaliyyəti ilə xalqa xidmət edirdi. Xalq da onu unutmadı.
Dahi Üzeyir Hacıbəyli bütün yaradıcılığı ilə  xalqımızın dəyərlərindən biridir. Nə yaxşı ki bu gün  bu dəyəri yetirən musiqi beşiyi  öz doğma Şuşasını əsarətdən qurtardıq.