Rəssam Frida Kahlo (Magdalena Carmen Frida Kahlo Calderon) 6 iyul 1907-ci ildə Meksikada dünyaya gəlib. 47 il ömür sürən Frida Kahlo kubist rəssam Dieqo Riveranın həyat yoldaşı idi.
Rəssamın yaradıcılığına nəzər yetirsək, daha çox avtoportretləri ilə qarşılaşarıq. O, portretlərində fiziki və mənəvi iztirablarını əks etdirməyə çalışıb, bir sözlə, avtoportretləri rəssamın gündəliyinə çevrilib.
“Bir rəsmin dedikləri” rubrikasının budəfəki qonağı sənətşünas Jalə Paşayevadır. Onunla Frida Kahlonun “İki qadın” əsəri haqqında danışmışıq.
***
– Jalə xanım, bildiyimiz kimi, Frida Kahlonun çox çətin həyatı olub. Onun haqqında danışacağımız “İki qadın” əsəri həmin çətinliyin hansı dövrünə təsadüf edir?
– 1939-cu ildə çəkilən “İki qadın” əsəri Frida Kahlonun ən məşhur portretlərindən biridir. Əsər Dieqo Rivera ilə on bir illik evliliyi sona çatdğı bir dövrdə çəkilib. Böyük yol ayrıcında olan Frida həyatındakı şəxsi məsələlərdən ilhamlanaraq bu tablonu yaradıb. Əsərin müəllifi Frida Kahlonun çətin taleyi sənətində də dərin iz buraxıb. Onun kətanlarında reallıq bizə- ağrılı, sınmış, sürreal görünür.
Frida fərqli saç düzümü, bəzək əşyaları, geyimi ilə seçilib. Həyatı uşaqlıqda tutulduğu xəstəliyə görə əziyyətlərlə keçmişdi. 18 yaşında düşdüyü ağır avtomobil qəzası onun uzun müddət xəstəxana həyatı yaşamasına səbəb olub. Həyatı boyu fiziki ağrılardan əzab çəkməsinə baxmayaraq, yaşamağı çox sevən insan olub.
Frida Kahlonun həyat tərzinə və yaradıcılığına hər zaman fikirlər birmənalı olmayıb. Onu sevənlər olduğu kimi, sevməyənlər də var idi. Buna baxmayaraq, rəssamı dahi kimi təsvir etmək olar. Çünki bu güclü qadın təkcə qəribə əsərlərinə görə deyil, həm də əzab-əziyyətlərlə dolu həyatını mümkün qədər dəyərləndirməyi bacaran birisi idi.
– Tablo hazırda harda saxlanılır?
– Tablo hazırda Meksika Müasir Muzeyində saxlanılır.
– Əsərin rəng koloriti haqqında nə deyə bilərsiniz?
– Sözügedən əsər yağlı boya ilə kətan üzərində çəkilib. Arxa fondakı qaranlıq, bulud, səma bir fırtına xəbərçisidir və Fridanın daxili aləmindəki hüzursuzluğu əks etdirir. Tablodakı fırtınalı, qaranlıq səma isə rəssamın iç dünyasındakı yalnızlıqdan xəbər verir. Onun yeganə yoldaşı özüdür. Fona əlavə olaraq döşəmədəki həcm göyü və yeri təmsil edir.
– Bəs kompozisiyası necə?
– Rəssam boz buludlardan ibarət səmada və quru səhrada “İki Frida”nı ağacdan hazırlanmış yaşıl skamyada yan-yana oturmuş, izləyiciyə baxarkən təsvir edib. Frida solda müasir ağ geyimdə, sağda isə evləndikdən sonra ənənəvi geyimində göstərilib. Meksika Fridasını, Avropa Fridasından fərqləndirmək üçün hər ikisini müxtəlif geyimlərdə təsvir olunub. Təsirli məqamlardan biri də iki qadının əl-ələ tutmasıdır.
– Tənhalığın ağuşunda olduğu bir dövrdə əl-ələ qadın çəkmək niyə?
– Əslində, rəssam özünü iki formada çəkməklə öz tənhalığından xəbər verir. Biri Dieqonun sevdiyi Frida, digəri isə Dieqodan boşanan, sevilməyən Frida. Qan damarı hər iki qadını birləşdirir, onların qoluna dolanır və ürəklərini birləşdirir. Bu, Kahlonun daimi ağrıları və cərrahi əməliyyatlarla yaşadığı həyatının simvoludur. Bir tərəfdə əlində cərrahi qayçı tutmuş yorğun və kədərli, digər tərəfdə isə daha gənc Fridanı görürük. İki bədən arasında dolaşan damarlar onların bir-biri ilə qidalanmasının sübutudur. Sol əlində cərrahi aləti tutan Fridanın sınıq qəlbi təsvir olunub. Sağdakı Fridanın ürəyi doludur. Və əlində göstərilən portret həm itirdiyi körpənin, həm də Dieqonun təsviri kimidir. Bütün olanlara baxmayaraq Frida yaşamağa davam etmək üçün özündə güc tapır.
– Sizcə, bu əsər bizə nə deyir?
– “İki Frida” bir qadının illər ərzində yaşadıqlarının və nə qədər dəyişsə də, özünə yad ola bilməyəcəyinin ən təəccüblü şəkildə təsvir edildiyi tablodur. İlk baxışdan bir-birindən tamamilə fərqli görünən bu qadınların üzlərindəki hisslərdə “qəbul etmə gücü” olduğunu aydın şəkildə görmək mümkündür.
Aytac SAHƏD
525.az