- Köşə

Gülyaz ƏLİYEVA. Qaragilə…

Xalq mahnılarımızı çox sevirəm. Elə mahnılar var ki, sanki  xalq öz ağrısını, acısını o mahnının arasına büküb, həsrətini, nisgilini çatdırmağa, zaman,  vaxt dağlarından o taya adlatmağa çalışıb.  Bu mahnılarda həsrət də var, yanğı da, nisgil də, sevgi də …

Xalq mahnılarımızın, demək olar, hamısını bilirəm. Sözlərini də, musiqisini də. Qarabağlı olasan, səsin olmaya, musiqi duyumun olmaya? Bu, mümkün deyil. Hələ ola ki, yeddiillik musiqi təhsili alasan. Üstəlik yurdundan didərgin düşəsən. O müqəddəs kədəri, nisgili  ağrı-acını özün yaşayasan, ürəyinin süzgəcindən keçirəsən… Kədər-qəm, həsrət, nisgil qədər insanı arındıran, təmizləyən, müdrikləşdirən heç nə ola bilməz, məncə. M.Füzuli kədəri, M.V.Vidadi qəm-qüssəsi ədəbiyyatımızda məşhurdur…

Kədər insanı oxuda da bilər, ağlada da. Hərdən qəmgin olanda, zorla çıxarııdığımız, daşı-daş üstündə qalmamış evimizdən, dağıdılmış, həyətimizdən, viranə qalmış bağ-bağçamızdan, ayrı düşdüyüm qonşularımızdan, itirilmiş uşaqlığımdan, perikmiş gəncliyimdən ötrü  burnumun ucu göynəyəndə özüm üçün zümzümə  edirəm… Gözlərim önündən yaşanmış o ağrılı-acılı illər, M.Şəhriyar demiş,  “bir sinema pərdəsi” kimi gəlib-keçir, deyirəm:

Bir gəzeydim dağ-dərələr uzunu,
Oxuyüydim, “Çoban, qaytar quzunu”…

Bunları düşündükcə mahnıların sözləri ürəyimi dəlib-keçir… Belə məqamlarda ən çox sevdiyim mahnılardan biri də “Qaragilə”dir. Bu mahnıya  heç cür laqeyd qala bilmirəm, həyəcansız nə  dinləyə,  nə  oxuya  bilirəm. Nisgil, qubar, həsrət, yanğı, çarəsizlik… nələr yoxdur bu mahnıda?!  Bu, sadəcə bir məhəbbət mahnısı deyil. Parçalanmış, mahallara, vilayətlərə bölünmüş torpağımın, el-obamın,  yurdumun harayı, nisgili var bu mahnıda…

Dərbənd aralı,
Könlüm yaralı,
Bir yar sevmişəm,
Qaragilə,
Ellər maralı…

Bu harayda ayrı düşmüş ellərimizin,  dədələrimizin, nənələrimizin,  atalarımızın, analarımızın nisgili, qubarı, hıçqırtısı var…

Yar sevmişəm, gözəldir, ellər maralıdır, amma hansı ellərin? Didərgin düşmüş, yüz yerə ayrılmış, parçalanmış, həsrətli,  bir-birindən bixəbər ellərin… Bir ucu Dərbənd, bir ucu Təbriz…

Bu mahnını dinlədikdə sanki heç vaxt görmədiyim Təbrizin dolanbac küçələrini dolaşıram, ağac olub yolda dururam,  sevdiklərimə dayaq oluram, yandırıcı günəşdən qoruyur, üstlərinə kölgə salıram, yatanları qəflət yuxusundan oyatmağa, dərdlərimizi dinlətməyə, danışıb çarə tapmağa çalışıram…

Gəlmişəm otağına,
Oyadam səni, Qaragilə,
Oyadam səni…

Oyan, Qaragiləm, oyan. Oyan ki gözünün yaşını siləsən, daha bəsdir, ağladın, gəlmişəm ki, oyanasan və daha ağlamayasan…

Oyan, Qaragiləm, oyan!

Oyan…