- Mədəniyyət

Gürcüstanın “Erisioni” ansamblı Bakıda konsert verib

Noyabrın 19-da Heydər Əliyev Sarayında Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə “Gürcü əfsanəsi” adlı təntənəli qala-konsert keçirilib. Konsert proqramını Gürcüstanın 137 yaşlı “Erisioni” Dövlət Akademik Mahnı və Rəqs Ansamblı təqdim edib.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iki ölkə arasındakı əlaqələrdən danışaraq xalqlarımızı və ölkələrimizi çoxəsrlik dostluq, mehriban qonşuluq əlaqələri birləşdirdiyini deyib: “Çox şadam ki, bu gün biz Azərbaycanın paytaxtı Bakıda Gürcüstanla Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini birlikdə qeyd edirik. Ölkələrimiz arasındakı münasibətlərin uzun əsrlik tarixi kökləri var. Çox şadam ki, bu gün biz yenə birlikdə toplaşaraq, bu gözəl bayramı qeyd edirik”.

Sonra təntənəli konsert proqramı təqdim olunub. Gürcüstanın “Erisioni” Dövlət Akademik Mahnı və Rəqs Ansamblı konsertdə qədim gürcü rəqsləri ilə tamaşaçıların qarşısına çıxıb.