UNESCO Ümumdünya İrsi Şəhərləri Proqramı və Dünya Şəhərləri Günü çərçivəsində UNESCO Ümumdünya İrs Mərkəzi tərəfindən onlayn qaydada beynəlxalq konfrans keçirilib. Konfrans UNESCO-nun Tarixi Şəhər Landşaftına dair 2011-ci il tarixli tövsiyələrinin icrası və iqlim dəyişmələri və ətraf mühitin tarixi məkanlara təsirlərinin müzakirəsinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, konfransda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elsevər Məmmədov iştirak edib. O, Qoruq İdarəsinin dayanıqlı inkişaf məqsədlərinin bir hissəsi kimi iqlim və ətraf mühit faktorlarının önlənməsi istiqamətində son illər həyata keçirdiyi tədbirlərdən danışıb. E.Məmmədov, xüsusilə 2020-ci ildə İçərişəhərdə açılışı edilmiş yeni Bakı Xanları Parkı haqqında məlumat verib, yeni yaradılmış parkın sakinlər və ziyarətçilərin vaxtlarını keçirmək üçün ən sevimli məkanlardan birinə çevrildiyini bildirib.