Bir rəvayətdə deyilir:
-Ucqar dağ kəndlərinin birinə xırdavat satan bir çərçi gedir. Hay salır ora-bura, hərə gəlib ehtiyacı olan nəsə alır. Sonda bir qarı çərçiyə yaxınlaşıb deyir:
-A bala, səndə qulaqcıq varmı? (qulaqcıq – ip əyirmək üçün istifadə olunan cəhrənin iy-inin- oxunun uc hissəsinə ipin sürüşüb çıxmaması üçün keçirilən iri düymə boyda gön – dəridir)
-Nənə, yoxdur. Sənə qulaqcıq lazımdır? – deyə çərçi soruşur.
-Hə, başına dönüm, bizim kənddə qulaqcıq tapılmır, hamıya lazımdır. Əgər gətirsən, yaxşı qazanarsan, göydə gedər, – deyə qarı dillənir.
Yaxşı pul qazanacağını düşünən acgöz, ağılsız çərçi evinə qayıdan kimi öküzünün bir tayını kəsir, ətini satır, gönünü də düymə boyda xırda-xırda doğrayıb doldurur xurcuna. Ulağa yükləyib tələm-tələsik sürür həmin kəndə. Hay salır:
-Ay qulaqcıq alan, ay qulaqcıq alann…!
Qarı bunu eşidən kimi gəlir qəpik-quruş verib bir qulaqcıq alır, gedir evinə. Bundan sonra bir adam yaxınlaşıb qulaqcıq almır. Çərçi gün əyilənə qədər müştəri çağırır. Axırı, kənddən bir nəfər çərçiyə deyir:
-A kişi, sənin ağlın hardadır? Bu kənddə hamı heyvan saxlayır. Kimə də qulaqcıq lazım olsa, kəsdiyi heyvanın dərisindən cəhrəsi üçün bir qırıq kəsir də..
Çərçi qarının fitnəsinə aldandığını başa düşür :
– Düymə boyda bir qulaqcığa görə bir öküzü güdaza verdim, – deyib kor-peşman qayıdır evinə.
Məsəli nəyə gətirirəm: Qarabağı aldıq, yarımçıq da olsa, aldıq. Qarabağ təkcə Şuşadan ibarət deyil axı. Qarabağ qiymətli bir üzükdürsə, qaşı Şuşadır. “Əgər üzük yoxsa, qaşı neylərəm?” 44 günlük müharibə dövründə coşqu və ümidlə gözlədiyimiz qələbəmizin bizə nələrin bahasına başa gəldiyini hamımız bilirik. 3 mindən artıq qiymətli, canlara dəyən oğullarımız getdi. Bu yaralar, o oğulların dağı o valideynlərdən, onların xanımlarından və uşaqlarından ömürləri boyu getməz. Onları heç nə ilə təskin edə bilmərik. Heç bizdən də getməz.Təskinedici bircə şey vardı: QƏLƏBƏ! Onu da sonacan qazanmağa rus qoymadı. Həmin gün ki ərazimizə daxil olan rus avtomobillərini, tanklarını göstərirdilər, baxanda az qaldım əlimi uzadıb onların qarşısını kəsəm – “Gəlmə, rədd ol! Rədd ol!” – deyəm. O tanklar elə bil ürəyimin üstündən keçib gəlirdi. Gəldilər və onların getmək niyyətləri də yoxdur. Keçən bir il ərzində çox şeylər aydınlaşdı. Razılaşmalar və onların şərtləri yayımlandıqca sevindiyimiz məqamlar da çox oldu. Xüsusən Naxçıvanın blokadadan çıxması, Zəngəzurdan keçən dəmiryol xəttinin bərpası, Böyük İpək yolunun bərpası və ondan ölkəyə gələcək gəlirin miqdarı cəlbedicidir. Zəngəzur yolunun çəkilməsində təkcə bizim yox, Rusiyanın, Orta Asiya ölkələri və Çinin də maraqları vardır. Türkiyənin maraqları isə daha çoxdur. Bu yol birbaşa bölgədə Türkiyənin nüfuzunun və Azərbaycan əsgərinin cəsurluğunun təzahürüdür. Lakin yolun çəkilməsi fonunda, Şuşanın və digər bölgələrin bərpa olunması fonunda o biri bölgələrimizin azad olunması sanki unudulub. Bəs Xankəndi? Bəs Qarabağın kəşf olunmamış qiymətli incisi Laçın? Onların taleyi necə olacaq? Rusiyanın Xankəndində qısamüddətli qalmaq şərtləri də qaranlıqdır. Bilmək olmaz ki, həmin müddət başa çatanacan onlar fitnəkar düşmənlə birləşib nə oyunlardan çıxacaqlar. Bu tərəfdən də Türkiyənin Zəngəzur maraqları sanki Qarabağın digər bölgələrini almaq maraqlarını üstələyib, kölgədə qoyub. Mənə elə gəlir ki, o yol başa çatan kimi digər alınmamış bölgələr tamam unudulacaq – biz unutmarıq, amma qardaş ölkə unudacaq. Yəni Türkiyəyə yol və ordan gələcək gəlir maraqlıdır. Qalanı “taleyin” ümidinə buraxılacaq.
Əcəba, biz bir qulaqcığa görə qarının fitnəsinə aldanıb öküzümüzü bada verməmişik ki?! Çox istərəm ki, belə olmasın.