Həyatda hər şey nisbidir. Vaxt, gözəllik, ağrı, sevgi, hətta xoşbəxtlik də. İnsan var olduqca, düşünməyə başladıqca hər şeyin ölçüsü, anlamı və dəyəri onun gözündən dəyişməyə başladı. Bu dünyada bəlkə də ən dəqiq olan şey – hər şeyin qeyri-müəyyənliyidir. Nə qədər sadə səslənsə də, bu fikrin içində dərin bir həyat fəlsəfəsi yatır.
Sevgi anlayışı insanın yaşına, təcrübəsinə, travmalarına, xatirələrinə və inanc sisteminə görə dəyişir. Gənc yaşda sevgi həyəcan kimi hiss edilir, yetkinlikdə isə güvən və dostluqla bərabərləşir. Kimi üçün sevgi bir insanın gülüşündə yaşayır, bəzisi üçün isə fədakarlıqda. Kimsə onu tapmaq üçün ömür boyu axtarar, kimsə isə ona rast gələr, amma onu tanımadan ötüb keçər.
Bəzən bir insanın baxışında itmək istəyirsən. O baxışda sənə yönəlmiş sözsüz bir dəvət, bir sığınacaq var kimi hiss edirsən. Amma eyni o baxış bir başqasına soyuq, mənasız və uzaq gələ bilər. Bax, həyat budur – eyni hadisə, eyni an, fərqli könüllərdə fərqli izlər buraxır. Və bu izlər bizi bir-birimizdən fərqləndirir, amma eyni zamanda insan edən də elə budur.
Bəzən onu sevirsən, amma bilmirsən niyə. Səni incidir, anlayışsızdır, sükutuyla sənə divar hörür. Amma yenə də onu düşünürsən. Sanki bir hissənin orada, onun baxmadığı bir yerdə qaldığını bilirsən. Bəlkə də sevgi, ağrı ilə eyni yerdə yaşamağı öyrənməkdir. Bəlkə də, sevmək – sənin olmayan bir ruhun içində öz hisslərini yaşatmaqdır. Bu da bir sevgi anlayışıdır. Nə qədər sağlıqlıdır – o da nisbi məsələdir.
“Gözəllik baxanın gözündədir” deyimi heç vaxt aktuallığını itirməyib. Birinin heyranlıqla baxdığı sima, başqa birinə adi gələ bilər. Gözəllik təkcə fiziki ölçülərlə deyil, enerji, davranış, səmimiyyət və ruh halı ilə də ölçülür. Hətta bir insanın zamanla daha gözəl görünməsi və ya cazibəsini itirməsi də bu nisbi anlayışın sübutudur.
Vaxtilə sevdiyin bir qoxunu indi hiss etdikdə ürəyin sıxılır. Eyni musiqi daha əvvəl göz yaşına səbəb olurdusa, indi sadəcə boşluq yaradır. Eyni insanı bir zamanlar cənnət sanırsan, sonra eyni insanda öz cəhənnəmini tapırsan. Duyğuların da rəngi dəyişir, bəzən solur, bəzən tündləşir. Amma heç biri tam silinmir. Hər biri içində iz qoyur və səni formalaşdırır.
Ağrı – istər fiziki olsun, istər emosional – hər kəsdə eyni təsiri yaratmaz. Eyni hadisə bir insan üçün faciə ola bilər, başqası üçün isə sadəcə bir təcrübə. Bəzən kiminsə yaşadığı acı, başqası üçün başa düşülməyəcək qədər dərindir. Bu da göstərir ki, empati qurmaq üçün başqasının yerində olmaq kifayət deyil, onun ürəyi ilə hiss etmək lazımdır.
Bəzən bir dəqiqə əsrlər qədər uzanar, bəzən illər bir göz qırpımında keçər. Zamanın keçişi də nisbi anlayışlardandır. Gözləyərkən zamana nifrət edərik, sevdiklərimizin yanında isə onun durmasını istəyərik. Ancaq zaman heç vaxt dəyişməz – dəyişən, onu necə hiss etdiyimizdir.
Xoşbəxtlik anlayışı da fərdidir. Kimsə üçün böyük uğurlar, şöhrət və sərvət, başqası üçün sadə bir ailə süfrəsi, bir dost sözü və ya sakit bir günəş batımı xoşbəxtlik deməkdir. Xoşbəxtliyi tapmaq da yaşamaq qədər subyektiv bir yoldur. Hər kəs öz ürəyinin qapısından baxaraq onu tanıyır.
Cəmiyyət uğuru adətən xarici göstəricilərlə ölçür: diplomlar, gəlir, sosial status… Amma həqiqi uğur bir insanın özü ilə barışa bilməsi, öz yolunda irəliləyə bilməsidir. Kimsə üçün ailə qurmaq uğurdur, başqası üçün dünyanı gəzmək. Kiminsə uğur hesab etdiyini, başqası tələ hesab edə bilər. Uğur – həqiqətən də – insanın öz içindəki səslə harmoniya yaratmasıdır.
Bir gün aynaya baxırsan və soruşursan: “Mən kiməm? Bu həyatda mənim gerçək istəyim nədir?” Həmin anda anlayırsan ki, uzun illər başqalarının doğrularına uyğun yaşayıb özünü itirmisən. Əslində uğur, sevgi, xoşbəxtlik – hamısı sənə kənardan öyrədilmiş anlayışlar ola bilər. Və sən bu anlayışları öz ruhuna uyğun yenidən yazmadıqca, azad ola bilməyəcəksən.
Bu məqalə sənin içindəki səssiz suallara bir cavab axtarışıdır. Sözlərin içində özünü tapdınsa, bu sənin yolundur. Əgər tapmadınsa – narahat olma. Hələ yolun başlanğıcındasan. Hər könül öz yolunu tapır, bəzən tək, bəzən susaraq, bəzən sevərək və ən çox da yanaraq.
Unutma, heç bir hiss səhv deyil, sadəcə o hissin içində yaşamaq və onu anlamaq sənə aiddir.
Cümşüdlü Mənsurə Dilavər