Ölümsüzlük – gərək ki, elə bu deyilən şeydir. Vaxt məfhumunun fövqündə, 1000 il əvvəlin insanı kimi zaman kəsiminin bu günündə yaşayaraq 1000 il sonra da var olmaq. Məkan sərhədlərini əridərək, çərçivələrə sığmayan, irqi, dini, milli, sosial buxovlardan azad bəşərilik statusu qazanmaq. Ölümsüzlük – Yer üzündə İlahi ruhun daşıyıcısı kimi başqa bir mahiyyətin təmsilçiliyinin fərqinə vararaq yaşamaqdır. Bu mahiyyətin özündə ehtiva etdiyi ali məramın, ülvü məqsədlərin idrakıdır ölümsüzlük. Dünya evində səpdiyin xeyirxahlıq toxumlarından pöhrələnənlərin, çəkdiyin müdriklik çeşməsindən bəhrələnənlərin, açdığın təqva çığırı ilə yola çıxanların düşüncələrində ehya tapmaqdır ölümsüzlük. Cismani yoxluğundan əsrlər keçsə belə, ruhani varlığınla dünyanın nizamını nizama salmaqdır ölümsüzlük…
Sözümün bu məqamında yaddaşımın dolanbac dalanlarından təpədən-dırnağa Nizami sevdalısı Məhəmməd Əminin: “Nizaməddin ləqəbini daşıyan Nizamidə Şərqin bəlkə də heç bir şairinə nəsib olmayan bir fikir nizamı vardır”- əks-sədası inkarolunmaz bir təsdiq kimi dalğalanır.
Uzaqdanmı gətirdim sözü, yaxındanmı, deyə bilmərəm. Bildiyim bir şey var ki, nədən danışsam, deyiləcək hər şeyin mərkəzindədir Nizami. Nüvədir Nizami. Olub bitən hər şey onun ətrafında dövr edir. Elə ziyasına yol aldığımız böyük ədəbiyyatşünas alim, professor Xəlil Yusiflinin də “şərqşünaslığımızın kəlamı cilalı, qənaətləri mötəbər seçkinlər”indən biri kimi parlamasında Nizami günəşinin aydın şəfəqləri sezilmirmi? Sizcə, Gəncənin havasına, daşına, torpağına hopmuş ruhani hüzur ulu şeyxin bərəkətindən deyilmi?
Bunları yazmaya bilməzdim. İçimdəki şükranlıq borcunun təkidli diktəsidir bu yazı. Deməli, iyunun 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin təşkilatçılığı ilə ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, “Şöhrət” ordenli professor Xəlil Yusiflinin anadan olmasının 90 illiyinə həsr edilmiş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi. İlk öncə qeyd edim ki, bu sadəcə informasiya, elmi bilgilərin mübadiləsinin məcmusundan ibarət sıradan bir konfrans deyildi. Keçirildiyi məkanın – hər daşında, kərpicində dinən tariximi, onun açıq səma altında muzeyi xatırlatmasımı, amansız sınaqlara qürurla sinə gərməsimi, torpağında uyuyan ər igidlər, müqəddəslərimi ya adını tutub gəldiyimiz böyük şəxsiyyətlərin ruhumu hər şeyə ayrı bir ahəng, fərqli bir çalar qatmışdı. Adını qoya bilmədiyim qəribə, uzaqlardan, lap uzaqlardan əsib gələn yarı mistik, yarı idraka qapalı bir atmosferin içində idim. Xan bağı gəzişmələri, “imamzadə” türbəsinin ziyarəti, Hacıkənd səfəri tək kəlmə ilə möhtəşəmdi.
Konfrans öncəsi AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyevin gərgin iş qrafikinə rəğmən qonaqlarla son dərəcə səmimi görüşü zəngin olan təəssüratlarımızı daha da dolğunlaşdırdı desək yanılmarıq. Gəncə Bölməsinin yaradılması, institututların iş prinsipləri, ümumi fəaliyyəti, elmi nailiyyətləri, qısa zaman ərzində əldə etdikləri uğurlar haqqında geniş məlumat verən akademik mərkəz – Bakı ilə əməkdaşlığın perespektivlərindən, ikitərəfli əlaqələrin Azərbaycan elminin inkişafına verə biləcəyi töhfələrdən söz açdı. Məhsuldar alim Xəlil Yusiflinin Nizami mərkəzindəki yorulmaz, prinsipial zəhmətlərinin böyük ehtiram, qədirdanlıqla yad edildiyi səmimiyyət yüklü görüş, əminəm ki, hələ uzun müddət yaddaşımızdan silinməyəcək xatirələrə mövzu olacaq.
Konfrans proqramının gündəliyində duran müasir dövlətçiliyimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin büstünün ziyarəti, zalın foyesində professor Xəlil Yusiflinin monoqrafiyaları və görkəmli alimin ömür səlnaməsini əks etdirən foto sərgiyə baxış, konfransın açılışını ehtiva edən Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, canları bahasına torpağı Vətən statusuna qaldıran igid şəhidlərimizin bir dəqiqəlik sükutla anılması, işığına toplaşdığımız professor Xəlil Yusiflinin həyat yolu və elmi-pedaqoji fəaliyyəti haqqında AMEA-nın Gəncə Bölməsi tərəfindən ərsəyə gətirilən “Nizamişünaslığımızın patriarxı Xəlil Yusifli – 90” adlı qısametrajlı sənədli filmin nümayişi və digər bütün məsələlərin ən xırda detalına qədər yüksək dəqiqlik və professionallıqla planlaşdırılması böyük pərdəarxası zəhmətin məntiqi nəticəsi idi.
Beynəlxalq konfransı giriş sözü ilə açan akademik Fuad müəllim qonaqları ulu Nizaminin qədim diyarında salamlamaqdan məmnunluğunu dilə gətirdi. Nizamişünaslığın inkişafında Xəlil Yusifli imzasının unikallığından söz açan alim, Nizami bədii irsinin araşdırılması ilə paralel, professorun bu irsin təbliğ və təşviqindəki müstəsna əhəmiyyətli əməli fəaliyyətini konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Nizami və “Nizami aşiqi”nin adına bağlanmış bu çələngin (konfransın) onlara layiq ehtişamlı təşkilinin birbaşa AMEA prezidenti hörmətli akademik İsa Həbibbəylinin maraq dairəsində olması açıq-aydın sezilirdi. Bu həm də bir növ vəfa borcu, əhdə sadiqlik kimi dəyərlərin təntənəsi idi sanki… Konfransa ünvanladığı dolğun, əhatəli təbrik məktubu da Nizami və onun aşiqinin ruhu qarşısında səmimi təşəkkürün izharı kimi səslənirdi.
Gəncənin fəxr, güvən yeri, dünyaşöhrətli şairinin və onun tədqiqatçısının adının əbədiləşməsi ilə əlaqədar şəhərdə görülən işlər haqqında maraqlı çıxışı ilə diqqət çəkən Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun elmi ictimaiyyətə, gələn qonaqlara təbrik və salamlarını çatdırdı.
Qəribədir, qənaətlərimin məcmusu olan bu yazının müəyyən məqamları konfrans və tədbirlərin hesabat xarakterli təqdimatındakı sxolastik, şablon formata dönüşür istəmədən. Bəli, istəmədən. Axı bu dəfə hər şey çox fərqli idi. Hətta yaşantıları ifadə etməkdə konfrans sözü özü belə çox sönük, yetərsiz qalırdı. Lakin canlı-canlı yaşadığımız reallıq tam başqa bir mənzərəni gözlərimiz önünə sərirdi. İllərdir beynimin əbədi sakini olan: Görəsən gəncəlilər necə bir dühanın həmyerlisi olduqlarının, necə misilsiz bir xəzinəyə sahib olduqlarının fərqindədirlərmi? – sualına cavab tapmışdım bu reallıqların sayəsində. Sevindirici hal nəinki kürsüdə çıxış edən şəxslərin, elm adamları, alimlərin, konfrans iştirakçılarının, hər bir kəsin, ən kiçiyindən ən böyüyünədək hər bir sıravi vətəndaşın Nizami şəxsiyyətinin ucalığını, bu şərəfin mahiyyətini dərk etməsi idi.
Plenar iclasda Bakı Dövlət Universitetindən filologiya üzrə fəlsəfə doktoru, dosent Əsmətxanım Məmmədova, BDU-nun filologiya elmləri doktoru, professor Yeganə xanım İsmayılova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya elmləri doktoru, dosent Almaz xanım Ülvi Binnətova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya elmləri doktoru, baş elmi işçi Xuraman xanım Hümmətova, AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya elmləri doktoru, dosent Könül xanım Hacıyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya elmləri doktoru, dosent Mərziyyə xanım Nəcəfova, AMEA-nın Mərkəzi Elmi Kitabxanasından filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla xanım Tahirqızı, Odlar Yurdu Universitetindən filologiya elmləri doktoru, professor Rüstəm Kamal, Azərbaycan Milli Xalça Muzeyinin kitabxasının direktoru Mahiyyə xanım Kərimova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan Rauf Şeyxzamanalı, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, Gəncə Dövlət Universitetinin professoru Vaqif Novruzov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Pedaqoji Universitetinin Quba filialıından filologiya üzrə fəlsəfə doktotu Aytən xanım Qurbanova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Filologiya üzrə fəlsəfə doktoru, dosent Qürbət Mirzəzadə, Şirvan şəhər 16 nömrəli tam orta məktəbinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şəhla xanım Məcidovanın Nizami və Xəlil Yusifli şəxsiyyətlərinin həyat və yaradıcılığının ən müxtəlif aspektlərdən araşdırmalarını ehtiva edən bir-birindən maraqlı, dəyərli məruzələrinin şahidi olduq.
Konfransın gedişində şərqşünas alim Əsmətxanım Məmmədova müəllifi olduğu “Nizami Gəncəvi yaradıcılığı üzrə tədqiqlər” adlı monoqrafiyanı, AMEA Mərkəzi Elmi Kitabxanasının Kitabxana işləri üzrə direktor müavini Şəhla Quliyeva dahi mütəfəkkir şairin 880 illiyi münasibəti ilə MEK tərəfindən tərtib olunmuş biblioqrafik göstəricini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qorxmaz Kamil Nizami Gəncəvinin talış dilinə tərcümə etdiyi “Xəmsə”sini AMEA-nın Gəncə Böməsinə hədiyyə etdilər. Plenar iclasın sonunda Xəlil Yusifli ocağının layiqli davamçısı, genetik kodlarının sadiq daşıyıcısı Gəncə Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Afaq Yusifli söz alaraq görkəmli alimin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı ailə kontekstindəki mövqeyindən, ata nəvazişi və qayğılarından bəhs etdi, tədqiqatçı-alimin ailəsi adından konfransın yüksək səviyyəli təşkilində zəhməti olan hər kəsə təşəkkürlərini bildirdi.
Daha sonra “Nizami Gəncəvi və Türk Dünyasi”, “Nizami Gəncəvi və dünya ədəbiyyatı”, “Nizami Gəncəvi və incəsənət”, “Müasir Azərbaycan nizamişünasliğında yeni çağırışlar”, “Xəlil Yusiflinin nizamişünaslıq fəaliyyəti” və “Xəlil Yusifli və klassik Azərbaycan ədəbiyyatı”adlı altı bölmədə davam etdirilən konfransa ümumilikdə 110 elmi məruzə təqdim edilmişdi.
Yeri gəlmişkən, unudulmaz tədbirin unudulmaz xatirəsi kimi həm “Professor Xəlil Yusiflinin biblioqrafiyası”, alimin “Sələflər və xələflər” monoqrafiyasının təkmilləşdirilmiş nəşri, həm də II cildlik konfransın materialları iştirakçılara hədiyyə olundu.
Səmərəli elmi mübadilə, dərin təhlilli məruzələrlə müşayət olunan tədbirin yekun zirvəsi heç şübhəsiz ki, ulu şeyxin məqbərəsinin ziyarəti oldu. Hə, bu məqamda artıq hiss və duyğuları ifadə edəcək sözlər ağ bayraq qaldırır, fəhm susur. Orda hər şey, hər şey eşq qoxulu, eşq rayihəli idi. Müdrik övliyanın cazibəsinin sehrindən doğan ilahi hüzur, mistik sükut, donmuş zaman hər şey, hər şey birbaşa ruha xitab idi.
Yuxarıda da dediyim kimi, bunları yazmaya bilməzdim. İçimdəki şükranlıq borcunun təkidli diktəsidir bu yazı. Gəncə bizi o qədər səmimi, isti qarşıladı ki…Mən də öz növbəmdə təşəkkürümü bu formada ictimailəşdirdim. Çünki, elmin inkişafı istiqamətində atılan hər bir addımın, hər bir təbliğ və təşviqin ən üst səviyyədə təqdir olunmasının zəruriliyi düşüncəsindəyəm. Bəzən əhəmiyyətsiz görünən kiçicik bir stimulun elmin dirçəlməsində təkanverici qüvvəyə çevrilə biləcəyinə inanan birisiyəm. Məhz buna görə də üzümü Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi müəllim Bayramova, AMEA Gəncə Bölməsinin sədri, çox dəyərli akademik Fuad müəllim başda olmaqla, sədrin ümumi işlər üzrə müavini Rasim Tağıyevə, 90 illiyinin işığına üz tutduğumuz professor Xəlil Yusiflinin ciyərparəsi elmimizin sanbal göstəricisi, xanım-xatın alimi Afaq Yusifliyə, Nizami mərkəzinin əməkdaşı Təranə xanıma, adını çəkib-çəkmədiyim AMEA Gəncə Bölməsinin fərd-fərd bütün əməkdaşlarına sonsuz şükranlarımı ərz edirəm. Və söhbət təşəkkürdən düşmüşkən, ən kiçik çağırışlarımıza böyük həssaslıqla operativcəsinə, səbirlə cavab verən, konfransın yüksək səviyyəli təşkilində müstəsna xidmətləri olan, işinin peşəkarı, sadə, təvazökar və fədakar alim, AMEA Gəncə Bölməsi elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarova çəkdiyi zəhmətlərə görə bütün iştirakçılar adından xüsusi minnətdarlığımızı bildirirəm. Elmi sferada çaldığı külüngün, zehin, düşüncə və qələminin iti, nailiyyətlərinin bol olmasını diləyir, həyatının bütün sferalarında yüksələn xətt üzrə inkişaf arzulayırıq. Yeri gəlmişkən, bugünkü Azərbaycan elminin məhz bu cür sözün bütün anlamlarında elm fədaisi adlandırıla biləcək fanatlara böyük ehtiyacı olduğunu da xüsusi vurğulamaq istəyirəm.
Beləcə, sözə enməyəcək hisslərin bihuşedici təsiri altında Gəncədən ayrılmaq labüdlüyü ilə üz-üzəyik. Vətəndən Vətənə qayıdırıq. Gəncədən gəlirik yüküm… Nə yoxdur ki, yükümüzdə, bitib-tükənməyən xoş təəssüratlar, bol pozitiv enerjili görüşlər, yeni əməkdaşlıqlar, əlaqələrimizin gələcək inkişafına atılan sağlam təməllər və ulu bilgənin müdriklik çeşməsindən əxz etdiyimiz dərin hikmətlər, qiymətsiz bilgilər.
Fidan NƏSİROVA, AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi
Publika.az