“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” (FADMM) 2021-ci ildən etibarən xaricdə yaşayan soydaşlarımızla da əlaqələr qurur, Kanada, Hollandiya, İsveç, Latviya, Macarıstan, Rusiya və digər ölkələrdə yaşayan soydaşlarımızın ana dilindən istifadə, onun tədrisi və təşviqi istiqamətində imkanlarını öyrənir, prolemlərinin həllinə çalışır. Bu, FADMM-in bütün dünya azərbaycanlılarını vahid ədəbi dil, leksika, qrammatika, orfoqrafiya… ətrafında birləşdirmək səylərinin bir hissəsidir. Kamilinfo.net Dünya Azərbaycanlılarnın Həmrəylik Günü və Yeni il öncəsi müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın ürək sözlərini dəyərəli oxucuları ilə bölüşməyi özünə borc bilir.
Əvvəlcə, bizimlə daim sıx əlaqə saxladığınız, problemlərimizlə maraqlandığınız və işıqlandırdığınız üçün, saytınızın rəhbərliyinə və işçilərinə dərin təşəkkürümüzü bildiririk. Düşünürəm ki, harada yaşamağından asılı olmayaraq, hər bir insanın vətən qarşısında borcu vardır və o, təkcə gündəlik işləri, ailə, məişət məsələlərinin həlli ilə məhdudlaşmamalı, daha böyük amal uğrunda çalışmalı və heç kim bu yolda bacardığını əsirgəməməlidir! Ana dilimizin xaricdə tədrisindəki nöqsan və çatışmazlığa gəldikdə isə, qeyd etmək istərdim ki, kurslarda istifadə etdiyimiz materialların keyfiyyəti bəzən bizi qane etmir, çünki bəzi kitablarda ardıcıllığın pozulması, sistemliliyin olmamasından başqa bəzi kobud, böyük təəssüf doğuran səhvlərə yol verilir. Buna görə də, standartlara uyğun, daha müasir üsullardan istifadə edərək dərs vəsaitlərini özüm hazırlamağa qərar verdim. Bu barədə saytınızda ətraflı məlumat vermişdim.
Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Bu münasibətlə bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edirik! Azərbaycan son illərdə hərb və diplomatiya sahəsində böyük uğurlara imza atdı. Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasətinin və qeyrətli, vətənpərvər oğullarımızın, şəhidlərimizin mərdliyi sayəsində ağrı-acı ilə itirdiyimiz əzəli torpaqlarımız düşmən tapdağından azad oldu. Arzum budur ki, Azərbaycan həmişə sülh içərisində yaşasın və dünyaya günəş kimi doğsun.
Günay ƏLIYEVA, “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü