- Dil, Manşet

“Gürcüstanda Azərbaycan dilinə qarşı ayrı-seçkilik edilir”

Xəbər verdiyimiz kimi Gürcüstanın Təhsil və Elm Nazirliyinin tərtib etdiyi yeni Milli Kurikulum tədris proqramında Azərbaycan dili və Ədəbiyyat fəninin tədrisi ilə bağlı yeni müddəa qəbul edilib.

Tədris proqramında Azərbaycan dili və Ədəbiyyat fənninə həftədə minimum 3, maksimum 5 saat vaxt ayrılıb. Gürcüstan Təhsil və Elm Nazirliyinin qərarı soydaşlarımızın əksəriyyəti tərəfindən narazılıqla qarşılanıb.

Ednews məsələ ilə bağlı ictimai şəxlərin fikirlərini öyrənib.

Millət vəkili Fazil Mustafa:

“Ana dilinin öyrənilməsinə daha az vaxtın verilməsi soydaşlarımız arasında mədəni bağların zəifləməsinə gətirib çıxara bilər. Gürcüstanda ana dilində təhsil almaq imkanları get-gedə daralır, bu dilin tədrisi üzrə kadrlar yoxa çıxmaqdadır”.

Təhsil üzrə ekspert İlqar Orucov:

“Belə bir qərar Gürcüstan hakimiyyətinin həmvətənlərimizə qarşı normal olmayan münasibətin göstəricisidir. Soydaşlarımızın öz dillərində tədrislə məşğul olmaq və ya təhsil almaq hüquqları olmalıdır. Bu ölkədə yaşayan həmvətənlərimiz, xüsusilə gənc nəsil Azərbaycana, öz vətənlərinə, millətinə və milli dəyərlərinə bağlılığı artırmaq üçün mütləq öz dilini, ədəbiyyatını və tarixini bilməlidir. Hesab edirəm ki, Gürcüstan hakimiyyəti bilərəkdən etnik azərbaycanlıların öz ana dillərində təhsil almaq hüquqlarını məhdudlaşdırır. Çünki onlar istəmirlər ki, soydaşlarımız ədəbiyyatını və tarixlərini bilsinlər. Yəqin düşünürlər ki, azərbaycanlıların öz tarixini bilməsi onlar üçün müəyyən mənada təhlükə törədə bilər. Bildiyimiz kimi, Gürcüstanda da xalqımıza məxsus tarixi abidələr mövcuddur. Məhz bu səbəblərə görə belə bir addım atırlar”.

İ.Orucov fikirlərinə davam edib:

“Azərbaycan və Gürcüstan qonşu dövlətlərdir, hər iki tərəf arasında təhsil, elm və mədəniyyət sahələrində güclü əlaqələr mövcuddur. Amma soydaşlarımızın üzləşdiyi problemlərin həlli edilməsi üçün Azərbaycan da öz sözünü deməlidir”.

Təhsil eksperti, həmçinin İranda yaşayan həmvətənlərimizin ana dilində təhsil almaq problemlərinə də toxunub.

“İranda xalqlar arasında say etibarı ilə azərbaycanlılar çoxluq təşkil edir. Belə olan halda bu ölkədə yaşayan həmvətənlərimizin öz ana dillərində məktəblərin olmaması, habelə məktəblərdə azərbaycan dilinin tədris olunmaması təəssüf edici haldır. Bu, həmin dövlətin azərbaycanlılara qarşı münasibətinin bariz bir nümunəsidir, daha doğrusunu desək, onların şovinist siyasətindən irəli gəlir.

Gürcüstan, İran və digər ölkələrdə yaşayan soydaşlarımız öz ana dili hüquqları uğrunda mübarizə aparmalıdırlar, öz etirazlarını bildirməlidirlər. Onu da əlavə edim ki, Azərbaycanda etnik qrupların doğma dillərində tədris vəsaitləri, proqramlar və kurslar var. Hətta bəzi xalqlar öz ana dillərində təhsil alırlar. Çoxmədəniyyətli Azərbaycan bir çox ölkələrə nümunə ola bilər”.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova