Gülyaz ƏLİYEVA. Televiziyanın müasir Dina və Zavırları
Zaur adını eşidəndə qonşumuz Fatmanisə nənənin “Zavır” deyə çağırdığı nəvəsi yadıma düşür istər-istəməz. Elə ki günorta olurdu, azandan qabaq Fatmanisə nənənin türmədə yatan oğlunun üstünə tökdüyü külfətinin yeganə oğlan nəvəsi olduğu üçün üstündə əsim-əsim əsib ərköyün böyütdüyü və günorta yeməyi vaxtı yanğınsöndürən maşın harayı ilə:
— Zavır, ay Zavııııır! Haradasan, gəl danaaaa?! Gəlllll! Pomidorları qızardıb üstünə yumurta vurmuşam, gəl yeməyini yeeee!— deyə çağırdığı Zaur yadıma düşür. Hər günorta Zavırın hesabına hamı onların evində nə bişdiyindən xəbərdar olurdu. Zaurun Dürdanə adlı bacısı da var idi. Adına Dina deyirdilər. O da oğlansayaq bir qız idi. Ağzında saqqız bütün gün qardaşı ilə küçıləri gəzir, evə yığışmırdı. Gecənin istənilən bir vaxtı da bu çağırışı “yeməyini ye” kimi yox, “evə gəl” siqnalı kimi eşidə bilərdin.
Hərdən qarı Dürdanəni də eyni səs tonu ilə çağırıb:
— Dinaaaa, Zavırı görməmisən? Görsən, deynən, gəlib zəkkumlansın danaaaa, işim-gücüm var, lobyanı qaynadıb düyüyə qatıb süzmüşəm, lobyalı aş dəmdədir, deynən tez gəlsin,– deyərdi. O səs, o danışıq hələ də qulaqlarmda səslənir…
Odur ki Zaur adı eşidən kimi yadıma həmin o Zavır düşür, onun Dina adlı bacısı düşür… Hər ikisi çox nadinc idi, sındırmadıqları şüşə, salba atmadıqları ağac, döyüb qaçmadıqları darvaza, hürdürmədikləri it qalmamışdı… Şüşə butılkaları sındırıb yola tökürdülır ki, keçəndə maşınların təkəri partlasın. Bir dəfə siçovulun üstünə neft töküb od vurmuşdular. Siçovul da qaçıb evə girmişdi. Evləri yandı… Öz əməlləri öz başlarında çatladı. Adları gələndə etdikləri yaramazlıqları xatirələrimdə canlanır… Nəysə… mətləbdən çox uzaq düşdüm, deyəsən…
Bilmirəm ad qəhətliyidir, ya mütləq aparıcı olmaq üçün adın mütləq Zavır, pardon, Zaur olmalıymış, nədir? Televiziyanı açanda az qala hansı verilişə baxırsan, aparıcısının adı Zaurdur. Kütlə arasında dörd bərkgedən veriliş var, üçünün aparıcısının adı Zaurdur deyə, heç o Zavırı mənə unutdurmurlar, sağ olmuşlar…
Açırsan televizoru, təsadüfən bir Zavırın şaqqanağı adamı diksindirir, eyhamlı baxışları, tənəli sözləri ilə adamı heyran qoyan bu Zaurun soyadı Baxşəliyevdir. Bundan diksinib keçirsən bir başqa verilişə baxmağa, başqa bir Zavırın şahidi olursan. Pah! Bu Zavır da nə Zavır! Neçə illərdir sualları tamaşaçıları heyran qoyur. Vurğusunun yerini düz qoymadığı:
— Hardansan?— sualı ilə…Kamaldır başdan-ayağa… Gör nə səviyyədə verilişdir ki, neçə qonaq sualların sambalının ağırlığına dözməyib verilişdən yarımçıq çıxıb gedib…
— Hirdalan haradır, ağız?
Bu biri, Fatmanisə nənə demiş, Zavırdan danışım…. baxırsan lay divar kimi boy-buxun, qaş-göz, saqqal-bığ… Qonaq çağırdığı müğənnilərə sual verir:
— Əriyin 1-ci arvadı ilə münasibətiniz necədir? Dalaşmısınızmı heç? Ərin sənə yaxşı baxırmı? Xərclik verirmi?
— Hansı qayınanana qulluq etmisən, 5-ci, ya 6-cıya?
— Özünün, yox e, paltarının qiyməti neçədir?
— Az pula toya gedərsən?
— Yarım saata neçə alırsan? 60 min? Az deyil? Fikankəs şou-biznesə dünən gəlib, 10 dəqiqəyə 100 min alır…Eyib deyilmi sənin üçün?!…
Hələ sizə Dinadan, pardon, yenə çaşdım, Xoşqədəmdən danışım. Nahidə adlı birini gətirib verilişə. Aylardır, bir gözəl veriliş aparırlar, bir gözəl veriliş aiarırlar, gəl görəsən. Demə ta… Bilmirsən canlı verilişdir, ya türk serialıdır. O gün də verilişdə Nahidənin xətrinə necə dəydilərsə, qız dilini belə çaşdırdı. Titrək, ürək dağlayan səslə:
— Artık kalbimi kırıyorsunuz, Hoşqedem hanum — deyibən göz yaşlarına qərq olaraq verilişi tərk etdi. Divara söykənib “Çalıquşu” serialının möhtəşəm musiqisi altında göz yaşlarını dəsmal olmadığından əlinin arxası ilə sildikcə adamın kalbinin… yox e, pardon, qəlbinin başı şan-şan olurdu. Harada, kimdə belə veriliş var?!
Bax belə gözəl səviyyəli verilişləri, aktual müzakirələri qoyub camaat niyə başqa kanallara baxır, anlamıram da, vAllah…