Gülyaz ƏLİYEVA
Mən müəlliməm, hər gün nə qədər dərsin planını qurur, əyanimi, virtualımı dərs keçirəm. Şagirdlərimə ana dilimizin şirinliyinin, ahəngdarlığının, musiqililuyinin səbəblərini, qayda-qanunlarını, ədəbiyyatımızın gözəlliyini, qədimliyini, hikmətini, sirlərini öyrədirəm.
Amma mən özüm də şagirdəm, yaşadıqca daim öyrənirəm, dərs alıram. Amma mənim müəllimim fərqli. Mənim daha amansız, acımasız, səhvləri bağışlamayan, qiymətdə güzəştə getməyən, ağır imtahanlar götürən bir müəllimim var. Bu müəllim – həyatdır! Yaşım irəlilədikcə bu müəllimdən çox şey gördüm, çox şey öyrəndim, həyatdan çox dərs aldım….Dünya gör-götür dünyasıdır, – deyiblər. Mən də gördüklərimə sadəcə baxıb keçmədim, onlardan çox şey götürdüm və öyrəndim.
Bu həyat mənə yaxşıca dərs verdi. Ən böyük müəllim həyatın özüdür, – deyənlər yanılmayıblar. Bu dünyada elə bir həyat yaşadım ki, Cənnəti də gördüm, Cəhənnəmi də… Həyat mənə çox erkən öyrətdi heç kəsə deyil də, yalnız özünə arxalanmağı, özünə güvənməyi, heç kəsdən kömək gözləməməyi, rahat, hamar yolla getməməyi… Daşlı-kəsəkli yolda özümə cığır açmağı. Atamı əlimdən çox tez almaqla əvvəlcə mənə bunu öyrətdi. Tam da həyata atıldığım anda. Qorxmadım, təkbaşına ayaqda durmağı öyrəndim. Həyatın qorxaqları sevmədiyini bildim. Cəsarəti öyrəndim o zaman. Həyatın gözünün içinə dik baxmağı öyrəndim. Xankəndidə ermənilərin içərisində ali məktəbə qəbul olunarkən haqsızlıqla təkbaşına mübarizə apardım və qələbə qazandım. Qəbul imtahanında inşa yazıda ədalətsizliklə “2” verilməyimə rəğmən erməni rektorun qəbuluna düşdüm, yazımı tələb etdim. Komissiya təşkil etdilər, yenidən inşa yazdım, haqqımı cəsarətlə müdafiə etdib, məni imtahandan “kəsdikləri” halda instituta qəbul olundum. Sən düzsənsə, sənə heç kəs bata bilməz. Öyrəndiyim həqiqətlərdən, həyat dərslərindən biri bu oldu. Uğur qazanmağın yolu yalnız çalışmaqdır. Bunu öyrətdi həyat adlı müəllim sonra mənə. Yaxşı öyrəndim həyat dərsimi, gecə -gündüz çalışdım və uğur qazandım mən də. Oxuduğum institutu yalnız çalışmağıma güvənərək fərqlənmə diplomu ilə bitirdim. Zəhmət çəkməyin, alın təri axıdıb əmək sərf edərək nəyəsə nail olmağın insana başucalığı gətirməyini gənc yaşlarımdan öyrəndim, təcrübədən keçirdim və gördüm.
Sonra qazandıqlarımızın hamısını əlimizdən aldı həyat. Ağır sınaqdan keçirdi bizi. Yurdumuzu, torpağımızı, evimizi, dincliyimizi, itkisinə dözə bilmədiyimiz atamızın qəbrini belə aldı əlimizdən… Hər şeyi yenidən, sıfırdan başlamalı oldum. İtirdiklərimizi əldə etmək üçün çarpışdım, yenilməməyə çalışdım. Mübariz olmağı, həyatdan küsməməyi öyrəndim.
Ən böyük sərvətin mənəvi zənginlik, yaxşılıq olduğunu, başa düşdüm və insan olmağı öyrəndim…Elə alim olmağın da, insan olmağın da çətin olduğunu, amma şərəfli olduğunu öyrəndim. Çətinliklə deyil, rahatlıqla qazanılanların qiymətsiz, dəyərsiz olduğunu öyrəndim. Odur ki, hər şeyə çətinliklə, əziyyət çəkərək yiyələndim. Yoxluğu gördükcə, qənaət etməyi öyrəndim. Öyrəndim ki, heç kəsə möhtac olmayım, heç kəsin yanında gözükölgəli qalmayım. Gözü-könlü tox olmağı öyrəndim. Gözü-könlü tox olanların yenilmızliyini gördüm. Paxıllığın, xəyanətin insanları gözdən saldığlnın, cılızlaşdırıb ucuzlaşdırdığlnı gördüm deyə sədaqəti öyrəndim…
Həyat məni yenə çətin imtahana çəkdi. Yenə ağır, çox ağır bir itki ilə üzləşdim. Ata itkisini unuda bilməmişkən həyat ən sevdiyimizi aldı əlimizdən, güvən yerimizi. Bir bacı üçün qardaş yarasının nə olduğunu öyrətdi, göstərdi mənə yenə acımasız həyat. Ağır bir imtahandan keçirdi məni. Ürəyinə qan-yaş axıdaraq, əyilməməyi, dik dayanmağın dərsini zor gücünə öyrətdi yenə mənə həyat. Üsyan eləmək istədim Yaradana “Nədən?” – deyə dəfələrlə soruşdum… Allahın sevdiyi bəndələrini imtahanlardan keçirdiyi qənaətinə gəldim sonunda… Səbr etməyi öyrəndim bu dəfə.
Dostların böyük bir sərvət olduğunu gördüm və bu zaman dost olmağı öyrəndim. Dürüst olmağın yolunu seçdim. Namərdlərin ağrı-acısını ürəyimdə daşıdıqca mərd olmağı öyrəndim. Yaşadıqca səhvlər etdim, səhvlərim də böyük bir müəllim oldu mənə. Etdiyim səhvlərdən, əlimdən çıxan xətalardan ibrət aldım. Səhv etməməyi mənə səhvlərim öyrətdi, xətalarımı gördükcə böyük və unudulmaz dərs aldım bu həyatdan. Bu dəfə səhvlərim oldu müəllimim, onlardan öyrəndim bir daha səhv etməməyi..
Çox, lap çox, canımdan da artıq sevdikcə sevdiklərimi bir-bir itirdim… Yenə canımdan bir can ayrıldıqca, birini dünyada hər şeydən çox sevməyin yanlış olduğunu öyrəndim. Yaqub kimi mən də balaca Yusifimi itirdikdə öyrəndim… üsyan etdikcə, razılaşmadıqca bunu öyrəndim. Həyat əlimdən ən qiymətlilərimi, ən çox sevdiklərimi aldıqca dünyada ən çox Allahı sevməyi öyrətdi. Dünyanın daimi olmadığını, insana yalnız bu dünyada təmiz adının və etdiyi yaxşılıqlarının qalacağını, özü ilə o dünyaya sonda heç nə apara bilməyəcəyini, onu var-dövlətin, mal-mülkün, heç nəyin deyil də, yalnız əməl dətftərinə yazılan xeyir əməllərinin əzablardan qurtara biləcəyini öyrəndim… Ümidi və inamı heç vaxt itirməməyi öyrəndim.
Ədalətin bu dünyada gec-tez qələbə çalacağına güclü inamın olmasının vacibliyini öyrəndim. Nə olursa-olsun, ümidini itirməməyi, Allaha qəlbən inanmağı, ona üsyan etməməyi zaman-zaman verdiyim itkilərdən, həyat dərslərindən öyrəndim… Torpağıma qovuşacağım günü gözlədim. Sonunda şükr etməyi, Yaradanı qəlbən sevməyi, ona sığınmağı, öyrəndim. Həyatdan küsməməyi, yıxıldıqca heç kəsə güvənməyib, yalnız öz dizlərinin təpərinə güvənib durmağı öyrəndim.
Dünyanın nə qədər fani olduğunu, itirdiklərimi gördükcə hər saatın hər anın qədrini bilməyi, boş durmamağı, daim nəsə yaratmağı, faydalı olmağı öyrəndim. İnsana dəyər verdim, insanı sağlığında sevməyin vacibliyini anladım, öyrəndim. Öyrəndim ki, sağlığında sevgini göstərməlisən sevdiklərinə, sonradan peşman olmamaq üçün… Allahı sevməyi, onun ədalətinə güvənməyi, inamı və ümidi itirməməyi, səbr və şükr etməyi və İnsan olmağı öyrəndim həyat dərsimdən…