Günəş hərarətinin qızındırmadığı soyuq yağışlı gün necə də sıxıntılıdır! Amma buludların arxasından Günəş boylananda necə də sevinirik. İnsanlar Yerdə həyat üçün Günəşin əhəmiyyətini hələ qədim dövrlərdən başa düşüblər. Qədim insanlar Günəşi qüdrətli varlıq kimi qəbul ediblər. Onların fikrincə, həyatı Günəş idarə edir: Günəş olmasaydı, nə bitki, nə heyvanat aləmi, nə də insan olardı.
Min illərlə bundan əvvəl insanlar dan yeri söküləndə Günəşi qarsalayıblar. Günəş çıxır, gündüz saatlarında səmadakı yolunu başa vurub qürub edir. İnsanlar bunun nə üçün baş verdiyini bilmirdilər. Ona görə də müxtəlif əfsanələr yaradırdılar.
Qədim yunanların fikrincə, dünyanı Olimp dağında yaşayan allahlar idarə edir. Şüasaçan Helios baş allah Zevsin oğludur. Yunan dilindən tərcümədə Helios Günəş deməkdir. Yunanlar Heliosu qızıl dəbilqədə, yel qanadlı atlar qoşulmuş qızıl cəng arabasında təsvir edirdilər. O, hər gün səhər büllur göy qübbəsi ilə Şərqdən Qərbə doğru irəliləyir, gündüz yolunu başa vurandan sonra cəng arabasından düşüb qızıl qayığa oturur, dənizdə qayıqla gündoğan tərəfə üzür. Yunanlar Günəşin hərəkətini belə izah edirdilər.
Qədim insanlar səmada nə görürdülərsə, özlərinə bənzədir, insan bədəninin əzaları ilə müqayisə edirdilər. Məsələn, qədim Afrika sakinləri hesab edirdilər ki, Günəş insandır, onun qoltuqlarının altından işıq saçır. O, qolunu qaldıranda, hər tərəf işıqlanır, gün başlayır, qolunu aşağı salıb yatanda gecə başlayır, qaranlıq çökür. Qədim çinlilər düşünürdülər ki, Kainat nəhəngin bədənidir. O, Göy Yerdən aralanana qədər az qala 17 min il böyüyüb. Nəhəng öləndə, onun sol gözü Günəşə, sağ gözü Aya, səsi isə göy gurultusuna çevrilib.
Qədim avstraliyalılar hesab edirdilər ki, Günəş gözəl qızdır. O, ağacla göyə dırmaşıb! Onun gözəlliyi və xeyirxahlığı insanlara hərarət və işıq bəxş edib. Slavyanlar Günəş allahına ibadət edir, onu Dajd, yaxud Yarilo adlandırırdılar. Knyazlar öz hakimiyyətini möhkəmləndirmək, özlərini tərifləmək üçün insanları inandırmağa çalışırdılar ki, onlar Günəş allahının nəsilləridir.
Qədim Azərbaycanın əhalisi minilliklər boyu, hələ zərdüştilik dövründən Günəşə sitayiş ediblər. Bunu əfsanələr, rəvayətlər, miflər, çoxsaylı ayinlər, ənənələr, habelə maddi mədəniyyət abidələri təsdiq edir.
Novruz bayramı ilə bağlı adət-ənənələrin bilavasitə Günəş kultuna aidiyyəti var. Belə ayinlərdən biri “danatma” – Günəşi salamlamaq ayinidir. Xüsusi tonqalın dövrəsinə toplaşan insanlar Günəşin doğuşunu gözləyirdilər. Günəş çıxanda “Qodu xan” mahnısı oxuyur, tonqal ətrafında yallı gedirdilər. Sonra tonqaldan kömür götürüb öz ocaqlarını qalamaq üçün evlərinə tələsirdilər.
Günəş haqqında miflərin çox qədim tarixi var. Onların kökləri lap qədim dövrlərə gedib çıxır. Qobustanda, Xocalıda, Ağdam rayonu ərazisindəki Govurqalada, Qazax rayonu ərazisindəki Eşşəktəpədə, Şamaxı rayonunun Meysəri, Kuşi kəndlərində, Altıağacda, Abşeronda qayaüstü rəsmlər bunu təsdiq edir. Azərbaycanın mifoloji mətnlərinin birində deyilir: “Cavan Ay Günəş qıza vurulur. Lakin Günəş həmişə ondan qaçır. Günəş yenə də qaçıb Aydan gizlənmək istəyir, amma bacarmır. Onda əyilib yerdən bir parça gil götürüb Ayın üzünə çırpır. O vaxtdan Ayın üzündə ləkələr görünür”.
Bu əfsanələr kiməsə sadəlövh görünə bilər, lakin onların hər birində təbiətin müəmmalı hadisələrini izah etmək cəhdi var. İnsanlar Günəş, ulduzlar və planetlər barədə elmi məlumatlar alana qədər çox illər keçib.
portal.azertag.az