Marketdən bəzi zəruri şeylərlə bərabər, yekə bir diş pastası almışdım( yaxşı, qoy olsun diş məcunu. Amma olmur axı. Dadlı, ləzzətli, YEYİLƏN təamlara deyilir məcun: diş pastası yeyilir ki? Hər halda normal adamlar yemirlər onu). Kücədə Gülnarla rastlaşdım, paketdəki pastanı görüb:
– Nə yekə pasta almısan,- dedi, – bir il işlətsən, qurtarmaz.
Dedim:
– Hə, “vıqodnaya pokupka”dır: düz 231 qram.
Gülnar:
– Yaxşı görək,- dedi,- neçəyə almısan?
– Səncə, neçəyə olar?
Gözlərini qıyıb bir neçə an təxmin etməyə calışdı və dedi:
– 3 manata.
– Ayy, 30 qəpik səhv elədin.
– 3 manat 30 qəpiyə?
Mən gülüb dedim ki, yox, 2 manat 70 qəpiyə. “Sağlıqla işlədin” dedi. Bir neçə addim aralanmışdıq, ağlıma qəfil gəlmiş bir fikirlə çevrilib onu səslədim:
-Gülnar!.
Cevrildi:
– Nədi?
– Bayaq sənə “30 qəpik səhv elədin” deyəndə sən niyə 2.70 yox, 3.30 dedin?
Çiyinlərini çəkdi:
– Nə bilim, dedim də. Ağlıma elə gəldi, elə də dedim.
– Səncə, bu cavab elə-belə, təsadüfən çıxdı sənin dilindən? -dedim və o, üzümdə nə gördüsə:
-Vəssalam!..- dedi,- yenə əcaib nəsə tapdın qaralamağa? Adı nə olacaq? “Kolqeytin qiyməti”?
– Sən rişxənd elə, amma yaza bilən olsa, bu 30 qəpik məsələsi əsil yazı mövzusudu, – sonra əlavə elədim,- oturub bildiyim kimi yazacağam, səni də əsas surətlərdən biri edəcəyəm. Di hı.
Gülnar mənə doğma, qayğılı bir nəzər salıb başını yellədi, cevrilib gedə-gedə:
-Göndərərsən, oxuyaram,- dedi,- amma mən bilmədim, bu 30 qəpik məsələsində yazılası nə gördün sən.
Doğrudan da… Bu qəpik məsələsində nə var axı yazılası, mən də onu bunca urvata mindirdim belə?