İnsanın yaradılışı problemi elm və dinin kəskin mübahisə apardığı mövzulardan biridir. Bu, yüz illərdir davam edir və belə görünür ki, bir xeyli müddət də davam edəcək.
Təkamülçülərə görə insan təbii seçmə yolu ilə meymundan törəmiş həyatın ən ali formasıdır. Əksər dinlər Allahın insanı Öz bənzərində torpaqdan yaratdığını, Öz sifətlərini onun ruhunda cəmləşdirdiyini iddia edirlər; insan öləndə bədəni torpaq dünyasına, ruhu isə Allahın dərgahına qayıdır. Bununla belə, təkamül nəzəriyyəsinin banisi Çarliz Darvin Allahın təkamül prosesinin arxasında durmasını inkar etmirdi. O. Allahı təkamül prosesinin müəllifi və hərəkətvericisi hesab edirdi.
Məqsədim kimin haqlı, kimin haqsız olmasını sübut etmək deyil. Hər iki tərəf nədəsə haqlıdır. İnanıram ki, nə vaxtsa Elm və Din barışıb, bu məsələ ilə bağlı orta məxrəcə gələcəklər. Mənim demək istədiyim başqadır.
Məşhur amerika astronomu Karl Edvard Saqan “We are made of star stuff” yazısında deyir ki, “bizim hər birimiz ulduz tozuyuq”. Milyard-milyard illər əvvəl, o zaman ki, bizim bu gözəl planetimiz, hətta Günəşimiz hələ yaranmamışdı, kimyəvi elementlər və onları təşkil edən atomlar mövcud idi. Biz də içində olmaqla, bakteriyadan tutmuş nəhəng göy balinaya kimi, hamımızı təşkil edən kimyəvi elementlər və atomlar nə vaxtsa kosmik fəzanı dolduran kosmik tozun tərkibində olub. Bir sözlə, o atom ki, nə vaxtsa sonsuz kainatda idi, indi mənim bədənimi formalaşdıran “kərpiclərdən” biridir. Sonsuz kainatla bizi birləşdirən məhs budur. Düşünəndə ki, həmin kimyəvi elementlər və atomlar nələrin tərkibində olub, kimlərin bədənindən keçib bizim bədənimizdə özünə yer edib, bu hiss bizi təkcə materiya ilə deyil, “zaman” və “məkan” anlayışları ilə də doğmalaşdırır. Bu, bizim “cansız” maddi dünya ilə bağlılığımızdır.
Biz eyni zamanda canlı təbiətin bir parçasıyıq. Əminliklə deyə bilərik ki, bütün canlılar eyni “kərpicdən” hörülüb, yaradılıb. Şimpanze ilə insan genləri 98% eynidir. Cəmi 2% gen bizi fərqli edib. Evin küncündə yatan pişik, qəfəsdəki bülbül, özünü pəncərənin şüşəsinə çırpan iri milçək, havadakı mikrobla bizi birləşdirən, doğma edən ümumi genlərimiz var. Elm bunu da sübut edib. Üstəlik də, qeyd etdiyim kimi, üzərində gəzdiyimiz torpaqla, Günəş və göy qübbəsinin ulduzları ilə eyni tərkibdəyik, eyni kimyəvi elementlərdən, atom və molekullardan təşkil olunmuşuq. Ucsuz bucaqsız kainata nəzər yetirdikdə necə də mükəmməl bir yaradılışa sahib olduğumuzu daha dərindən anlayırıq.
“Ölüm”dən sonra torpağa qarışan zərrələrimiz ağacın kökləri vasitəsi ilə onun yarpaqlarına, çiçəklərinə, meyvələrinə daşınacağını düşündükcə, bu nizamın mükəmməlliyi heyran edir. Belə çıxır ki, geniş mənada bizim ölümsüzük və Kainat miqyasında maddə və enerjinin böyük dövranında biz də iştirak edirk. Bu, həm heyrət hissini yaradır, həm də insanı Kainatın dərinliklərinə kimi uzanıb gedən xoşbəxtlik hissinə qərq edir.
Cümşüdlü Mənsurə Dilavər