Bu il Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Gürcüstanın “Erisioni” ansamblı Bakıda konsert proqramı ilə çıxış edəcək.
Kollektiv noyabrın 19-da Heydər Əliyev Sarayında Gürcüstan Mədəniyyət, İdman və Gənclər Nazirliyi və Azərbaycanın Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Gürcü əfsanəsi” adlı konsert təqdim edəcək.
1885-ci ildə yaradılmış “Erisioni” ansamblı təkcə Gürcüstanda deyil, həmçinin onun hüdudlarından kənarda da geniş şöhrət qazanıb. Ansambl konsertlərində milli geyimlərdə gürcü xalq mahnı və rəqsləri vasitəsilə ölkəsinin etnik-mədəni dəyərlərini nümayiş etdirir.
Ansambl Bakı konsertində qədim gürcü rəqsləri ilə tamaşaçıların qarşısına çıxacaq.