Bu gün söhbət açacağım mövzu məni daim düşündürən, narahat edən mövzudur…
Gürcülərə bir millət kimi çox böyük hörmətim var. Bilirsiniz niyə? Çünki hələ Sovet dövründən onların millət, dil, milli-mənəviyyat, kimliklərini hər yerdə, fürsət düşən kimi təbliğ etmələri, sevdirmələri, sübut etmə cəhdləri diqqətimi cəlb edib. Özləri özlərinə həmişə hörmət qoyublar. Öz əlifbalarına da, dillərinə də, milli xüsusiyyətlərinə də. Hətta qısametrajlı filmləri belə onların məhz gürcü olduqlarını göstərir.
Uşaq vaxtı televiziyada bir gürcü filminə baxmışdım: adı “Küp” idi Adi qısametrajlı bir film idi. Di gəl ki, bu qısametrajlı filmlə onlar millətini, ölkəsinin təbiətini, dilini, mahnılarını necə tanıdır, necə sevdirirdilər. Elə də xərc tələb etməyən bir film gürcüləri olduğu kimi ifadə edirdi. Gürcü dilini bilməsəm də, o filmdə oxunan mahnını əzbər bilirdim.
Həsəd aparılmalı bir haldlr. Kiməsə xoş gəlmə cəhdləri olmadan, adi gürcü həyatının, məişətinin əksi olan bir film bizə gürcüləri olduğu kimi tanıdır və sevdurirdi.
Ataların belə bir məsəli var: “Zorla məhəbbət olmaz”. Birinə çox: “sev sev”, – desən, adam sevməz, əksinə, şübhəyə düşər: “Niyə sevim ki? – deyə. Sevmək üçün öncə sevəcəyin hər kimdirsə, nədirsə, onu yaxşı tanımalısan, bələd olmalısan ki, vurulasan. Ya nağıllarda deyildiyi kimi: “Bir könüldən min könülə”, ya da sadəcə. İstər bu, qız və ya oğlana, istərsə də millətə, dilə, Vətənə aid olsun, fərqi yoxdur. “Vətəni, dili sev”, – deməklə sevilməz. Onları əvvəlcə yaxşıca tanıtmaq, fərqli üsul və yollarla təbliğ etmək lazımdır. Bəs biz bunu yetərincə edirikmi? Vətənimizin, dilimizin gözəlliyini nəinki başqalarına, öz uşaqlarımıza, gənclərimizə olduğu kimi tanıdırıqmı? Hanı televiziyalarda ana dilinə aid maraqlı, əyləncəli, öyrədici verilişlər? Hanı uşaqlarımız üçün ana dilimizdə özümüzü tanıdan cizgi filmləri? Məgər mövzu yoxdur? Klassik uşaq əsərlərini cizgi filmi etmək olmazmı? “Kitabi-Dədə Qorqud”un motivləri əsasında gözəl cizgi filmləri çəkmək olmazmı? Dili uşaqlara körpəlikdən ancaq bu yolla sevdirmək olar. Uşaq gözün açandan televiziyada onu cəlb edən, maraqlandıran uşaq verilişlərini ya türkcə görüb eşidir, ya rusca. Sən dilinin gözəlliyini göstərmək üçün ən azından bədii əsərlər, kinolar təqdim et, Vətəni, ölkəni doğru-düzgün, olduğu kimi tanıt, qalanı ilə işin yoxdur. Özləri sevəcəklər…
Uşaq vaxtı X.Andersenin “Noxud üstə yatan şahzadə qız” nağılı əsasında çəkilmiş bədii filmə baxmışdım. Məzmun belə idi ki,
şahzadə oğlan özünə adaxlı axtarır. Amma o əsl şahzadə olmalıdır. Əsl şahzadəni tapmaq isə elə də asan deyil. Şahzadə qız çoxdur, amma onların, doğrudan da, əsl şahzadə qız olub-olmadığını müəyyən etmək çətindir. Oğlan gördüyü şahzadələrin hərəsində bir eyib tapılırdı…
Bir axşam hava dəyişir: göy guruldayır, ildırım çaxır, bərk yağış yağmağa başlayır.
Birdən kimsə sarayın darvazasını döyür. Qoca kral qapının ağzında olduğundan özü qapını açır.
Qapıda gözəl bir qız durmuşdu. Yağış onu təpədən dırnağadək islatmışdı. Su saçlarından və paltarından süzülürdü. Onu içəri dəvət edirlər.
Xidmətçilər qızdan kim olduğunu suruşurlar:
– Sən kimsən?
– Əsl şahzadə.
Xidmətçilər bu qızın sözlərinə əhəmiyyət vermirlər. Saraya yenicə gələn qız az zamanda hamını ovsunlayır: gözəlliyi, ədəb-ərkanı, təvəzökarlığı ilə. Saray adət-ənənələrini, qayda-qanunlarını gözəl bilməsi, onlara ustalıqla riayət etməsi adamları heyrətə salsa da, bu cür sadə və təvazökar qızın əsl şahzadə olmasına heç kim inanmır.
Əsl şahzadə adaxlı tapmaq üçün səyahətə çıxıb bütün dünyanı gəzib-dolaşsa da, istədiyini tapa bilməyən kralın yeganə oğlu bu zaman kor-peşman halda evə qayıdır və qəm dəryasına batır…
Evlərindəki bu səmimi, çox gözəl, ürəyəyatımlı qızı kral ailəsi üzvlərinin hamısı, hətta xidmətçilər də bəyənmiş, sevmişdi. Lakin onu adi bir qız sanırdılar. Heç kimliyi ilə maraqlanmamışdılar. Qızın davranışları, saray adətlərinə bələdliyi onları şübhəyə salır. Xidmətçilər kraliçaya qızın şahzadə olduğunu söylədiyini deyirlər. Kraliça qızın davranışlarından onun şahzadə olmasından şübhələnmişdi. Amma bunu sübut etmək lazım idi.
Birdən onun ağlına qədim bir üsul gəlir. Bunu yoxlamaq olar.
Tez qıza àyrıca yatacaq yer düzəldirlər.
On iki pərqu döşək, döşəklərin də üstündən on iki yorğan salınır. Döşəklərin altına bir noxud dənəsi qoyurlar. Şahzadə qızı bu çarpayıda yatırtdırlar.
Səhər qızın gözlərini qızarmış, özünün çox yorğun, sanki yatmamış olduğunu görürlər. Ondan necə yatdığını soruşurduqda bu təvazökar qız:
– Çox sağ olun, yaxşı yatmışam, – deyir.
Cavab onları qane etmir. Odur ki, yenə təkidlə soruşurlar:
– Axı sən çox narahat görünürsən. Gecə pis yatmısan?
Qız yenə təvazökarlıqla:
– Xeyr, yaxşı yatmışam, təşəkkür edirəm, – deyir.
– Axı gözlərin qızarıb, – deyə ondan əl çəkmdiklərini görəndə qız utana-utana söyləyir:
– Çox pis yatmışam. Demək olar, səhərəcən gözümü yummamışam. Bircə Allah bilir, yorğan-döşəyimə nə düşmüşdü. Çox bərk bir şeyin üstündə uzanmışdım.
Bu zaman hamı başa düşür ki, bu qız, doğrudan da, əsl şahzadə imiş. Axı o, noxud dənəsini on iki pərqu döşək və on iki yorğan üstündə uzanaraq hiss etmişdi. Ancaq əsl şahzadə qız belə zərif ola bilərdi…
Şahzadənin ailəsi və şahzadə oğlan əsl şahzadəni evdə qoyub kənara gedib şahzadə axtardıqlarına görə çox peşman olurlar… O şahzadəni evdə görə biləcək gözlər lazımmış, sən demə. Bunu qoca kral və kraliça sezmişdi.
İndi özümüzün gözəl ana dilimizi qoyub yad dillərdə övladlarımıza təhsil verib onları bu xalqdan kənar salmayaq!
Ən gözəl dili gedib kənarda axtarmayaq, başqalarını yamsılamayaq. Ən gözəl dil elə yanımızdadır. Ona diqqət etmək, onu tanımaq, onu yaxşı öyrənmək və bələd olmaq lazımdır. Bu dil elə bizim ana dilimiz – Azərbaycan dilidir!