Gürcüstanın Ali Məhkəməsi ölkənin sabiq müdafiə naziri Davit Kezeraşvilini 5 il müddətinə azadlıqdan məhrum edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə müttəhimin vəkili Giorgi Gelxauri məlumat yayıb. Bildirilib ki, məhkəmə sabiq naziri 2007-2008-ci illərdə keçirilməsi nəzərdə tutulan hərbi təlimlərlə əlaqədar 5 milyon 60 min avro mənimsəməkdə ittiham edib.
Qeyd edək ki, ölkənin Appelyasiya Məhkəməsi 2017-ci ildə iş üzrə sabiq nazirə bəraət hökmü verib. Vəkil G.Gelxauri Ali məhkəmənin qərarı ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcəyini bildirib.
Qeyd edək ki, D.Kezeraşvili “Formula” telekanalının təsisçisidir.