- Dil

İkidilli lüğətlər yenilənməlidir…

Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir və onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Lakin təəssüflər olsun ki, xaricdə yaşayan bir sıra azərbaycanlılar ana dilini öyrənməklə bağlı böyük çətinliklərlə üzləşirlər. Çünki dilimizi hər hansı xarici dildən öyrənmək üçün yazılmış bir doğru-düzgün bir kitab və ya mənbə yoxdur.

Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Bioloji, humanitar və ictimai  elmlər şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Dürdanə Rəhimzadə bildirir ki, mədəniyyətimizin digər millətlər və xalqlar tərəfindən öyrənilməsi üçün ikidilli lüğətlər yenilənməlidir:

“Xalqın yaşamasının inkaredilməz şərti onun dilidir. Dili təşkil edən əsas amil onun ibarət olduğu sözlərdir. Sözlərin də toplandığı və yazıya alındığı mənbə lüğətlərdir. Bu məntiqi ardıcıllıq bizə lüğətlərin hər bir dil üçün nə qədər önəmli olduğunu təsdiq edir. Bu həqiqəti dərk edən xalqlar həm dillərinin qorunması işinə, həm də lüğətlərin tərtibi, yenilənməsi və təkmilləşdirilməsi işinə xalqın tarixdə yaşama şərti kimi baxırlar. Biz necə?
Biz bu barədə çox rahatıq və arxayınıq. Lüğətlərimizin yenilənərək nəşr edilməsi işinin sürətini nəzərə alsaq, biz bu ardıcıllığı görənə bənzəmirik. Ən son yenilənən orfoqrafiya  lüğətimiz nəşr ediləndən bəri müzakirələr bitmək bilmir. İzahlı lüğətimiz on ilə yaxındır ki, (bəlkə də daha atıq) yenilənməyib. Orfoqrafiya lüğətində öz əksini tapmış yeni sözlərin mənası nisbətən yaşlı nəsil tərəfindən anlaşılmazsa, bunu görə biləcəkləri mənbə tapmayacaqlar. Başqa sözlə, izahlı lüğətimizin də yenilənmə vaxtı çoxdan çatıb.

Keçək ikidilli lüğətlərimizə. Bu sahədə də böyük həcmli  lüğətlərin sayı çox deyil. Belə lüğətlərdən ən populyar olanları ingilis və rus dilinə aid lüğətlərdir ki, bunların da daim genişlənərək  ən yeni versiyalarının  mütəmadı çap olunduğunu iddia edə bilmərik. Doğrudur,  onlayn  lüğətlər dövrünün gəlməsi klassik lüğət formatını geridə qoyur. Amma bizim ikidilli onlayn lüğətlərimizin də mükəmməl, geniş həcmli olduğu söylənə bilməz. Beynəlxalq lüğət platformalarının işlək olduğunu bilirik. Lakin orada da Azərbaycan dilində olan versiya yoxdur. Lüğətlərlə aktiv işləyənlər daha çox  ya rusdilli,   ya da türkdilli  lüğətlərə müraciət edirlər. Bu da öz növbəsində bir çox sözlərin məhz həmin dillərdəki kimi istifadəçilərin dilinə daxil olmasına səbəb olur. Digər dillərlə bağlı ikidilli lüğətlərdə də vəziyyət o qədər də ürəkaçan deyil. Alman, fransız, ispan və s. dillərə aid geniş həcmli lüğətlərimizin olduğunu söyləyə bilmərik. Halbuki hər hansı bir dilin və ya  xalqın  təbliğ olunmasının ən asan, ən populyar və digər ölkələr tərəfindən uğurla istifadə olunan yolu həmin dilin digər ölkə vətəndaşları tərəfindən öyrənilməsidir.

Əcnəbilərin dilimizi mənimsəməsi ilə bağlı ilk növbədə onu qeyd etmək istərdim ki, bu məsələyə  yalnız dilin tədrisi  kimi  deyil, ölkənin, millətin, xalqın, dövlətin təbliği kimi yanaşılmalıdır. Əcnəbilərə dilin öyrədilməsinin tərkibində ölkə və xalqla bağlı, onun tarixi ilə bağlı geniş məlumat ötürülür. Yeri gəlmişkən, əksər dövlətlər bundan güclü  təbliğat vasitəsi kimi çox geniş istifadə edirlər. Gəlin müqayisə eləmək imkanımız olsun deyə, əvvəlcə “necə olmalıdır?”  haqda danışaq, sonra isə bizdəki vəziyyəti təsvir edək.  Elə ondan başlayaq ki, ingilisdilli ölkələrdə oraya işləmək və ya oxumaq məqsədi ilə gedənlərin  ingilis dilini nə dərəcədə bilmələri  imtahanla yoxlanılır,   dili mənimsəmə səviyyəsi müəyyənləşdirilir və yalnız ondan sonra  səviyyəyə uyğun olaraq oxumaq və ya işləmək icazəsi verirlər. Yəqin, artıq bildiniz ki, söhbət İELTS-dən  (ingilis dili biliklərinin  beynəlxalq qiymətləndirmə sistemi) gedir. Bu sistem daha çox Avropa məkanı üçün keçərlidir. Ümumiyyətlə, belə imtahan sistemləri müxtəlifdir və  bunların hamısında bizi maraqlandıran vacib bir məqam var: Dilin təbliği! Gəlin bu məsələnin bizə daha yaxın olan ölkələrdə – Türkiyə və  Rusiyada durumuna baxaq. Türkiyədə TÖMER (Türkçe Öyretim Merkezi), Rusiyada  РКИ (Русский как Иностранный) məhz bu məsələ ilə məşğuldur. Bu proqramlarla və dərsliklərlə tanış olduqda görürük ki, burada təkcə dilin öyrədilməsi deyil, ölkənin, xalqın mədəniyyətinin, tarixinin, ədəbiyyatının  və s. geniş bir şəkildə təbliği  də ön plandadır. Nəzərə alsaq ki, saatların miqdarı da kifayət qədər çoxdur, nəticəmiz:  Bir xalqı, bir dövləti bundan yaxşı daha necə təbliğ etmək olar ki?!

Məncə, bu, özünütəbliğin ən mükəmməl vasitəsidir və bundan örnək götürülməlidir. Daha dəqiq desək, ikidilli lüğətlər yenilənməli, dilimizin və onun vasitəsilə də mədəniyyətimizin digər millətlər və xalqlar tərəfindən öyrənilməsi məsələsinə təbliğatın ən güclü vasitəsi kimi yanaşmalıdır”.

olaylar.az