İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnsan Hüquqları üzrə Müstəqil Daimi Komissiyasının 17-ci sessiyasında fiziki məhdudiyyətli şəxslərin hüquqlarının qorunması ilə bağlı sənəd qəbul edilib.
AZƏRTAC təşkilatın Ciddədə yerləşən Baş Katibliyinin mətbuat açıqlamasına istinadla xəbər verir ki, videokonfrans formatında keçirilən sessiyaya İƏT-in Baş katibi Yusif əl-Osaymin sədrlik edib. Qəbul olunmuş sənəddə bildirilir ki, fiziki imkanları məhdud insanlara qayğı müqəddəs “Qurani-Kərim” və İslamın Peyğəmbərinin hədislərində də yer alıb. Belə ki, fiziki və əqli imkanlarından asılı olmayaraq, hər bir bəşər övladı Allahın bəndəsidir və onların cəmiyyətdə layiqli yaşayışı təmin edilməlidir. Hökumətlər isə bu cür insanların cəmiyyətə inteqrasiyasına, onların həyat şəraitinin yaxşılaşdırılmasına səy göstərməlidir.
Sənəddə diqqətə çatdırılır ki, dünya əhalisinin 15 faizi, yaxud 1 milyarda nəfərə yaxını fiziki imkanları məhdud şəxslərdir. Onların 80 faizi inkişaf etməkdə olan ölkələrdə, o cümlədən İslam dövlətlərində yaşayır. BMT-nin 2030-cu ilədək Davamlı İnkişaf Məqsədlərində də fiziki məhdudiyyətli şəxslərin problemlərinin həlli geniş əks olunub. İƏT öz növbəsində bu cür şəxslərin hüquqlarının daha etibarlı qorunması, onların cəmiyyətə inteqrasiyası ilə bağlı üzv ölkələrin qanunvericiliyinin təkmilləşdirilməsinin zəruriliyini vurğulayır. Bu cür insanlar, xüsusən silahlı münaqişə zonalarında – Fələstin, Kəşmir, Rohinca və Əfqanıstanda müdafiəsiz vəziyyətdədir. COVID-19 pandemiyası isə onların onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırıb.
İƏT bütün üzv ölkələrin hökumətlərinə təklif edib ki, təşkilatın fiziki imkanları məhdud şəxslərin hüquqlarının təmin edilməsi üzrə Fəaliyyət Planına uyğun olaraq yaradılacaq işçi qrupun işində fəal iştirak etsinlər. Həmin qrupun hazırlayacağı sənəd İƏT dövlət başçılarının növbəti Zirvə görüşünə təqdim ediləcək.