“SSP Production” və “Alioğlu Media Group”u ilə güclərimizi birləşdirərk “İkinci ömür” adlı yeni bədii filmi istehsal etdik. Filmin çəkilişlərinə 2020-ci ilin may ayında başlamışdıq, ekran əsərinin xronometrajı 95 dəqiqədir.
Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi Cəlaləddin Qasımov bildirib. O qeyd edib ki, ekran əsərinin çəkilişləri Gəncə, Şəmkir və Bakıda, əksər hissəsi isə Tovuz rayonunda, yaşayış məkanlarından uzaqda yerləşən dağlarda aparılır.
Cəlaləddin Qasımovun sözlərinə görə, adı çəkilən film iqlim dəyişikliklərindən, ekologiyanın pozulmasından, saxta qidalar səbəbindən xəstəliklərin artıb-yayılmasından bəhs edir: “Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması da filmdə öz əksini tapmışdır. Filmdə baş verən hadisələr gerçək həyatdan götürülüb. Filmin əsas qəhrəmanı sağalmaz xəstəliyə tutulur. Dünyanı gəzir və müalicəsinin olmadığını öyrənir. Bütün həkimlər ona məsləhət görür ki, qalan ömrünü ailəsi, əzizləri ilə birlikdə keçirsin. Amma o, xəstə olduğunu ailəsindən gizlədir və onlardan aralanıb dağlarda yaşayır…”
Qeyd edək ki, “İkinci ömür” filminin quruluşçu rejissorları Amil Əlioğlu, Cəlaləddin Qasımov, quruluşçu operatoru Murad Nəzərli, səs rejissoru Aleksandra İsmayılova, rejissor assistenti Bahar Babazadədir. Filmdə Əjdər Zeynalov, Flora Hüseynova, Sabir Məmmədov, Rövşən Kərimdux Rövşən Məmmədov və Amil Əlioğlu çəkilir.
Cəlaləddin Qasımov bundan əvvəlki filmlərindən də söz açıb: “Çəkdiyimiz filmlər dünyada böyük marağa səbəb olur. “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir. Dünyanın nüfuzlu təşkilatları istehsal etdiymiz filmləri festivallarda nümayiş üçün dəvət edir. Dünya film bazarında ABŞ, İngiltərə, o cümlədən, “Vimeo”, “Amazon”, “UDU Digital”, “Hollivud” prodüserləri ilə əlaqə məkanı olan “iPitch.tv”-nin 18 film platformasında distribitorlar tərəfindən yerləşdirilib. Dünya mediasında filmlərimiz haqda geniş məlumatlar yazılıb. Biz kommersiya məqsədi ilə yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza istehsal etmişik. Çəkdiyimiz filmlərin beynəlxalq festivallarda aldığı mükafatların hamısı ssenari mövzusunun ideyasına verilib”.