Şəhla MƏCİDOVA
Filologiya üzrə fəlsəfə doktoru
Bəşər övladı dünyanı anlamağa başladığı, fikirləşməyi öyrəndiyi andan həqiqət axtarışına çıxır. Həqiqəti axtarmaq həm onun həyatının mənasına çevrilir, həm də xoşbəxtlik haqqında düşüncələrinə bir istiqamət vermiş olur. Bu yolda insanlar daha çox filosofların, mütəfəkkirlərin əsərlərinə üz tuturlar. Həqiqət axtarışı filosofların, müdriklərin bütün dövrlərdə düşündürüb və onların həqiqət haqqında fikirləri sonralar ayrı-ayrı məktəblər, cərəyanlar, təriqətlər yaradıb. Bu cərəyanlardan da yeniləri, daha fərqliləri meydana gəlmişdir. Hər yeni yaranan cərəyanda filosoflar fərqlilikləri ilə bərabər, öz fərdiliklərini təqdim etmiş və bu fərdiliklə fəlsəfəyə yeni nəfəs gətirmişlər. Elə müasir dövrümüzün fəlsəfəsində öz sözünü demiş alim, akademiyanın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin illərlə apardığı tədqiqatlarının nəticəsi olaraq yaratdığı, dünya fəlsəfəsi tarixində bir ilk olan yeni fəlsəfi sistem – “Sufi fenomenologiyası” kimi.
Əvvəla qeyd etmək yerinə düşərdi ki, K.Bünyadzadənin indiyə qədər hər biri fərqli mövzularda 15-a yaxın tədqiqat əsəri nəşr edilib. Bu mövzulardan bəzisi ona qədər araşdırılmış olsa da, alim öz tədqiqatlarında əvvəlki fikirləri heç də təkrarlamamış, sözünü demiş, baxış bucağını təqdim etmiş, yeni, deyilməmiş fikirlər irəli sürmüş və nəticədə, öz versiyasını verə bilmişdir. Bu monoqrafiya isə onların belə fövqündə duran bir əsərdir. Çünki fəlsəfədə yeni bir sistemin, yeni istiqamətin təməlini qoymuşdur. Məlumdur ki, hər hansı elm sahəsində yeni söz, yeni ideya vermək alimin üzərinə çox böyük məsuliyyət qoyur. Alim özü də yeniliyi yaratmanın çətinliyini vurğulayaraq qeyd edir ki, “fəlsəfədə söz demək çox çətindir. Çünki bunun üçün özündən əvvəlki sözləri “eşitmək”, anlamaqla yanaşı, cəmiyyətə həmin məqam, dövr üçün lazım olan sözü də bilməlisən, yoxsa dediyin hər söz bir məqalə, yaxşı halda kitab səhifəsindən kənara çıxa bilməyəcək” (I c., səh 19-20).
Adından da göründüyü kimi, Sufi fenomenologiya iki cərəyanı özündə birləşdirir. Müəllif yeni yaratdığı sistemin tərifini belə verir: “Sufi fenomenologiya müasir dövrün böhranında boğulan insana düşüncə üfüqü açmaq üçün yazılmış bir fəlsəfədir. Bu sözlər sufi fenomenologiyanı xarakterizə edən ilk dəqiq ifadədir” (I c, səh. 21). Alim tədqiqatının mənbəyini də əvvəlcədən qeyd edib iki əsas istinad nöqtəsini göstərir: “Sufi fenomenologiyada termin olaraq eydos Hüsserl fəlsəfəsinə istinad edir, ona yüklənən məna isə İslamdan, daha fəqiq desək, sufizmdən qaynaqlanır” (I c., səh 35).
Kitab eydos üzərində qurulmuş, bir-birinə zəncirvarı bağlanmış eygoslar sistemini təşkil edir. Eydos – nöqtədir. Yaradılışda hər şey nöqtədən başlanır. Yazacağımız sözün ilk hərfini nöqtə qoyaraq, çəkəcəyimiz düz xətti nöqtə qoyaraq, gedəcəyimiz yolun istiqamətini nöqtə qoyaraq başlayırıq istənilən işə. Və bütün hallarda bu kiçik nöqtə böyük ideyaya, böyük hərəkətverici qüvvəyə çevrilərək insan həyatında böyük hadisələrə, dönüşlərə, uğurlara, elmi-texniki inqilablara səbəb olur…
Eydos – nöqtə, eydos – ideya, eydos – şüur, eydos – ağıl və bütün bunlar eydosda birləşmişdir. Eydos – həm də həqiqətdir. Eydosun – həqiqətin irrasionallıq (burada: mücərrədlik, din, irfani elm, görünməyən) və rasionallıqda (burada: elm, dəqiq olan, konkretlik) vəhdətinin sistemli və müqayisəli şəkildə araşdırılıb əsaslandırılması tədqiqatın canını, ruhunu təşkil edir. Bu zaman insan faktoru önə çıxır və “sufi fenomenologiyada eydos və eydedik strukturların dərki vasitəsilə insan universal vəhdətin bir zərrəsi olduğunu dərk edir” (I c., səh. 74).
İrrasional və rasional biliklər əsasında verilən iddiaların dəqiq və əsaslı olması tədqiqatın diqqət çəkən cəhətidir. Bunun da səbəbi alimin həm dini-irfani, həm də dünyəvi biliklərə (xüsusən də fizikaya) dərindən vaqif olması, həmçinin mənbələri orijinal dillərdə oxumasıdır ki, kitabın uğurlu alınmasının ilk və vacib şərtidir.
Kitabın uğurlu alınmasının ikinci səbəbi müəllifin həqiqətdə irrasionallığın və rasionallığın vəhdətini Qərb və Şərq fəlsəfəsi müstəvisində həm müqayisəli, həm də müştərək araşdırmasıdır. Bu da filosofun öz mövqeyinə həddən artıq obyektiv və məsuliyyətlə yanaşmasıdır. Ta qədim tarixdən başlayaraq günümüzüdək Şərq və Qərb mütəfəkkirlərindən verilən istinadlar bu monoqrafiyanın dəyərini bir qədər də artırır. Hər iki fəlsəfəni araşdıran müəllif bu qənaətə gəlir ki, “hər ikisində ümumi olan bir proses müşahidə olunur: elmin yalnız rasional biliklərə istinad etdiyini qəbul edərək insanın fiziki və ruhani imkanları birləşdirilmir” (I c, 87).
Kitabın maraq doğuran daha bir xüsusiyyəti elmi və fəlsəfi istilahların bol-bol işlənməsinə baxmayaraq, dilinin aydın, rəvan, hamı üçün anlaşıqlı, oxunaqlı olmasıdır. Çərçivəvari verilmiş mülahizələrdə oxucunun özünün də qeyri-ixtiyari bu mülahizələrə qoşularaq müəlliflə bərabər fikir yürütmək, onunla düşüncələrini bölüşmək hissini keçirməsi filosofun tədqiqat boyu yenə də insan faktorunu vacibliyini vurğulamağından irəli gəlir. “Nüvə və mümkün eydosdan başqa, bütün varlıqların strukturuna daxil olmayan, ancaq onunla bərabər var olan ruh və zaman eydosları mövcuddur. Onların mahiyyətini tanıyan və bundan istifadə edən tək varlıq insandır” (II c., səh. 53).
Kitabın təkcə alimlər üçün deyil, pedaqoji sahədə çalışan, böyüyən nəslin təlim-tərbiyəsi ilə məşğul olan müəllimlər üçün də nəzəri cəhətdən bir əyanı vəsait kimi əhəmiyyəti çoxdur. Çünki müasir təhsil sistemində pedaqoji işin təşkilinə verilən tələblərin məhz bilik və bacarıqlar üzərində qurulmasını nəzərə alsaq, kitabda bu tələblərin insan təbiətindəki və cəmiyyətdəki roluna dair kifayət qədər nümunələrin yer aldığı görünür. Məsələn, “elmi sistemin qurulmasında yalnız rasional, insan tərəfindən artıq dərk edilmiş və buna görə də ümumiləşmiş biliklərdən istifadə olunur. Bu biliklərin təməlində isə həm də irrasional üsulla qazanılan həqiqətlər durur. Başqa sözlə desək, həqiqətləri mənimsəmək üçün şüur həm fiziki korrelyatlardan, həm də ruhun köməyindən istifadə etməlidir. Hər iki metod paralel, ya da bir-birini tamamlayarsa, elm inkişaf edər və insanlığa xidmət edər” (I c., səh. 85).
K.Bünyadzadə sufi fenomenologiyanı yaratmaqla kifayətlənməmiş, həmçinin onun metodologiyasını da sistemli şəkildə hazırlamışdır. Yəni bundan sonra bu istiqamətdə tədqiqatlar aparacaq tədqiqatçılar üçün də sufi fenomenologiyanın metodoloji sistemini, onların yolunu müəyyənləşdirəcək bir proqramı vermişdir.
Həqiqət axtarışına çıxan və “yeni dövrün əsasını qoyan Dekart həqiqəti dərk etmək üçün müxtəlif elmləri öyrəndiyini, lakin yenə də ona lazım olan elmi tapmadığını bildirir” (I c., səh 20). Amma bunun əksi olaraq, “Sufi fenomenologiya”nı oxuyan, onu dərk edən hər bir oxucuda kitabın müəllifinin hədəfinə çatdığına inam hissi özünü büruzə verir. Belə güclü məna tutumlu tədqiqatın tezliklə dünya fəlsəfəsində çox böyük marağa səbəb olacağına və yeni-yeni tədqiqatlara yol açacağına inanırıq.