- Dil

Hüseyn Cavid və Mikayıl Müşfiqin əsərlərinin konkordansı hazırlanıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin əməkdaşları 2023-cü ili uğurla başa vurublar. Nəzərdə tutulmuş bütün elmi-tədqiqat işləri, eləcə də plandankənar işlər tam şəkildə yerinə yetirilib.

Bunu AZƏRTAC-a şöbənin müdiri filologiya elmləri doktoru, professor Məsud Mahmudov bildirib. Onun sözlərinə görə, “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdə Kompüter dilçiliyi şöbəsinin əməkdaşları da fəal iştirak ediblər: “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “İKT-nin Azərbaycan dili problemləri, Azərbaycan dilinin İKT problemləri” respublika elmi-praktik konfransında şöbənin əməkdaşları – filologiya elmləri doktoru, dosent Nərmin Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həbibova, böyük elmi işçilər Rəna Mahmudova və Maya Heydərova, elmi işçi Nigar Vəlizadə maraqlı məruzələrlə çıxış ediblər. Yubiley tədbirləri çərçivəsində “Heydər Əliyev – Azərbaycan dili və azərbaycançılıq” kitabının ikinci nəşri çapdan çıxıb. Kitaba əvvəlki nəşrdə olmayan yeni fəsil əlavə edilib. “Heydər Əliyevin Vətən konsepti və azərbaycançılıq məfkurəsi” adlanan yeni fəslin müəllifi institutun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir. Həmin kitabın “Heydər Əliyevin çıxış və nitqlərinin dilinin üslubi-qrammatik xüsusiyyətləri” adlanan üçüncü fəslini isə mən yazmışam”.

Alim vurğulayıb ki, 2023-cü ildə Kompüter dilçiliyi şöbəsinin ən böyük uğuru onun rəhbərliyi ilə Azərbaycan dilçiliyində bir ilk olaraq görkəmli Azərbaycan şairləri, repressiya qurbanları Hüseyn Cavidin və Mikayıl Müşfiqin əsərlərinin konkordansının hazırlanmasıdır.

“Dünya elmində (dilçiliyində) U.Sekspirin, M.Lomonosovun, A.Puşkinin, F.Dostoyevskinin, A.Çexovun və bir çox başqalarının əsərləri əsasında hazırlanmış konkordanslar məlumdur. Konkordans ingiliscə Concordance –“ razılıq”, “uyğunluq”; latınca Concordare – “razılığa gəlmək”, “razılaşdırmaq” mənalarında işlənir. Dilçilikdə konkordans – “kontekst söz göstəricisi”, “kontekstlər siyahısı”, “mənbəyə istinad verilməklə hər hansı mətndə işlənmiş bütün dil vahidlərinin (söz-formaların) işlənmə siyahısı” anlamında qəbul edilir. Məsələn, əgər biz “afət” sözünü axtarışa versək, Hüseyn Cavidin və Müşfiqin bütün əsərlərində həmin söz tərkibində olduğu cümlələrlə birlikdə siyahı şəklində işləndiyi cild və səhifə göstərilməklə istifadəçiyə təqdim olunacaq. Konkordanslar hər hansı sözün semantik mənalarını və məna çalarlarını öyrənmək baxımından əhəmiyyətlidir. İstər nəzəri dilçilikdə sözün semantik təbiətinin araşdırılması, istərsə də lüğətçilikdə müxtəlif lüğətlərin tərtibi prosesində konkordanslardan mənbə kimi istifadə oluna bilər. Məlum olduğu kimi, izahlı lüğətlərdə sözün məna sahəsini, məna çalarlarının izahı zamanı həmin sözün müxtəlif cümlələrdə, kontekstlərdə işlənmə məqamları nümunə kimi göstərilir. Məsələn, “Azərbaycan dilinin izahlı lüğəti”ndə “çörək” sözünün bir çox mənaları və həmin mənalara uyğun cümlələr verilib”, – deyə şöbə müdiri əlavə edib.

Məsud Mahmudov konkordansın Hüseyn Cavidin əsərlərinin beşcildliyi və Mikayıl Müşfiqin bütün əsərlərini əhatə edən kitab əsasında tərtib olunduğunu qeyd edib: “Konkordans materialının təhlili nəticəsində Hüseyn Cavidin beşcildliyində söz sayının 533 300, cümlə sayının 59 857, Mikayıl Müşfiqin əsərlərində isə söz sayının 141 555, cümlə sayının isə 10 496 olduğu müəyyən edilib. Azərbaycan dilçiliyində ilk olan konkordansların hazırlanması prosesində toplanmış təcrübə əsasında bu sahədə aparılan işlər davam etdiriləcək. Yazılı tarixi abidələrin dilini və klassiklərin əsərlərini əhatə edən konkordansların da hazırlanması nəzərdə tutulur”.