- Köşə, Manşet

İmarət CƏLİLQIZI. Çoban salatı


(yarı “dedim-dedi” janrında üslubu naməlum nəsr)

Səhər yuxudan durub yuyunduqdan, bir fincan (yekə fincan, day qəhvə fincanı yox) su içdikdən sonar əlinizə bir qab alırsınız, gedirsiniz bağa (bostana, dirriyə), meyvə-tərəvəzlərdən seçib yığırsınız həmin qaba. Məsələn, tutaq ki, o adam mənəm. Nə yığıram qaba?

Pomidor, xiyar, bibər, acı bibər, reyhan, şüyüd, keşniş; bir necə: alma, armud, şaftalı, gavalı, göyəm, zoğal, əncir…

Yığdıqca da hər meyvə-tərəvəzdən bir az dadina baxırsınız. Nə?!..Yumamış?!.. Tərtəmizdir əşi, gecə ya yağış, ya da şeh yuyub. Xırda meyvələrin hərəsindən iki-üç dənə, iştah çəksə, bir alma, bir armud da yemək olar. Amma biri turş, o biri şirin olmasın. Qaba bir neçə dənə sütül qarğidalı qıçası da yığıb dönürsünüz evə. Sizi bilmirəm, mənim səhər yeməyim, demək olar ki, bitdi. Bəlkə, bir az ağartı yeyə və bir də bir fincan şit və açiq çay içə bilərəm.

Masanın üstünü cürbəcür səhər yeməkləri ilə doldurub: yağ, bal, pendir, süzmə, qaymaq, soyutma yumurta, südçorəyi, külçə…

Deyir:

– Hardasan, gəl çıx da, acından öldün ki.

Deyirəm:

– Mən ta yeyib doymuşam.

Təəccüblə soruşur:

-Nə yemisən?!.

Deyirəm:

-Əncir, xiyar, bibər…

Əlini yelləyib deyir:

-Eh, onlar yeməkdi ki?

Soruşuram:

-Yemək deyil, bəs nədi?

Deyir:

-Xar-xur, çərəz.

Deyirəm:

-Nolsun, xar-xuru da ağzımızda çeynəyib uduruq, mədəmizə gedir da.

Dilxor olur.

Deyir:

-Sən Allah gəl, otur, çörəyimizi yeyək.

Deyirəm:

-Vallah, yerim yoxdu, təkcə bir fincan çay icə bilərəm.

Peşman-peşman baxıb deyir:

-Vallah, sənin mədəni böyütmək lazımdir.

Mən dərhal onun toppuş bədəninə isarə edib:

– Hə, mütləq, donorum da sən olarsan,- deyirəm və ləzzətlə ucadan gülürəm.

Əyri-əyri baxır.

Daha israr etməyib soruşur:

-Yaxşı, indi ki toxsan, yemirsən, yemə. Bəs günortaya nə bişirək, ürəyin nə istəyir?

Deyirəm:

-Ay qız, mən heç ac olanda ürəyim yemək adına heç nə istəmir, indi toxqarına necə deyim ki, filan şey bişir? Ürəyin nə istəyir, bişir.

Təkid edir:

– Bir xörək adı de da, ağlına heç nə gəlmir?

Deyirəm:

-Adını deyə bilmərəm, amma təklif edə bilərəm ki, duru xörək olsun, əslinə baxsan, nahar yeməyimizin biri var artıq,- yığdığım tərəvəzi göstərirəm,- günortaya mən yaxşı bir çoban salatı hazırlayaram. Əmin ol ki, cox ləzzətli olacaq, çünki mənim çoban salatı hazırlamağımın sirri var.

Qaşlarını dartıb üzünü turşudaraq istehza ilə qımışır, yəni ki, çoban salatı özü nədir ki, hələ onun bir sirri-filanı da olsun.

(ardı yoxdur)