Vasif SADIQLI
Bu hekayənin müəllifini unutmuşam. Deyəsən, rus yazıçılarındandır. Cəbhəyə gedən və cəbhədən qayıdan iki nəfər qarşılaşır. Cəhbədən qayıdan cəbhəyə gedən əsgərə parçaya bükülü bir şey verir və deyir ki, bu, suxarıdır. Amma indi yemə. Elə ki, gördün yüz faiz acından ölürsən, onda aç, ye. O biri də söz verir. Cəbhəyə gedən neçə dəfə aclıqla üzləşsə də, bükülünü açmır. Nəhayət, müharibə qurtarır, geri qayıdır, acından ölmək qorxusu yoxdur. Bükülü yadına düşür, onu açır və… görür ki, ordakı suxarı yox, taxta parçası imiş…
Bu əfsanəni isə Basarkeçərdə eşitmişdim. Bu rayon mərkəzi Göyçə gölünün Qazax tərəfdən gedəndə o başındadı. Orda bir Canəhməd kəndi var idi. Bu adın tarixi ilə maraqlandım, bir əfsanə danışdılar… “Göyçə gölünün bu tayında Əhməd adlı bir oğlan, o tayında isə Tamara adlı bir tərsa qızı yaşayırmış. Əhməd Tamaraya, Tamara da ona vurulubmuş. Əhməd hər gecə Göyçə gölünü üzüb Tamaranı görməyə gedirmiş. Əhmədin oriyentiri itirməməsi üçün Tamara əlində bir şam tuturmuş. Bir gün Tamaranın ailəsi bu vaqiədən xəbər tutur. Tamaranı ev dustağı edirlər. Sonra müxtəlif yerlərdə bir neçə adam dayanır, onlar növbə ilə şam yandırır. Əhməd əvvəlcə bu şama doğru üzür, sonra o şam sönür, bir başqa tərəfdə şam yanır. Əhməd indi o biri tərəfə üzməli olur, sonra başqa yerdə şam…. Tamara künci-qəmxanədə “Can, Əhməd” deyib ağlayır, başını divara döyür, nə baş verdiyindən bixəbər olan Əhməd isə “Ax, Tamara” deyə suların qoynunda üzür. Nəhayət, səhərəcən o yan-bu yana üzən Əhməd taqətdən düşür və boğulub ölür…”
Əhməd göldə boğulmaq ərəfəsində olanda suda bir taxta parçası görsəydi, ondan yapışmazdı, imdad diləməzdi, yardım istəməzdi, ona bel bağlamazdı. Çünki taxta parçası açıqca görünəndə onun kvint-essensiyası bəlli olur. Deyir, mən taxta parçasıyam. Amma taxta parçası bükülü olanda və çörək kimi qəbul ediləndə və insan buna inanmaq üçün yetərincə sadəlövh olanda, taxta parçası da xilas üçün stimul olur… Bunun üçün fövqəladə sadəlövhlük lazımdı. Don Kixot sadəlövhlüyü…
Əhməd Tamaranı taxta parçası yox, “çörək”, həyatın mənası, Nəqqaşa yetmək üçün nəqş hesab edirdi… “qoyduğu yerdə” tapa bilmədiyi üçün boğuldu qeyri-müəyyənlik ümmanında. Əgər Tamara həmin vaxt həmin “qoyulduğu” yerdə olsaydı, Əhməd göl nədi, okeanı üzüb keçərdi. Əhməd inananda hər şey edə bilərdi. Əhməd inananda hələ suyun üstü ilə yeriyə bilərdi, nə bilim, bəlkə, yeridi də… Onda su onun ayağının altında möhkəm zəmin kimi idi. Əhməd suya da inanırdı, Əhməd ona və Tamaraya inandığı üçün su da ondan əmin idi. Əhməd Tamaraya da, özünə də, ona güc verənə də əmin idi… Əhməd vəhdətə inanırdı…
Amma şam Əhmədin gözündə etibarını itirəndə hər şey dəyişdi. Əhməd şübhəylə başını qaldırıb göyə baxdı. Artıq ordakı nurlu Ay da əvvəlki deyildi. Ayın qövsündə bir şeytangözlü adam oturub ayaqlarını aşağı sallamışdı… Bir kinayə vardı sifətində. Əvvəllər Tamaranın tutduğu şama doğru gedəndə Əhmədin ayağının altında girdab, başının üstündə Ayda əyləşən şeytangözlü adam yox idi, ya da Əhməd bunun fərqində deyildi. Əhməd yalnız bir işıq görürdü – onu vüsala aparan işıq. Amma indi… Birdən ona elə gəldi ki, şeytangözlü adam ona hətta kömək əlini də uzatdı… Şeytangüzlü adam ona, sadəcə, ironiya ilə baxanda heç belə dəhşətli və ikrah doğuran deyildi. Həmin gün Əhməd Tamaraya “bir dənə ola bilmədin, çox dənə oldun” deyə bildimi, görəsən? Əslində deməyə haqqı da yox idi. Çünki ortada bir ola bilməyən Tamara yox, onun imitasiyası var idi. Amma bir şübhə yaranmışdı.
Şübhə ilə inam arasında qalan Əhməd saat kəfkiri kimi o baş-bu başa gedirdi. Bu, bir qaydadır, saatın kəfkiri amplitudanın bir başına nə qədər çox gedərsə, əks tərəfə getmək üçün daha çox təcil alır. “Kəfkir”in bu, o baş-bu başa hərəkətləri Əhmədin aktivindən zaman və güc silirdi. Əhmədin gücü əzələsində yox, inamında idi. Tamaranı “qoyduğu yerdə” tapmayanda Əhmədin bu ümidi üzüldü. Əhməd onu udmaq istəyən girdabla Ayın qövsündə oturub gülümsəyərək ona əl uzadan Şeytangöz arasında qalmışdı. Nə Ay o Ay idi, nə şam o şam idi. Su da həmin su deyildi. Hava da həmin hava deyildi. Əhməd ciyərlərindəki havanı çıxarıb girdabı seçdi… Girdab həmin girdab idi. Əhməd vəhdətə gedirdi, vəhdətdən güc alırdı, onu kəsrətlə yıxdılar…
… Bütün bunları niyə yazıram? O gün Zeynəb Qurbanlı bu şeiri paylaşmışdı. Etinasız qala bilmədim. Çox tanış yaşantı idi:
Ey mənim nikbin hallarım,
Tezcə aldanışlarım…
Həmişə inanışlarım.
Haqlıdırlar kimi davranmaqlarım.
Səhvi hey özümdə görməyim.
Layiq olmayanları fikrimdən çıxarmamağım,
Boş yerə axıb gedən göz yaşlarım,
Hər kəsi adam yerinə goymaqlarım,
Hamınıza əlvida…
Artıq mən,
heç kimin
heç nəyi olmayacağam.
(Nazim Hikmət)
P.S. Zarafat eləyirəm. Hamınız gözəlsiniz. “Həyat da gözəldir. İstəsən, bu gözəlliyi külqabıdakı əzilmiş siqaret kötüyündə görə bilərsən” (F.Kafka)
Xeyirli nəbilimnə günü