- Ədəbiyyat

İlyas Əfəndiyev. Zəmidə bir turac səslənirdi

Bizim kəndin yaz axşamları gözəl olur. Kəndimizin yarımkilometrliyindən axan Quruçay şırıldayır, elə bil ki axıb gəldiyi qalın meşələrdən bizə qəribə əfsanələr hekayət edir. Qurbağalar aramla səslənir. Evimizin arxasındakı zəmidə isə bir turac dalbadal oxuyur:

— Tut-du-du, tut-du-du.

Tut-du-du, tut-du-du.

Bizim yaşıl yamaclarda, çay kənarındakı Laləli dərədə turac çox olur. Lakin evimizin yaxınlığında hər səhər, hər axşam oxuyan bir turac təzə peyda olmuşdu.

Biz iki yoldaş idik. İkimizin də atası ovçu idi. Onlar otuz-qırx il idi ki, balta dəyməmiş qorxulu Kirs meşələrində ovçuluq edirdilər. Başlarına gəlmiş işlər barəsində o qədər maraqlı nağıllar danışmışdılar ki, biz də ovçu olmaq xəyalına düşmüşdük. Lakin nə tüfəngimiz var idi, nə də ov itimiz. Bunların əvəzində ala-bəzək iplərdən toxunmuş sapandımız var idi ki, daş qoyub atanda tapança kimi şaqqıldayırdı.

Yoldaşım Həsən kəndimizdə birinci sapand atan idi. Quşu gözündən vurardı. Onun qorxusundan zəmilərimizə bir qarğa qona bilməzdi. O, hətta bunun üçün kolxozdan əməkgünü də alırdı. Bizim kənddə qarğa çox olur. Onlar dəstə ilə uçub zəmi və bostanlara böyük ziyan vurur. Kolxoz sədri əkinləri onlardan qorumağı bizə tapşırmışdı. Həsən də sapandla iki qarğa vurub hərəsini zəminin bir tərəfində ağacdan asmışdı ki, başqa qarğalar görüb yaxın gəlməsin.

Deyəsən, mən əsl mətləbdən uzaq düşdüm. Yuxarıda dediyim kimi, evimizin arxasındakı zəmidə bir turac peyda olub — səhər-axşam oxuyurdu:

— Tut-du-du, tut-du-du.

Bir axşam Həsən bizə gəlib dedi ki, hər nə cür olsa, gərək, o turacı sabah tapıb ovlayaq. Mən etiraz edib dedim:

— Axı atamgil indi heç ova getmirlər, deyirlər, quşların bala çıxaran vaxtıdır.

Həsənin bir pis xasiyyəti vardı ki, çox inadcıl idi. Başına bir iş girdimi, gərək hər nə cür olur-olsun, yerinə yetirəydi. Buna görə də sözündən dönmədi:

— Məgər, — dedi, — quşların hamısı birdən bala çıxarır?

Mən istər-istəməz razı oldum.

Səhər balaca heybələrimizi yumru daşlarla doldurduq, zəmidə gizlənib turacın oxumasını gözlədik. O oxumağa başlayan kimi biz yavaş-yavaş səs gələn tərəfə süründük. Çox axtardıq, bir şey tapa bilmədik. Birdən lap ayağımızın altından pırıltı ilə bir quş uçaraq havaya qalxdı. Həsən hazır saxladığı gödəkqollu sapandını tovlayıb atdı. Turac bir qədər havaya millənib, sonra qurğuşun kimi yerə düşdü.

Biz adam boyu qalxmış sünbülləri aralaya-aralaya quş düşən yerə yüyürdük. Və gördük ki, o, kolun dibində bir ayağı üstündə dayanıb ürkək nəzərləri ilə ətrafına baxır. Bizi görən kimi gücünü toplayıb havaya qalxdı. Biz arxasınca yüyürdük. O, bir qədər uçduqdan sonra balaca böyürtkən koluna qondu. Fikirləşdim ki, yəqin, heyvan yaralı canını bizdən qurtarmaq üçün bu balaca kola pənah gətirdi. Ancaq yaxınlaşdığımız zaman elə mənzərəyə rast gəldik ki, mən onu heç vaxt unutmayacağam. Yumurtadan təzəcə çıxmış kiçik bala anasına baxaraq zəif səslə civildəyir. Və elə bil ki deyirdi: «Ana, bəs mənim üçün gətirdiyin yem hanı?» Yaralı turac isə tək ayağının üstündə dayanıb ürkək nəzərləri ilə gah bizə, gah da balasına baxırdı.

«Yazıq quşcuğaz! Sən sınıq ayağınla bu körpə balaya necə yem tapıb gətirəcəksən? Bəs bu gecə o nə yeyəcək?» — deyə düşünürdüm.

Bu mənzərə yoldaşıma də təsir etmişdi ki, qaşqabağını sallayıb başını buladı.

— Yaxşı iş görmədik, — dedi.

Mən onu məzəmmət etdim:

— Axı sənə dedim ki, indi quşların bala çıxaran vaxtıdır.

— Keçib, — deyə o, üzümə baxmadan kədərlə dilləndi.

Heç nədən xəbəri olmayan körpə bala anasına baxıb hey civildəyirdi.

— Bəs bunlar necə olacaq? — deyə Həsəndən soruşdum.

— Aparaq evə.

Körpə balanı və ananı üsulluca götürüb evə gətirdik. Onlar üçün qəfəsdə yer düzəltdik. Qabaqlarına dən səpdik, su qoyduq. Qoca nənəm sınıqçı idi. O, quşun qıçını sarıdı.

O gecə Quruçay yenə də əvvəlki kimi şırıldayır, qurbağalar səslənirdi. Yaz gecəsi heç bir şey olmamış kimi yenə də öz əfsanəsini söyləyirdi.

Lakin evimizin arxasındakı zəmidən daha turac nəğməsi eşidilmirdi.