Seyid Əzim ŞİRVANİ
Guş qıl, ey ki bilirsən özüvi vaqifi-kar,
Agəh ol gör ki, nədir naleyi-ney, nəğmeyi-tar,
Nədir ol xüşk olan çubdə bu naleyi-zar –
Ki, sədasından onun qarət olur səbrü qərar,
Açma sən pərdəni, hər pərdədə var yüz əsrar.
Qoymaz ol tarı müğənni niyə ağuşindən,
Düşməz ol xanəbərəndazlərin duşindən,
Huş ilə guş edə hər kimsə, gedər huşindən,
Pənbeyi-qəfləti çək sən dəxi can guşindən,
Ta ki, əsrari-nihanə olasan bərxurdar.
Ləhni-Davudi ilə könlüvü qıl xürrəm sən,
Ərş baminə, gözüm, nəğməni tut sülləm sən,
Olma qal əhli, qıl əmdən özüvi əbkəm sən,
Kəsb elə elmü ədəb feyzin əgər adəmsən,
Fəhm qıl, gör ki, nədir musiqiyü müsiqar.
Tut bərabər dəmi-İsayə mübənni dəmini,
Qılıb ehya özüvi, seyr elə ruh aləmini,
Ziri-qəm olma, eşit nəğmeyi-zilü bəmini,
Çəkmə, aqilsən əgər, dəhri-müxalif qəmini,
Şurə gəl, nəğmə ilə çək qəmi-dünyayə həsar.
Musiqi məclisinin əhli gərək əhli-bəsər,
Ta görə pərdeyi-əsrardə yüz nəqşü süvər,
Kim ki, zövq əhli-degil, ani hesab eylə həcər,
Ləhni-Davud eləməz növi-cəmadatə əsər,
Məni ərbabı edər guş süxən, ey huşyar.
Fəhm qıl, gör ki, nədir çəngü dəfü bərbətü ud,
Nədir onlarda bu ahəngü bu ləhnü bu sürud,
Arif ol, rəmz bil ey mahəsəli-qeybü şühud,
Ud hər ləhzə gəlib şurə deyər: ya məbud,
Tar hər ləhzə gəlib vəcdə deyər: ya səttar.
Zahida, tarıya bax, məclisi-ürfandır bu,
Tarı əsbabi-mənahi demə, böhtandır bu,
Meyi gör, saqiyə bax, Kövsərü qılmandır bu,
Cümləsi pərtövi-rüxsareyi-sübhandır bu,
Meydə hər nurunu gör, səhvinə qıl istiğfar.
Ey könül, məhrəmi-raz eyləmə biganələri,
Vermə naəhl əlinə bu dolu peymanələri,
Çək rümuzat ilə zülfi-süxənə şanələri,
Seyyida, Mehdiyə yalvar ki, bu dürdanələri
Eyləsin məclisi-şəhvari-Kərim bəgdə nisar.