- Köşə, Xəbərlər

Hara gedirik?!

Gülyaz ƏLİYEVA

Bu məsələ millətimizi narahat etməlidir. Yeniyetmə və gənclərimizin tərbiyəsinə xarici təsirlər çoxdur. Valideynlər övladlarının qarşı laqeyddirlər. Elə son zamanlarda baş verən intiharlar… Şagirdlərin, gənclərin milli zəmində tərbiyədən uzaq düşməsi, milli-mənəvi dəyərlərimizə hörmətsizlik, onları lağa qoymaq, ələ salmaq, heç də yaxşı nəticələrdən xəbər vermir! Məsələ təkcə “Keçəl”, “Kosa ” məsələsi deyil, Keçəli, Kosanı daş-qalaq edənlər “Cadılar bayramı” deyilən üzdəniraq bayramı, milli bayramlarımızdan üstün bilib, atributları kəsilmiş qollar, qana bulaşməş əllər, qana bulaşmış baş -göz olan “İfritələr “bayramı”na həvəslə girişir, dədələrinin döğma bayramı kimi qeyd edirlər!
Guya bunlar “evropeyski”dirlər, intiligentdilər – Sabir demiş, “itilgetdilər”. Bunlar Kosa və Keçəlin “səviyyəsiz” yumoruna gülmürlər, intellektləri başlarından aşıb -daşır, müasirdirlər.
Mən lap kosmosada yaşasam da, Qərib kimi Cinlər diyarına düşsəm də, yenə haradansa “Qarabağ şikəstəsi “nin sədaları eşidiləndə, bir yanıqlı bayatı, ağı səslənəndə gözlərim yaşarır. Nə qədər bəsit, sadə, primitiv hesab etsələr də, lap onların yumorlarını əzbərdən bilsəm də, intellektim, biliklərim qıcqırıb başımdan çıxsa da, nə qədər güclü yumorlar la tanış olsam da, Kosa və Keçəli görəndə yenə də dodaqlarım qaçır, üzümə yüngül təbəssüm qonur. Uydurma olduğunu bilsəm də, yenə də mən hər nağılın sonunda maraqla göydən 3 alma düşməsini və bu almalardan birinin mənə qismət olmasının təbii sevincini yaşayıram. Məlikməmmədlə bərabər mən də sanki ağ qoçun üstünə minmək istərkən onunla bərabər qaranlıq dünyaya düşür, Zümrüd quşu ac qalmasın deyə Məlikməmmədin budundan kəsib Zümrüd quşuna verərkən duyduğu ağrını sanki mən də öz cismimdə duyur, Cırtdanla birlikdə nənənin yağlı yaxmacının dadını hiss edir, divi aldadıb çayı keçmənin sevincini yaşayır, Nərbala ilə birlikdə zalım dərvişin zülmünə son qoyur, xalqı Ağ atlı oğlan ” cildində zülmkar Döşgüvar padşahların zülmündən azad etmənin sevincini yaşayıram. Çünki bu, bizim folklorumuzdur, qanımıza genlə keçib, qan yaddaşımızdan gəlir, əcdadlarımızın şifahi yaradıcılığıdır. Bu sadə, primitiv görünən nümunələrin arxasında dərin hikmətlər yatır. Qəvvas olub o dərinliyə dalmağı bacarmayanlar bilə bilməz onların qədrin. Cəmi 4 misradan ibarət xalq bayatılarımızda, atalar sözlərimizdə, lətifələrimizdə bəzən qalın -qalın kitabların verə bilmədiyi dərin mətləblər gizlənir, hikmətlər ifadə edilir. Koroğlu demiş, üstünü unlu görüb, adını dəyirmançı çağırmayın, folklor nümunəsidir, – deyib etinasız keçməyin, o sözlərin altında yatan mənaya, sadə xalqın bizə çatdırmaq istədiyi mətləbə, yumor altında yatan qayəyə, ağrı -acıya, hikmətə, arzuya, istəyə diqqət yetirin. Onu tutmağa çalışın.
Biz əgər vətənpərvər gənclər yetişdirmək istəyiriksə, ona xalqın şifahi ədəbiyyatını sevdirməkdən başlamalıyıq. Hər bir xalqın özünəməxsus milli forma və yaradıcılıq xüsusiyyətinə malik folkloru olduğu kimi bizdə də xalqımızın özünəməxsus xüsusiyyətləri, milli adət ənənələri, həyat və məişəti, xarakteri ifadə olunmuş, qəhrəmanlıq humanizm və düşmənə nifrət və s. gözəl keyfiyyətləri bədiiləşdirilən şifahi xalq yaradıcılığımız var. Xalqın həyatında elə bir mühüm əhəmiyyətli hadisə yoxdur ki, o, şifahi yaradıcılıqda bu və ya digər şəkildə öz əksini tapmamış olsun. Bu nöqteyi- nəzərdən xalq yaradıcılıq nümunələri tarixi öyrənmək üçün zəngin material verir. Odur ki, şifahi xalq ədəbiyyatını bilmədən xalqın həqiqi tarixini də öyrənmək olmaz.
Məlumdur ki, folklor öz xüsusi yolu ilə həmişə tarixə yol yoldaşı olub.
Xalqın yaratdığı qədim nağıllarda, əfsanələrdə ibtidai-icma dövrünün qalıqları, xalqımızın o zamankı həyat və məişət tərzini, adət- ənənələrini, dünyagörüşünü öyrənirik. Odur ki, onlara bu günün gözü ilə baxıb qiymət vermək düz olmaz. Şifahi xalq ədəbiyyatını bilməyən tarixini də bilməz. Amma bu günlərdə şifahi ədəbiyyatımızı, milli -mənəvi dəyərlərimizi danmaq, onu aşağılamaq kimi qorxulu və zərərli bir dəb meydaba çıxıb sanki.
XX əsrin əvvəllərində-Sovet hakimiyyəti təzə qurulanda da proletkultcular keçmişi bu cur danirdilar. Her şeyi sovet idealogiyası ilə təzədən – sifirdan qurmaq istəyirdilər .”Daloy tar “, daloy Füzuli “, deyirdilər. Tarı, şifahi ədəbiyyatı, klassiklərimizi köhnəliyin , feodalizmin qalığı adlandırır, hərəsinə bir damğa vururdular: “Kitabi- Dədə Qorqud”a mürtəce ədəbiyyat, Füzuliyə “feodalizm qalığı”, C. Məmmədquluzadəyə “xırda burjua yazıçısı “, və s. adlar qoyaraq onları inkar edirdilər. Sovet ideologiyasi ilə. Bes indi hansi ideologiya yaratmaq istəyirlər? Təəssüf ki, bu yanlışlıqlar bu gün də yenidən baş qaldırmaqdadır.
Bunları edən cəmiyyətin bir sıra nümayəndələridirsə, onların içində bəzi qələm sahibləri də var. Xüsüsən, bəzi gənc şairlər reytinq qazanmaq, gündəmə gəlmək üçün başqa yol tapa bilmədiklərinə görə bu vasitəyə əl atırlar. Heyif ki, bu cür hallar günü-gündən çoxalır. Məmurundan tutmuş sıravi vətəndaşa qədər biri himnimizə əl atır, biri
korifeylərimizə dil uzadır, biri bayramlarımıza, biri atributlarımıza və s.
Öz ədebiyyatimızı
bilməyənlər iki xarici ədəbiyyat oxuyan kimi deyirlər ,bizdə ədəbiyyat yoxdur. Bu da milli dəyərlərin bir cur iflasidir.
Danılmaz faktdır ki,
milli-mənəvi dəyərləri olmayan millət millətlər icində məhv olub gedir.
.Bu deyerleri ovladlarimizin itirməsinə yol verməməliyik. Uçurum kənarındayıq, özü də çox qorxulu bir uçurumun. Bu uçurumun kənarından çəkilmək, özü də tez bir zamanda çəkilmək lazımdır. Əks təqdirdə, gec olar. Çünki itirə-itirə gedirik və itirdiklərimizə yiyə durmaq, onları təkrar qazanmağın vaxtı çoxdan çatıb.
Bu dəyərləri ovladlarimizin itirməsinə yol verməməliyik. Milli-mənəvi dəyərlərimizə, folklorumuza sahib çıxmalı gənclərə düzgün yolu göstərməliyik.