- Cəmiyyət

Gürcüstanda namizədin avtomobili atəşə tutulub

“Gürcüstan naminə” partiyasının Tsageri Bələdiyyəsinə mer namizədi Beso Bendelianinin avtomobili atəşə tutulub.

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə partiya liderlərindən olan Natia Mezvrişvili brifinq zamanı açıqlama verib.

Mezvrişvili hadisədə “Gürcü Arzusu” liderlərini, daxili işlər nazirliyini və baş prokurorluğu günahlandırıb:

“Gürcüstan naminə partiyası praktiki olaraq seçkiqabağı təşviqat apara bilmir. Tsageri bələdiyyə başçı namizədi Beso Bendeliani bu səhər seçkilərdən bir həftə əvvəl güllələndi. Bu kimi hadisələrdə hər gün zorakılığa haqq qazandıran və nifrət danışığını təşviq edən Kobaxidze, Kaladze və Qaribaşvili məsuliyyət daşıyır. Təbii ki, bir neçə gün əvvəl rəsmən açıqlama verdiyimiz sistemli cinayətə cavab vermədikləri üçün daxili işlər naziri Gomelauri, baş prokuror Şotadze buna cavabdehdir”, – deyə o bildirib.

Mezvrişvili Bendelianinin vurulmasını onun siyasi fəaliyyəti ilə bağlı olduğunu qeyd edib. Qeyd edək ki, silahlı insident zamanı avtomobilə ziyan dəysə də, lakin mer namizədi Beso Bendeliani heç bir xəsarət almayıb.