- Ədəbiyyat, Manşet

Humanitar elmlər, nizamişünaslıq imitasiyası və alim etikası – professor Aida QASIMOVA yazır

Nizamişünaslıq Azərbaycan elminin həm fəxr ediləsi, həm də problemli bir qoludur. Bu sahə Azərbaycan elminin Rüstəm Əliyev, Məmməd Mübariz Əlizadə, Həmid Araslı, Məmmədağa Sultanov, Qəzənfər Əliyev kimi klassiklərinin adı ilə bağlıdır. Nizami “Xəmsə”si bizim ruhumuzun, düşüncəmizin, milli kimliyimizin rəmzidir. Nizamidən əsər yazmaq, dünya miqyasında bu dahi sənətkara sahib çıxmaq böyük məsuliyyət hissi tələb edir.

Azərbaycan torpağının yetişdirdiyi Nizami öz kosmopolitan ruhu ilə bütün bəşəriyyətin şairidir. Onun ideayaları dar etnik çərçivələrə sığmaz. Müxtəlif xalqların bu qiymətli sənətkara sahib durmaq, onun “Xəmsə” incisinə yiyələnmək üçün çalışması da təbii bir prosesdir. Buna görə Nizamini özününküləşdirməyə çalışanlarla mübarizə missiyasını üzərinə götürən alimin ilk növbədə gözəl tədqiqat qabiliyyəti olmalı, o, klassik fars dilini ana dilinə yaxın bir səviyyədə bilməli, ən əsası isə alim etikasına xas prinsipləri gözləməlidir.

Bu yaxınlarda AMEA-nın vitse-prezidenti, ərəbşünas alim, akademik Gövhər Baxşəliyevanın Nizaminin milli kimliyinə həsr olunmuş “Ethnic İdentity of Nizami Ganjavi” kitabına (Bakı, “Elm” , 2022) ötəri bir nəzər saldım. Kitabın elmi redaktoru fars dili və ədəbiyyatı üzrə mütəxəssis, uzun müddətdir Şərqşünaslıq İnstitutunda çalışan Məsiağa Məhəmmədidir.

Kitabın ingilis dilində olması belə bir təəssürat yaradır ki, məqsəd dünya nizamişünaslığında Azərbaycan elminin səsini əks etdirməkdir. Amma əsərin adı belə düzgün seçilməyib. Bir kəsin müəyyən bir ölkəyə və sivilizasiyaya mənsubluğunu vurğulamaq üçün “national” sözünün işlənməsi daha münasib olardı.

Kitabın əvvəlində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamı”nın tərcüməsi verilib. Nizami ilinə, ölkə Prezidentinin Sərəncamına, ümumiyyətlə nizamişünaslığa məsuliyyətsiz yanaşma elə ilk cümlədən görsənir. Birinci cümlənin ingilis dilinə tərcüməsinə baxaq:

Sərəncamda yazılır: “Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir”.

Tərcümə: “One of the giants of the world literary tradition, the brilliant Azerbaijani poet and thinker Nizami Ganjavi,was a poet that who opened a new page in the annals of the artistic thought of the human race”.

Mən ingilis dili üzrə mütəxəssis deyiləm, amma “that who”  burada tamamiilə səhvdir, hələ üslub məsələsini, bir cümlədə “poet”in iki dəfə işlənməsini, ayrı-ayrı sözlərin (“human race”) uğursuz seçimini demirəm. Tərcümə cümlənin quruluşunu da tam dəyişir (… Nizami Gəncəvi o şairdir ki, o…) AMEA prezidenti İsa Həbibbəyli, yəqin ki, bu kitabı məmnuniyyət hissi ilə dünya kitabxanalarına göndərib. Görəsən, ilk cümləni görən xarici mütəxəssis bu kitabı oxuyacaqmı? Yox! (Yaxşı ki, oxumayacaq, çünki kitabın problemləri bununla bitmir). Ölkə Prezidentinin sərəncamı kimi vacib bir sənədi normal tərcümə etmək, redaktə etdirmək olmazdımı? Axı söhbət ölkə başçısının sərəncamından gedir

Diqqətimi ‘The History of Nizami Studies’ paraqrafı və “qanuni plagiat” sindromu çəkdi. Sivil dünya elmində bir kəsin kitabından çoxsaylı sitatlar gətirilməsi elə o kitabın plagiatı sayılır, sadəcə, burada oğurluğa qanuni don geyindirilir ki, plagiat ittihamı olmasın. Eləcə də elmi etikaya görə, bir alim məcbur olub başqa kitabdan böyük iqtibas verdikdə (məsələn, yarım səhifə), o, oxucudan üzr istəyir.

‘The History of Nizami Studies’ fəslinin böyük hissəsi erməni əsilli alim, Stalin mükafatı laureatı, Nizaminin məhz Azərbaycan şairi olduğunu dönə-dönə vurğulayan Marietta Şaginyanın “Этюды о Низами” əsrindən köçürmələrdir. Əgər məqsəd Nizamiyə sahib çıxmaqdırsa, bu fəsildə məhz Azərbaycan alimlərinin nizamişünaslığa töhfəsi əks olunmalı idi. Amma əsərdə onların fikrinə heç bir istinad edilmir, əksinə, Şaginyanın əsərindən (Шагинян М.С. Этюды о Низами) böyük sitatlar gətirilir. Yeddi səhiifəlik fəslin  beş səhifəsində (29, 30, 31, 32, 33) Şaginyana istinadlar edilir.   Bu əsəri oxuyan düşünəcək ki, Nizaminin əsas tədqiqatçısı elə Şaginyan olub. Biz Nizamiyə bu şəkildəmi sahib çıxırıq?

Ancaq fəslin sonuna doğru unudumuş Azərbaycan nizamişünasları yada düşür:

A lot of work on the study and translation of Nizami has been done in Azerbaijan. Azerbaijani Nizami researchers and Orientalists – M.E.Rasulzade, G.Arasli, R.Azade, R.Aliyev, N.Arasli, T.Karimli and many others made an undeniable contribution to the study of numerous aspects of the poet’s work and his era.

‘The History of Nizami Studies’ fəsli şok bir sonluqla bitir. Müəllif Azərbaycan nizamişünaslarından məhz akademik R.E. Mehdiyevin rolunu xüsusi vurğulayır (səh 34):

I would especially like to emphasize the books of academician R.E. Mehdiyev, “Nizami Ganjavi. The Legacy of a Thinker in the Context of World Culture and National Identity” (Baku, 2021), academician T. Karimli “Nizami and History in Azerbaijani” (Baku, 2021), corresponding member of ANAS N. Arasli “Nizami Ganjavi and Turkish Literature” (Baku , 2021) and the book of the young talented researcher E. Amirov “Thinker, Eclipsed by the Glory of the Poet. On the Scientific Outlook of Nizami Ganjavi” (Baku, 2021).

Sözün bitdiyi yer…Söz bitsə də, sual bitmir… Görəsən, Ramiz Mehdiyev bir gün Gövhər xanımın evinə getsə, ona qapı açan olacaqmı?

Bu əsər Azərbaycan elminin eybəcər bir karikaturasını yaradır. Nizaminin milli kimliyi ilə bağlı iddialar burada elmilikdən uzaq bir tərzdə təqdim olunur.

Gəlin akademik Gövhər Baxşəliyevanın təqdimində Nizaminin milli kimliyi ilə bağlı arqumentlərə baxaq. Qeyd edək ki, “The Reflection of the Azerbaijani Realities in Nizami’s Poetry” fəslində bu iddiaların çoxu “Leyli və Məcnun” məsnəvisinin Əbu l-Fərəc əl-İsfəhaninin “Kitəb əl-Əğani”sindəki Məcnunla bağlı hissələri ilə müqayisəsi əsasında edilir (akademikin doktorluq dissertasiyası həmin ərəb mənbəsi mövzusundadır). Müqayisələr maraqlı olsa da, Nizaminin milli kimliyini müəyyənləşdirmək üçün yararlı deyil və müəllifin nə demək istədiyi qaranlıq qalır. Akademik qeyd edir ki, əl-İsfəhanidə Leyli ilə Məcnunun ilk görüşünün səhrada, bədəvi obasında baş verdiyi qeyd edilsə də, Nizami onları mədrəsədə görüşdürür (s. 42). Bu mədrəsə məsələsinin etnik kimliklə heç bir əlaqəsi yoxdur.  Mədrəsələr Azərbaycanda olduğu kimi, on ikinci əsrdə  bütün müsəlman aləmində olub. Bunun konkret olaraq Azərbaycan reallığı ilə nə əlaqəsi?  Eləcə də Nofəllə bağlı səhnələrin Azərbaycan reallığı ilə heç bir əlaqəsi yoxdur. Akademik ərəb mənbəsindən fərqli olaraq, Nizamidə Məcnunun ailənin tək oğlu olmasını da xüsusi vurğulayır və bunu Azərbaycan reallığı və şifahi ədəbiyyatımızla bağlayır. Daha bir yanlış mülahizə. Bəyəm nağıllarımızda üç, yeddi oğullu ailələr azdır?  Akademik qeyd edir ki, ərəb mənbəsində qəbirlər üzərində dəvə kəsilir, amma Nizami belə bir epizodu əsərinə daxil etməyib. Bağışlayın, bu iddianı necə başa düşək? Poemada nələrinsə yoxluğu əsasında milli kimlik mülahizələri irəli sürülür?

Məcnunun Leylinin qəbri üzərində ölməsi də XII əsr Gəncə həyatını əks etdirirmiş (“the social life of the 12th century’s Ganja”). Belə bir iddia irəli sürüləndə onun faktları, dəlilləri də gətirilməli idi. Bəlkə tarix kitablarında belə hadisələr əks olunub, amma sübutsuz-dəlilsiz boş bir iddia bu kitabı oxuyanlarda ancaq acı bir təbəssüm doğura bilər.

Bu əsəri oxuyub başa çıxmaq böyük əsəb tələb edir. O, başdan-ayağa yanlış fikirlər, təsdiqini tapmayan mülahizələrlə doludur. Məsələn, türk gözəli klassik Şərq ədəbiyyatında ənənəvi bədii obraz kimi geniş yayılıb. Ərəb, fars şairləri də türk gözəlini dönə-dönə vəsf edib. Xəlifə Mötəsim Billahın dövründə (833-842) xilafət ordusuna türklərin cəlb edilməsi, bu prosesin daim genişlənməsi, Yaxın və Orta Şərqdə türk sülalələrinin hakimiyyətə gəlməsi ədəbiyyatda türk gözəli obrazını etalon nümunə halına gətirib. Türk gözəli fars şairləri tərəfindən də dönə-dönə vəsf edilib. Kitabın elmi redaktoru Məsiağa Məhəmmədi də bunu gözəl bilir. Nizaminin türk gözəli ilə bağlı bədii obrazlarında milli kimlik axtarmaq elmi ictimaiyyəti özünə güldürməkdir. Məsələyə bu prizmadan yanaşsaq, elə böyük fars şairi Hafiz də türk olub.

Kaş ki bu kitab fars və ingilis dillərinə tərcümə olunmayaydı. Elə Azərbaycanda İsa Həbibbəyli çevrəsində qalaydı və elmi yığıncaqlarda dönə-dönə təriflənəydi.

Bizim bu yazımız bir nizamişünasın deyil, ərəbşünasın fikirlərini əks etdirir. Bu kitabla tanış olan nizamişünaslar, fars ədəbiyyatı mütəxəssisləri məndən əvvəl öz sözlərini deməli idi. Təəssüf ki, Azərbaycanda ədəbi tənqid xısın-xısın pıçıldaşıb gülməkdən o yana keçmir.  Bu məsələyə dövlət səviyyəsində diqqət yetirmək, tutarlı tənqidi məqalə və yazıların nəşrini rəğbətləndirmək lazımdır.

“Ethnic İdentity of Nizami Ganjavi” kitabı AMEA elmi şuralarının yararsız bir qurum olmasına, bu şuralarda monoqrafiya və elmi məqalələrin nəşrinə oxunmadan, redaktə tələbi edilmədən razılıq verilməsinə dəlalət edir. Beynəlxalq elmi ictimaiyyət üçün nəzrdə tutulan bu cür kitabların nəşrinə ciddi nəzarət mexanizmi olmalıdır. Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin diqqətini növbəti dəfə bu məsələlərə cəlb etməyi özümüzə borc bilirik.

Səhv insan oğluna xas bir cəhətdir. Ərəblər demiş, xətasız olmaq yalnız Allaha xasdır. Tərcümə xətaları, orfoqrafik səhvlər başadüşüləndir. Amma yanlış müəllifin yanlış kitab yazıb Azərbaycan nizamişünaslığı barədə beynəlxalq aləmdə pis təəssürat yaratması düzgün deyil.

On il öncə o zaman AMEA-nın müxbir üzvü olan G. Baxşəliyevanın plagiat yazısını tənqid edərkən “bu nümunə olduqca təhlükəlidir, çünki startda balaca gövhərlər dayanıb,” – demişdik. Hal-hazırda balaca gövhərlər də gözə kül üfürə-üfürə finişə çatıblar.