- Mədəniyyət

“Heykəllərimdə bakılı oğlan obrazları, Bakı mövzuları qabarıq şəkildə özünü göstərir…”

“Bu sənətə marağım uşaq yaşlarımdan başlayıb. İlk dəfə 7-8 yaşlarımda dərnəklərə və rəsm kurslarına gedirdim və qərara gəldim ki, heykəltəraşlıq sənəti ilə məşğul olum. 2008-ci ildə orta məktəbin 9- cu sinifini bitirdikdən sonra Əzim Əzimzadə adına rəssamlıq kollecinə daxil oldum. Heykəltəraşlıqla ümumi tanışlıq məndə bu kollekcə yarandı və daha sonra kolleci bitirdikdən sonra 2015-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul oldum”
Bunu heykəltəraş-rəssam Pərviz Abbasov deyib. Heykəltəraş daha sonra əlavə edib.
“İş prossesi belədir ki, biz öncə karkas qururuq. Karkası qalın məftillərlə hazırlayırıq. Formaya uyğun olaraq karkasın üzərində gildən və plastilindən öz eskizimizə başlayırıq. İşi hazırlayanda karkasa uyğun formalar yığmalıyıq və daha sonra hərəkəti axtarırıq ki, necə yaxşı görünə bilər. Heykəltəraşlıqda plastikaya üstünlük verilir, mütləq şəkildə üz cizgiləri, xarakterin obrazı düzgün işlənilməlidir. Ölçülər mütləq düzgün olmalıdır. Hazırladığım heykəllərdə materiallar fərqlidir, məsələn karkas sonradan həm gips, həm  polestr,  həm bürünc, həm mərmər materialına çevrilə bilər. Əsas hazırladığımız modelin özüdür. Onu da deyim ki, müasir heykəltəraşlıqda əsasən daşdan istifadə olunur, kağızdan, hətta buzdan da heykəllər düzəldilir. Əsərlərimdə bakılı oğlan obrazları, Bakı mövzular qabarı şəkildə özünü göstərir” deyə Pərviz deyib. O daha sonra əlavə edib.
“Heykəltaraşlıq əsasən üç əsas sahədən ibarətdir. Monumental heykəltaraşlıq, dəzgah heykəltaraşlığı və dekorativ heykəltaraşlıq. Daha çox dəzgah heykəltəraşlığında çalışıram. Monumental heykəllərə isə böyük ölçüdə olan abidələr aid edilir. Məsələn açıq havada olan böyük heykəllər və ya hər hansı tarixi hadisə ilə bağlı olan heykəllər, görkəmli şəxsiyyətlərin abidələrini misal gətirə bilərik. Hal-hazırda fəaliyyətim sırf yaradıcılılığla məşğu olmaqdır, demək olar ki, günümün əksər hissəsini öz emalatxanamda keçirirəm. Məncə rəssam üçün ən önəmli yaradıcılıq mühitinin olmasıdır. Mütləq emalatxana  rahat və geniş olmalıdır ki, sən orada düşünə biləsən, düşündüklərini hazırlaya biləsən” deyə Pərviz bildirib.
(Moderator.az)