Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.
“Report” xəbər verir ki, H.Akarı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və başqa rəsmi şəxslər qarşılayıb.
Nümayəndə heyətinin tərkibinə Türkiyənin Silahlı Qüvvələrinin yüksək vəzifəli şəxsləri daxildir.
H.Akar Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki birgə hərbi təlimlərini izləyəcək.
Xatırladaq ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.
Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.
Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.