- Mədəniyyət

ICESCO-nun 14-cü Baş Konfransı Misirdə keçiriləcək

Rabatda keçirilən İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) İcraiyyə Komitəsinin 41-si sessiyası başa çatıb.

Təşkilatın mənzil-qərargahından  bildiriblər ki, videokonfrans formatında keçirilən tədbirdə ICESCO-nun Baş Konfransının 14-cü və İcraiyyə Komitəsinin 42-ci sessiyasının bu ilin dekabrında Misirin paytaxtı Qahirədə keçirilməsi qərara alınıb.

İki gün davam edən sessiyada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl Malik təşkilatın 2019-2020-ci illərdə fəaliyyətinin yekunları, yaxın illərdə həyata keçiriləcək layihələr, Nizamnaməyə dəyişikliklər, Gənc Peşəkarlar Proqramının layihəsi və maliyyə vəziyyəti barədə məlumat verib. O qeyd edib ki, təşkilatın xətti illə İslam ölkələrinin nüfuzlu universitetlərində və mədəniyyət institutlarında elmi tədqiqatlar üzrə bölmələr açılacaq. Baş direktor diqqətə çatdırıb ki, bu məqsədlə Səudiyyə Ərəbistanının Kral Əbdüləziz Universiteti 500 min dollar vəsait ayırıb.

Yekunda ICESCO-ya üzv ölkələrin milli komitələrinin iştirakı ilə təşkilatın Baş Direktorluğunun hazırladığı bir neçə inzibati və hüquqi sənəd, habelə Milli Komitələrin Nizamnaməsinin layihəsi, ötən ilin yanvarında Əbu-Dabidə keçirilmiş 40-cı iclasında təqdimatı olmuş təşkilatın yeni strukturu təsdiq edilib.

AZƏRTAC