Könül BÜNYADZADƏ
Hava dörd ünsürdən biridir, ancaq nə onun kimyəvi tərkibi, nə atmosfer qatları, nə də ozon dəlikləri söhbətin məzmununa daxil deyil. Heç yaxın da gəlmir. Sadəcə hava – vahid, artıq “vətəndaşlıq” hüququ qazanmış, öz varlığını tanıtdırmış məfhumdur.Hava azadlıqla bir bənzəyiş, assosiasiya yaradır. Sanki molekullar da burada azadlıqdadırlar: bir-birindən aralı, sərbəst dolaşırlar. Hava hara istəyir dolur, hansı formanı istəyir onu da alır. O, istər qızılı zəmi olsun, istər yamyaşıl çəmən, istərsə də xarabalıq – fərqi yoxdur, üzərindən əsib keçir. O özü yüklənmir, hansı an haradadırsa, odur, oradan xəbər verir, sonra götürdüyünü harasa atıb başqa bir şeyi götürüb qaçır. Hava heç nəyi özündə saxlamır, heç nə orada dayanmır, durmur. Amma qarşısına keçən nə varsa, götürüb hara isə aparır, çatdırır. Təsadüfi deyil ki, özündə bu keyfiyyətləri daşıyan insanı da bəzən havaya bənzədirlər və bu “havalanan” insanın başqalarından üstün cəhəti, yəqin ki, onun özünü azad hiss etməsidir.
Hava ünsürlər arasında ən yüngülüdür. Onun ağırlığını heç kim hiss eləmir, varlığı heç kimin yerini dar eləmir. “Qonduğu” yerdə iz qoymur, onda da iz qoymaq olmur. Onun varlığı normal halından çıxanda hiss olunur: külək olub əsəndə, meh olub çiçəkləri titrədəndə. Sanki onun varlığı ilə yoxluğu eynidir. Bəzən onu boşluğa da bənzədirlər. Təbii ki, bunlar fərqlidir. Onun yoxluğu saniyələr içində özünü büruzə verir. Onu nəyə isə bənzətmək çətindir. Amma madam ki, var, deməli, müqayisəsi də olmalıdır. Və onun ancaq bir bənzəri tapıldı: əlaqə.
Güclü əsib daşı-ağacı yerindən qoparmağı, sarsılmaz şeyləri uçurtmağı sel də bacarır, od da, torpaq da. Havanın bacarığı gözlə görülməyən, əllə tutulmayan şeyləri daşıya bilməsidir. Çiçəklərin ətrini, rayihəsini havadan başqa nə ətrafa yaya bilər? Səsi havadan başqa kim uzaqlara çatdıra bilər? Rəngləri olduğu kimi, qarışdırmadan çatdırmağı, günəşin şüalarını yağışın damlaları ilə görüşdürüb yeddi rəngə salmağı havadan başqa nə bacarar? Hava fiziki təsviri, maddi varlığı olmayanlara sanki varlıq verir, onları sahibindən alıb hara isə çatdırmağa kömək edir, onların hərəkətini təmin edir.
Hava həm də insanın mənəvi dünyası ilə zahiri dünyası arasında əlaqədir. Amma burada da “daşıdığı”, “ötürdüyü” şeylər sözə, hərflərə sığmayanlardır. Dərin, odlu bir ah dağlar boyda dərdin narahat bir zərrəsidir, nəfəs onu ürəkdən çıxardır ki, insan bir az yüngülləşsin.
İnsan heyrətlə içini çəkəndə hava həmin heyrəti doldurur damarlara ki, bütün bədənə yayılsın, insan bütün varlığı ilə onu hiss eləsin: rəngi qaçsın, səsi titrəsin, əli əssin.
Təəccübdən nəfəsini içinə qısanda, hava insanın içi ilə zahiri arasındakı disbalansı gizlədir…
Bəzən nəfəsin, havanın saxladığı şey o qədər ağır olur ki, torpaq bədən ona dözmür və onu gözlərdən süzülən damcılara çevirir, ya bir şeirin misralarına, ya bir musiqinin sədasına, ya bir rəsmin rənglərinə “tökür”. Hava isə bütün bunları sadəcə daşıyır, çatdırır, özü isə onlara qarışmır, hiss etmir.
Havanın daşıdığı ən önəmli şeylərdən biri yenə də maddi varlığı olmayan, amma maddiyyata varlıq verən bir şeydir – həyat. İstər ən uca zirvədə olsun, istər ən dərin suların dibində olsun, istərsə də yeddi qat torpağın altı olsun, hansı vasitə ilə olursa olsun, özünü ora çatdıra bilirsə, daşıdığı bu əmanəti – həyatı sahibinə verir. Bu, zirvələrdə dolaşan quş da ola bilər, okeanlarda üzən balıq da, torpağın altından işığa can atan toxum da. Su da, torpaq da öz sakinlərini yaşatmaq üçün havanın gətirdiyi həyata möhtacdır. Hətta özündən razı, lovğa od da havanın “havasına” oynamağa məcburdur.
Hava yeganə ünsürdür ki, həm maddi dünyada var, həm ilahi. Əslində, hava bu ikisi arasında yeganə (!) “əlaqədir”. Bu “hava”nın adı ruhdur. Allah torpaq bədənə ruh üfürəndə ancaq ona həyat vermir, həm də adlar öyrədir, həm də əmanətini etibar edir.
Maddi dünyanın çərçivələrindən yorulan, boğulan insan yenə ruhu ilə fərqli bir dünyaya ucala bilir.
Ruh – azadlıqdır. Azadlıq isə sənlə “Mən”in arasında əlaqədir. Sən – sosial varlıq olaraq “Mən”ə – ilahi varlığa çatmaq üçün azadlığın içindən keçməlisən.