- Cəmiyyət

“Heydər Əliyev siyasəti: tolerantlıq”

XX əsrin ən böyük  simalarından  biri  olan  Heydər  Əliyevin  1993-cü  ildə  hakimiyyətə  qayıdışından  sonra  milli-mənəvi  dəyərlərimizə  münasibətdə  yeni  bir  mərhələ  başladı.  Heydər  Əliyev  ölkəyə  rəhbərlik  etdiyi  ilk  gündən  insan  hüquq  və  azadlıqlarına, xüsusilə  vicdan  və  din  etiqad  azadlığının  bərqərar  olmasına, milli-mənəvi  dəyərlərimizin  qorunmasına, insanların, əsasən  də  gənclərin  milli-mənəvi  dəyərlərə  sadiq  yetişməsinə  böyük  önəm  verildi. Gənclərin  milli  ruhda  tərbiyə  olunmasına  xüsusi  diqqət  və  qayğı  ilə  yanaşmağı  vacib  sayan  H.Əliyev  Azərbaycan  Gənclərinin  I Forumundakı  çıxışında  bu  məqamı  önə  çəkərək  qeyd  edirdi: “Gənclərimiz  dinimizi  olduğu  kimi  öyrənməli, qəbul  etməli  və  ondan  istifadə etməlidir. Biz  heç  vaxt  imkan  verə  bilmərik  ki, ayrı-ayrı  şəxslər, ayrı-ayrı  qüvvələr  öz  şəxsi  mənafelərini  güdərək, islam  dini  pərdəsi  altında  Azərbaycan  gənclərinin  tərbiyəsinin  və mənəviyyatının  zədələnməsinə  gətirib  çıxartsınlar”. “Dinimiz  xalqımızın  milli-mənəvi  sərvətidir” – deyən  H.Əliyev  mənəvi  dəyərlərimizə  gələcəyimizin  təməli  kimi  baxırdı. Onun  yürütdüyü  siyasətin, xüsusilə  din  siyasətinin  əsas  istiqamətlərindən  biri  də  elə  bu  idi.

Azərbaycan  xalqının  tarixi  keçmişini  çox  gözəl  bilən  H.Əliyev  xalqımızın  öz  inancından  uzaqlaşmadığının  yaxından  şahidi  olmuşdu. O, bu  haqda  bu  cür  qeyd  edirdi: “Biz  azərbaycanlılar  heç  vaxt  inamımızdan, dinimizdən  uzaqlaşmayacaq  və  bu  mənəvi  mənbələrimizdən  istifadə  edərək  gələcəyimizi  quracağıq”. Vətəninə  və  xalqına  xidmət, onun  milli-mənəvi  dəyərlərini  qorumaq  bu  böyük  şəxsiyyətin  təkcə  prinsipinə  deyil, eyni  zamanda,  həyat  tərzinə  çevrilmişdi.   “Azərbaycan  dövləti  müstəqillik  əldə  etdikdən  sonra  xalqımızın  mənəvi  dəyərləri canlanıb  bərpa  edilibdir” – deyən  H.Əliyev  bu  sahədə  qarşıya  qoyulan  məqsədləri  də  müəyyənləşdirmiş  və  həmin  məqsədlərdən  birini  bu  cür  açıqlamışdır, Biz  Azərbaycanda  öz  milli-mənəvi  dəyərlərimizə  söykənərək, eyni  zamanda  xalqımızın  elminin, mədəniyyətinin  inkişafına, milli-mənəvi  dəyərlərin  ümumbəşəri  dəyərlərlə  zənginləşməsinə  və  vəhdətinə  xüsusi  əhəmiyyət  veririk”.   Ancaq  biz  dindən  ayrı  deyilik”. Bu  fikri  dövlət  quruculuğu  prosesinə  çevirən  H.Əliyev  istər  beynəlxalq  konfranslarda, istərsə  də  ölkə  ictimaiyyəti  qarşısında  etdiyi  çıxışlarda  dəfələrlə  vurğulamışdı: “Bizim  Konstitusiyamıza  görə  ölkəmizdə  dünyəvi  dövlət  qurulur. Din  dövlətdən  ayrıdır.  Təbiidir  ki, bütün  dünyəvi  ölkələrdə  bu  belədir.  Bu, heç  kəsdə  təəccüb  doğurmasın.  Bu, bizim  dinə  münasibətdə  başqa  bir  mövqe  tutmağımızı  göstərmir”. H.Əliyevin  böyüklüyü, uzaqgörənliyi  bir  də  onda  idi  ki, o, yeni  yaranmış, milli  dövlətçilik  ənənələri  təzə-təzə  formalaşmış  gənc  bir  dövlətə  qarşı  qara  qüvvələrin  hər  cür  vasitələrdən  istifadə  etməsinin  mümkünlüyünü  bilirdi  və  din  siyasətində bu  amili  nəzərdən  qaçırmırdı. Ona  görə  də o, ən  optimal  variant  olaraq  tolerantlıq  mühitini  möhkəmləndirən  əsas  prinsipləri  maarifləndirmə  yolu  ilə  vətəndaşlara  çatdırmağı  ön  plana  çəkirdi. Yalnız  düzgün  maarifləndirmə  yolu  ilə  xurafatın  kökünü  kəsmək, radikal,  ekstremist  qüvvələrin  qarşısını  almaq  və  dini  cahillərin  girovundan  xilas  olmaq  mümkündür. Din  cahillərin  əlində  xurafat, alimlərin  əlində  isə  xurafata  qarşı  ən  güclü  silahdır. Bu  mənada  H.Əliyevin  “Din  incə  bir  materiyadır” kəlamının  arxasında  hansı  mənaların  gizləndiyini  müəyyən  etmək  elə  də  çətin  deyildir. Bir  sözlə, H.Əliyevin  dinə  münasibəti, ona  verdiyi  xarakteristik  tərif  orijinallığı  ilə  seçilir. O, deyirdi  ki, “Biz  dini  ilk  növbədə  mədəniyyətin, tarixi  irsin, milli  mentalitetimizin  bir  fenomeni  və  ayrılmaz  bir  hissəsi  kimi  qəbul  edirik”.

H.Əliyev  dini  təhsilin  inkişafı  sahəsində  də  əvəzsiz  addımlar  atmışdır. O, yerli  milli  kadrların  hazırlanmasına, dini  maarifləndirmə  işində  əsasən  daxili  potensialdan  istifadə  olunmasına  diqqət  yetirməyi  vacib  sayırdı. Elə  bu  səbəbdən  Azərbaycan  dövləti  öz  müstəqilliyini  bərpa  etdikdən  sonra  bu  problemin  həlli  istiqamətində  ciddi  addımlar  atılmış, ölkədə  dini  sahədə  milli  kadrların  hazırlanması  məqsədilə  Bakı  İslam  Universiteti, onun  bölgələrdə  filialları, Bakı  Dövlət  Universitetinin  nəzdində  ilahiyyat  fakültəsi, müxtəlif  mədrəsələr, dini  mərkəzlər  açılmışdır.  Qətiyyətlə  deyə  bilərik  ki, hazırda  ölkəmizdə  islamşünaslıq  elmi  inkişaf  dövrünü  yaşayır  və  bu  inkişafda  H.Əliyevin  rolu  əvəzsizdir.

H.Əliyevin  şəxsi  təşəbbüsü  və  qayğısı  ilə  Bakıda  bir  neçə  beynəlxalq  konfrans  keçirilmiş  və  bu  konfranslar  İslam  dünyasında  ciddi  əks-səda  doğurmuşdur. 1998-ci  ildə  keçirilmiş “ Müasirlik  və  dini-mənəvi  dəyərlər” mövzusunda  beynəlxalq  konfrans, “İslam  sivilizasiyası  Qafqazda” mövzusunda  beynəlxalq  simpozium  H.Əliyevin  adı  ilə  bağlı  möhtəşəm  tədbirlər  kimi  tarixə  düşüb. H.Əliyev  1998-ci  il  dekabrın  9-11-də  Bakıda  keçirilən  “Qafqazda  İslam  sivilizasiyası”  adlı  beynəlxalq  simpoziumda  çıxış  edərək  simpozium  iştirakçılarına  müraciətlə  demişdir: “Mən  belə  fikrə  gəlirəm  ki, Azərbaycan  Qafqazda  İslam  sivilizasiyası  araşdırmalarının  mərkəzi  ola  bilər.  Azərbaycanın  buna  haqqı  da  vardır.  Əgər  siz  hamınız  belə  bir  qərara  gələ  bilsəniz, Azərbaycanda  bir  mərkəz  yaratmaq  olar.  Azərbaycan  dövləti  də  buna  himayəçiliik  edə, kömək  göstərə  bilər.  Mən  hər  halda  Azərbycanın  timsalında  demək  istəyirəm  ki, bu  sahədə  çox  böyük  işlər  görülməlidir. Elmi  tədqiqat  üçün  burada  geniş  imkanlar  vardır”.

Azərbaycanda  islamşünaslıq  elminin  inkişafı  sahəsində  önəmli  addımlardan  biri  kimi  H.Əliyevin  xeyir-duası  ilə  Qafqaz  Müsəlmanları  İdarəsinin  nəzdində  Elmi-Dini  Şuranın  yaradılmasını  göstərmək  olar. Azərbaycan  elminin  inkişafında  böyük  xidmətləri  olan  görkəmli  alimlərin  və  din  xadimlərinin  Elmi-Dini  Şurada  bir  araya  gəlməsi, şübhəsiz  ki, ölkədə  islamşünaslığın  inkişafına  əhəmiyyətli  dərəcədə  təsir  göstərməkdədir.

Ədalətlə  həqiqət  pəncərəsindən  tarixi  proseslərin  gedişatına  diqqət  etsək, görərik  ki, ölkəmizdə  dövlət-din  münasibətlərinin  tənzimlənməsi, dini  sahədə  sabitliyə  nail  olunması, konfessiyalar  arasında  tolerantlıq  mühitinin  dövlət  səviyyəsində  qorunub  saxlanılması  məhz  H.Əliyevin  adı  ilə  bağlıdır.  Onun  ikinci  dəfə  hakimiyyətə  qayıdışından  sonra  tolerantlıq  mühiti  dövlət-din  konsepsiyasına  uyğun  daha  da  möhkəmlənmiş,  bu  sahədə  dövlət  siyasətinin  prioritet  istiqamətinə  çevrilmişdir.   Eyni  zamanda,  tolerantlıq  vətəndaş  cəmiyyətinin  əsas  əxlaq  prinsipidir.  Latın  sözü  olan  tolerantlığın  hərfi  mənası  “dözümlülük”  deməkdir.  Tolerantlıq  müxtəlifliyin  mövcudluğuna  təminat  verən  hüquqi  borc  və  mənəvi  tələbatdır. Tolerant  sözü  dilimizə  “dözümlü”  kimi  tərcümə  olunsa  da, bu  söz  “hörmət”  kimi  də  işlədilə  bilər.

Tarixən  dinlərin  və mədəniyyətlərin  qovşağı  olmuş  Azərbaycan  bu  gün  də  tolerantlıq  funksiyasını  uğurla  yerinə  yetirməkdədir. Hazırda  Azərbaycan  əhalisinin  tərkibi  həm  etnik, həm  dini, həm  də  məzhəb  baxımından  zəngindir.   H.Əliyev  İslam  dininin  və  Azərbaycan  xalqının  bu  xarakterik  xüsusiyyətini  çox  gözəl  ifadə  etmişdir: “Hesab  edirəm  ki, Azərbaycan  xalqı  özlüyündə, təbiətinə  görə, öz  xarakterinə  görə  yüksək  tolerantlıq  hissinə  malikdir”. H.Əliyev  istər  din xadimləri  ilə  görüşündə, istərsə  də  beynəlxalq  konfranslarda  diqqəti  dinlərin, xüsusilə  İslamın  dözümlülük  xüsusiyyətinə, insanları  birliyə, vəhdətə  dəvət  çağırışlarına  çəkərdi. O, deyirdi  ki, “İslam  dini  bizi  heç  vaxt  işğalçılığa, qəsbkarlığa  sövq  etməmişdir. Biz  sülhsevər  millətik.  Bizim  dinimiz də  insanlara  dostluq, qardaşlıq, sülh, barışıq  yolu  göstərmişdir.  Biz  həmişə  bu  yolla  getmişik”.

H.Əliyevin  Azərbaycan  xalqı  və  tarix  qarşısında  ən  böyük  xidmətlərindən  biri  də  Azərbaycan  Konstitusiyasında  “Dini  etiqad  azadlığı  haqqında”  qanunun  təsbit  olunmasını  həyata  keçirtməkdir. Belə  ki, Konstitusiyamızın  48-ci  maddəsinə  görə, hər  bir  vətəndaş  vicdan  azadlığını, dinə  münasibətini  müstəqil  müəyyənləşdirmək, dini  əqidəsini  sərbəst  ifadə  etmək  və  yaymaq, dini  mərasimlərini  sərbəst yerinə  yetirmək  hüququna  malikdir.

H.Əliyevin  tolerantlıq, dini  dözümlülük  anlayışına  spesifik  baxışı  var  idi. O, Beynəlxalq  tolerantlıq  günü  münasibətilə  ölkədəki  dini  konfessiyaların  başçıları  ilə  görüşündə  tolerantlıq anlayışının  geniş  məna  tutumuna  toxunaraq  bu  məfhumun  qısa  və  lakonik  izahını vermişdir: “Tolerantlıq, dözümlülük  çox  geniş  anlayışdır: O, həm  insani  münasibətlərin, həm  insan  cəmiyyətində  gedən  proseslərin, həm  də  dövlətlərarası, millətlərarası, dinlərarası  münasibətlərin  bir  çox  cəhətlərinə  aiddir.  O, təkcə  dinlərin  bir-birinə  dözümlülüyünü  deyil, həm də  bir-birinin  adətlərinə, mənəviyyatına  dözümlülük, mədəniyyətlərə  dözümlülük  deməkdir”.  Yeri  gəlmişkən,  qeyd  etməliyik  ki, 16  noyabrın “Beynəlxalq  tolerantlıq  günü”  kimi  qeyd  edilməsi  məhz  H.Əliyevin  təşəbbüsü  və  göstərişi  ilə  həyata  keçirilmişdir.  H.Əliyevin  səmimiliyinin  bir  cəhəti  də  ondan  ibarət  idi  ki, o, dini  konfessiyaların  rəhbərləri  ilə  müxtəlif  tədbirlərdə  görüşər, fikir  mübadiləsi, məsləhətləşmələr  aparar, dini  bayramlar  münasibəti  ilə  səmavi  dinlər  arasında  fərq  qoymadan  dindarları  rəsmən  təbrik  edərdi.  Bu, H.Əliyevin  böyüklüyünün, səmimiliyinin  və  Azərbaycan  xalqının  tolerantlıq  ənənələrinə  sadiqliyinin  göstəricisi  idi.  O, deyirdi  ki, “İnsanlar  hansı  dinə, hansı  mədəniyyətə  mənsubluğundan  asılı  olmayaraq  bütün  başqa  mədəniyyətlərə, dinlərə,  mənəvi  dəyərlərə  hörmət  etməli, dinlərin  bəzən  kiməsə  xoş  gəlməyən  adət-ənənələrinə  dözümlü  olmalıdırlar.  Dini  nöqteyi-nəzərdən  ədavət, münaqişə, müharibə  yolverilməzdir”.

H.Əliyevin  Respublikamıza  rəhbərlik  etdiyi  illlərdə  müxtəlif  ölkələrin  din  xadimlərinin, dini  liderlərin  Azərbaycana  səfərə  dəvət  olunması  məqsədi  ilə  dövlət   səviyyəsində  lazımi  tədbirlər  həyata  keçirilmişdir.  Bir  neçə  il  ərzində  Moskva  və  Ümumrusiya  Patriarxı  II  Aleksinin, Roma  papası  II  İohann  Pavelin, Gürcüstan  Patriarxı  II  İlyanın, Rum  Patriarxı  I Vorfolomeyin  Azərbaycana  səfərləri  təşkil  olundu  və  onlar  buradakı  tolerantlığın  şahidinə  və  təbliğatçısına  çevrildilər. 2001-ci  ilin  may  ayında  Azərbaycanda  səfərdə  olan  II  Aleksi  ölkəmizdəki  tolerantlıq  mühitinə  heyran  qaldı  və  səmimi  etiraf  etdi  ki, “Burada  pravoslavlar  heç  bir  sıxışdırmaya  məruz  qalmadan  öz  dinlərinə  və  əqidələrinə  etiqad  edirlər.  Hətta  bu  cür  şərait  təəssüf  ki, bəzi  pravoslav  ölkələrində  belə  yoxdur”   – deyir  və  bu  fikirlər  dünyanın  ən  nüfuzlu  telekanallarında, qəzetlərində  yayımlanır. Rum  Patriarxı  I Varfolomeyin  Azərbaycana  səfəri  zamanı  buradakı  tolerantlığa  verdiyi  qiymət  də  çox  maraqlıdır: “Azərbaycanda  hər  kəs  istədiyi  dinə  etiqad  edir, istədiyi  kimi  ibadət  edə  bilir.  Azərbaycanı  çox  sevdim. Bu  ölkənin  rifahı  və  xoşbəxtliyi  üçün  hər  zaman  dua  edəcəyəm”.

Həmin  illərdə  ATƏT-in  İnsan  Hüquqları  və  Demokratik  Təsisatlar  Bürosunun  rəhbəri  Yerar  Ştudman etiraf etmişdir  ki, “Azərbaycanda  dini  dözümlülük  heç  də  yeni  konsepsiya  deyildir. Bu ölkə  yüz  illər  boyunca  müxtəlif  mədəniyyətlərin  yanaşı  yaşamasına, dözümlülüyə  bariz  nümunə  ola  bilər. Biz  onu  ümumi  mədəni  irsimizə  münasibətdə  nümunə  göstərə  bilərik”.

Tolerantlıq  Azərbaycanın  spesifik  xüsusiyyəti  olduğu, bütün  dünyanın  qəbul etdiyi və məmnunluq duyduğu həqiqətdir. Onun  möhkəmləndirilməsində, beynəlxalq  miqyasda  təbliğ  edilməsində  və  dünyada  nümunə  kimi  qəbul  olunmasında  ən  böyük  xidməti  H.Əliyevə  aid  etmək    böyük  şəxsiyyətə  olan  mənəvi  borcumuzdur.       

 Qeyd: Məqalə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icmaların üzvləri arasında “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda elan etdiyi məqalə müsabiqəsinə təqdim olunmaq üçün hazırlanıb.

 Ağayev Atif  Arif  oğlu, Lənkəran şəhəri Böyük Bazar “Cümə” məscidi dini icmasının üzvü