Bu gün çox dəyərli bir həmkarımızı, virtual dostumuz, yorulmaz əqidədaşımız İradə xanım Qayıbovanı itirdik. Bu xəbəri sizlərə böyük ürək ağrısı ilə, üzüntü ilə çatdırırıq.
İradə xanım 1965-ci il 6 dekabrda ziyalı ailəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra ADPU-nun filologiya fakültəsinə daxil olmuş, 1986-cı ildə təhsilini başa vuraraq pedaqoji fəaliyyətə başlamışdır. İlk illərdə kənd məktəbində işləmiş, 6 ildən sonra ailə quraraq Bakıya köçmüş, pedaqoji fəaliyyətini 286 saylı məktəbdə davam etdirmişdir. Həmkarları onu savadlı müəllim, bacarıqlı pedaqoq, işini gözəl bilən bir mütəxəssis kimi tanımışlar. Onu tanıyan hər bir kəs İradə müəllimənin vəfatının işlədiyi pedaqoji kollektiv üçün böyük itki olduğunu qeyd edir.
Bir il əvvəl “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi yaranıb dilimizin saflığı, yad dillərin təsiri altına düşməməsi uğrunda mübarizəyə başlarkən, İradə xanım ilk günlərdən bu mübarizəyə qoşuldu. FADMM kollektivinin mübarizəsinə böyük töhfələr verdi, yorulmadan qələmi ilə, yazdığı məqalələri ilə dilimizin keşiyində durdu, Ana dilinə, Vətənə, Torpaqlarımıza məhəbbətini, bağlılığını bu yolla sübut etdi. Başqa cür ola da bilməzdi, çünki o, müharibə qəhrəmanının, Qarabağ qazisinin ömür-gün yoldaşı idi. Vətənə, dilə məhəbbət bu ailənin canında, qanında idi.
İradə xanım həm də gözəl ana idi, iki övlad böyüdüb tərbiyə edib, ali təhsilli mütəxəssislər yetişdirib. Biz filoloqlar İradə xanımı ixtisas qruplarından tanıyıb, az bir müddətdə savadlı müəllim, etibarlı insan, fədakar bir dost kimi sevmişik. Onun FADMM-dəki əməyini qiymətləndirərkən istər-istəməz öz sözlərini xatırlayırıq: “Məni ən çox narahat edən dilin “korroziyaya” uğraması, dilimizin yad təsirlərə məruz qalaraq xoşagəlməz və ya anlaşılmaz hala düşməsidir. Bu haqda FADMM öz sözünü deyib. Onun arxasınca getmək Vətənini, millətini sevən hər bir vətəndaşın borcudur. … Bu müddət ərzində məni ən çox təəccübləndirən ziyalıların laqeyd münasibətidir”.
Əsl vətəndaş, dilini, millətini, dövlətini sevən bir ziyalı mövqeyi! Biz belə bir yoldaşımızı, silahdaşımızı itirdik. FADMM ailəsi adından ailəsinə, əzizlərinə, övladlarına başsağlığı verir, dərdlərinə şərik oluruq. Nur içində yat, əziz İradə xanım. Ruhun şad, məkanın cənnət olsun. Həmişə sevənlərinin qəlbində yaşayacaqsan…
“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi:
Vasif SADIQLI
Gülyaz ƏLİYEVA
Sima CƏFƏROVA
Bahar AĞAYEVA
Həcər PAŞAYEVA
Pərvanə BAYRAMQIZI
Fizzə HEYDƏROVA
Pərvanə O-NURLU
Xanoğlan ƏHMƏDOV
Aytac ƏLİYARLI
Rəmzi SADIQLI