Əvvəlcə arzu haqqında. Alimlər deyir ki, arzu gələcəyə yönəldilmiş təxəyyüldür və yaradıcı təxəyyüldən fərqli olaraq mövcud vəziyyətdə fəaliyyət tələb etmir. Arzu insanda çox güclü pozitiv hisslər yaradır, amma bəzən ruhunu zəbt edib reallıqdan çox-çox uzaqlaşdırır. Arzunun həyata keçirilməsi üçün imkan tələb olunur. Filosoflar imkanın üç növünün olduğunu iddia edir: real imkan, qeyri-real imkan, imkansızlıq.
Real imkan. Uşaq vaxtı düşünürdüm ki, hər kəs atalar sözlərinə əməl etsə, həyat hamı üçün gözəl olar. Özüm də çalışırdım ki, buna əməl edim. Məsələn, 5-ci sinifdə oxuyanda şagirdləri qarğıdalı biçməyə aparmışdılar. Müəllim dedi ki, yer-dən bir qarış yuxarıdan biçin. Sinif yoldaşlarıma dedim, gəlin “Yüz ölç, bir biç» atalar sözünə hörmətlə yanaşaq. Başladıq qarğıdalını yüz dəfə qarışlayıb ölçməyə. Doxsan doqquza çatıb yenicə “bissimillah” eləmək istəyirdik ki, sinif rəhbəri gəlib bizi qovdu ki, avaralar, gedin evə, qoy sabah valideynləriniz məktə-bə gəlsin. Sonra da bizə “tərbiyəsiz” dedi. Burada söhbət real imkandan gedir. Yəni müəllim bir neçə saniyə təhəmmül etsəy-di, arzumuza çatacaqdıq – cəmi bir qarış məsafə qalmışdı.
Qeyri-real imkan. Rus klassiklərinin birində oxumuşam. Bir uşaq (bəlkə də, müəllifin özü), görünür, evdə Avropa ölkələrinə qarşı xoşagəlməz fikirlər eşidirmiş, böyüklərə bir gün belə bir ideya təklif edir: “Gəlsənə bizim böyük Rusiya çayları var ha – Volqadı, Yeniseydi, Lenadı, Obdu – bunların ağzını çevirək Avropaya. Qoy bu nemçura, fransızlar, italyanlar və s. hamısını yuyub töksün okeana. Burda da imkan var, sadə-cə, qeyri-realdır. Təfərrüata varmayaq. Çoxlu nasos və s lazım olacaq…
İmkansızlıq. Uşaq vaxtı çox ciddi bir arzuım da olub. Xatırlayan olar, İlyas Əfəndiyevin “Qarı dağı” adlı bir əsəri var. Bir şah nədənsə bir qarıya divan tutmaq qərarına gəlir. Əsgər-lərinə tapşırır, hərəsi neçə torba torpaq doldurub tökürlər qarının daxmasının üstünə. Orada bir dağ yaranır. Adına el arasında Qarı dağı deyirlər. Mən də düşünürdüm ki, bizim dağları da hündürləşdirmək pis olmaz. Beş milyon adamıq. Hərəmiz Bazardüzü zirvəsinin başına, (düşmən dağlarının da başına torpaq) bir-iki kisə torpaq töksək, ucalar, ucalar və Comolunqmadan da uca olar. Sonra fikrimi bir az da səmərə-liləşdirdim. Qərara aldım ki, həmin torpaq Xəzərin dibindən götürülsün və qoy orada da bir dərin çüxur yaransın – Sakit okeandakı Mariana çökəkliyindən də dərin. Qoy dünyada ən dərin çöçəklik və ən hündür dağ zirvəsi bizim olsun. Bu isə imkansızlığa nümunədir. Nəyə görə? Axı biz quyu qazmaqda və zirvələrə torpaq tökməkdə çox bacarıqlıyıq? Səbəb sadədir: bir azərbaycanlı ictimai əhəmiyyətli bir iş görmək istəyəndə bir düjin mərdimazar peyda olub yol xəritəsi hazırlayır ki, bu iş baş tutmasın.
Qonşumuz olan gürcülər isə belə deyil. Bu xalq əsrlər boyu dəfələrlə dövlətçiliyini itirib, amma assimilyasiya olunmamaq, özünəməxsusluğunu qorumaq üçün əl-ələ verib, əlifbasını, dilini, ənənələrini qoruyub. Milli simasını itirmək qor-xusu onlarda bir qədər şovinizm qarışıq vətənpərvərlik yaradıb. Amma onların da bəzi nöqsanları var. Məsələn, arzunun yarat-dığı güclü pozitiv hisslərin təsiri ilə bəzən reallıq hissini itirirlər. O gün hörmətli Nəriman Qasımoğlunun “Gürcüstanın dövlət himnində “iki dəniz” müəmması” adlı yazısı məndə belə qənaət yaratdı:
“Gürcüstanın dövlət himnində bir neçə söz ingiliscəyə hərfi tərcümədə diqqətimi çəkdi:
Today our freedom
Sings to the glory of the future,
The dawn star rises up
And shines out between the two seas.
Bizim dilimizdə də ingiliscədən hərfən tərcüməsi belədir:
Bu gün azadlığımız
Həmd oxuyur gələcəyin şəninə,
Dan ulduzu yüksələr də
iki dəniz arasında bərq vurar.
…İndi zəhmət çəkib bu “iki dəniz” məsələsinə özləri aydınlıq gətirsinlər ki, ifadə hansı anlam daşıyır”.
Əgər qonşularımız “dan ulduzu iki dəniz arasında bərq vurar” deyəndə məzkur göy cisminin Azərbaycanı da işıq-landırması arzusunu ifadə edirlərsə, bu, təqdirəlayiqdir. Lap elə bizim uşaqlıq arzularımız kimi bir şeydisə, yenə eybi yox, amma ərazi iddiasıdırsa, qeyri-realdır, cəfəngdir, hətta yetərincə cəfəngdir.