Bu günədək Cinayət Məcəlləsinin çoxlarına qarşı tətbiq edilən müvafiq maddəsi buna da düşür, yoxsa yox?..
Xəbər verdiyimiz kimi iyunun 4-dən Azərbaycanın Rusiya hərbi kontingentinin nəzarətində olan Laçın “dəhlizi”ndəki sərhəd-keçid məntəqəsindən qanunsuz şəkildə keçərək Xankəndinə gələn bütün ermənilərin katolikosu II Qaregin Qarabağdakı torpaqlarımızı gəzməkdə davam edir.
Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, dünən Xocavənd rayonundakı qədim xristian babalarımızın ibadətgahı olmuş Amaras məbədini də təmtəraqla ziyarət edən Ermənistanın dini lideri separatçı terrorçubaşı Araik Arutyunyanla birgə Qarabağdakı qeyri-qanuni və işğalçı hərbi hissələrdən birinə baş çəkib.
Hərbçilər qarşısındakı çıxışında II Qaregin “öz vətənlərini cəsarətlə qoruduqlarına görə” işğalçı əsgərlərə minnətdarlıq edib. “Artsaxın azadlığı uğrunda canlarından keçmiş əsgərlərin xatirəsi”nə ehtiramını bildirən katolikos əlavə edib ki, “onların igdilikləri Artsax torpağında dövlətçiliyin qorunması və möhkəmləndirilməsi naminə bütün erməniləri ikiqat güclə mübarizə aparmağa vadar etməlidir”.
Zəruri şərh:
Göründüyü kimi, Rusiyanın “sülhməramlı” adlanan qüvvələrinin Azərbaycan sərhədindən ərazimizə buraxdığı “dini lider” adlanan növbəti erməni Qarabağdakı separatçı rejimin və erməni ordusunun tör-töküntülərini yenidən “müstəqil dövlətçilik” qurulması uğrunda mübarizəyə, yəni faktiki olaraq Azərbaycana qarşı yeni müharibəyə, Azərbaycan dövlətinin konstitusyon quruluşunu dəyişməyə çağırır… Bu günədək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxlarına qarşı tətbiq edilən müvafiq maddəsi erməni katolikosa da düşür, yoxsa yox?..
Sultan Laçın