- Köşə

Həcər PAŞAYEVA. Adı yoxdur

 

Sonsuz zənn etdiyimiz ömür bir günmüş, demə.

Bilmərik ki…

Həmin gün gəlib çatır. O günə əvvəlcədən hazırlaşmışdın. Bilirdin, bədəninin doğranacağını, eyni formada bir-birinə bənzəyən ağ kalpaklı başların əməliyyat stolunda üzərinə əyilib içalatını doğrayacağını bilirdin. Səni təkərli xərəyə uzadıb palatadan çıxarırlar. Uzun koridor boyu getdikcə bütün həyatını film kimi nəzərdən keçirmək istəyirsən. Bəlkə, salamat çıxmadın deyə son anlarını nəsə əlahiddə bir duyğu, ya söz, ya nəsə qeyri-adi bir şeylə yaşamaq istəyirsən. Heyhat, yaddaşından hər şey uçub gedib sanki. Arxaya- palatada səni gedər-gəlməzə göndərənlərin arxanca baxmalarına boylanırsan. Üzlərdə üzüntü var. Ən çox təsirlənən kimdir, səni kövrəldir. Bu da anidir. Əsas o uzun koridor boyu xərəkdə getdikcə düşündüklərindir. Ən önəmli, ümdə nədir, nə düşünməlisən, nəyi xatırlamalısan – bu qısa zamanda onları ayırd etməkdə çətinlik çəkirsən. Yol qısalır. Ağappaq koridor boyu səssiz yürüyən xərək və onu əməliyyat otağına itələyən tibb bacılarının ağ geyimi rəngin əksinə rəğmən səndə adını qoya bilmədiyin bulanıq hisslər yaradır. Nəhayət, o otağa yaxınlaşırsan. Son anda, ən son anda bircə kəlmə söz qopur dilindən:

– ALLAH!!!

Həkimlər, tibb bacıları onlar üçün adiləşən işlərinə hazırdırlar. Əlcəkli əllərini yuxarı tutub maskadan görünən və insana bənzər varlıq olduqlarını, yəni uzaydan gələn olmadıqlarını bildirən gözlərini laqeydcəsinə sənə zilləyiblər. Qorxmaqdan keçib daha. Keçib. Sənin avazımış sifətinə baxıb gülümsəyənlər də olur..

– Hazırdırmı?

-Hazır, – sözündən sonra bədəninə yeridilən maddənin-narkozun təsirindən yavaş-yavaş ətrafdan təcrid olunur, dərin yuxuya gedirsən. Bu, yuxu deyil, ayıqlıq da deyil. Bəziləri həmin anı harasa getdiklərini, kimlərləsə rastlaşdıqlarını, görüşdüklərini deyirlər. Sən isə min ilin yuxusuzu kimi çox dərin yuxuya elə gedirsən..Vəssalam.

Nə qədər vaxt keçdiyini bilmirsən. Qulağına uzaqdan, laap uzaqdan qarmaqarışıq səslər gəlir. Kirpiklərindən daş asılıb sanki. Gözlərini açmağın bu qədər çətin olduğuna inanmırsan. Sonra işığı, lap zəif işığı hiss edirsən, gözünə düşür, amma hələ ki gözün açılmır. Qarmaqarışıq səslər səni əsəbləşdirir. Həmin anda ən çox istədiyin sakitlikdir. Sakitlik. Yorğunsan sanki. Dincəlmək istəyirsən. Dilini döndərib bir kəlmə söz də deyə bilmirsən. Dibi qaranlıq dərin bir quyudan, yerin yeddinci qatından, ya göyün sonuncu sərhəddindən yerə qayıdırsan sanki. Uzun bir yolçuluqdan gəlirsən. Kimsə səni oyatmağa, özünə gətirməyə çalışır. Əsəblərinin bundan betər gərildiyi an olmayıb:

– Rahat buraxın, məni rahat buraxın, yatmaq istəyirəm! Susun, noolar, susun! – bunu düşünür, amma deyə bilmirsən. Əl çəkmirlər, yenə səni oyatmağa çalışırlar. Tabe olmaqdan başqa çarən yoxdur, çünki yarı ölüsən, iradən xaricindəsən. Kirpiklərin titrəyir, gözünü zəifcə açırsan. Daim can atdığın işıq səni niyə bu qədər gərginləşdirsin ki.. Səslər gəlir:

– Deyəsən, ayıldı. Ayılır yavaş-yavaş.

Artıq sinir iplərin, ruhun səni bərpa edir tədricən. Yenə də adamların səsindən gərilir, susmlalarını, sakitlik istəyirsən. Onlar isə gülər gözlərini, sevinən baxışlarını sənə zilləyib sevinclərini, səni sevdiklərini bildirmək istəyirlər.

-“Sağ olun, var olun, yaşayın, heç vaxt xəstələnməyin və bir də məni o əməliyyat stoluna gedəcək yerə qədər canımı qurban verdiyim sizlər, ora getməyimə bais olmayın, lütfən, məni qoruyun, noolar!!!”