- Köşə

İmarət CƏLİLQIZI. Çünki oldun yazıçı, çağır, gəlsin nəsr də, nəzm də

 

  İllər boyudur, dilimizdə çox yanlış bir ifadə hökm sürməkdədir — ədəbiyyat tarixi ilə bağlı məqalələrdə tez-tez “şair və yazıçılarımız” adlı bölgüyə rast gəlirik, əksəriyyətimiz də  anlayırıq ki, bu bölgüdə “şair” sözü altinda nəzm, “yazıçı” sözü altında isə nəsr yazan müəlliflər nəzərdə tutulur. Amma bu, tamamilə yanlış bölgüdür, nəzm yazanın da, nəsr yazanın da peşəsi yazmaqdır. Peşəsi yazmaq olana da yazıçı deyilir.

 Bölgü (“bölgü” deyəndə aydındır ki, kəskin bir fərqdən deyil, şərti bölgüdən gedir söhbət) əslində belə olmalıdır: şairnasir ( misal olaraq: rus dilində “поэты и писатели” deyə bir bölgü yoxdur, yazarlar “поэты и прозаики” deyə fərqləndirilir.)

Mətləbi, necə deyərlər, innovativ şəkildə bir növ sillogizmlə də ifadə etmək  mümkündür:

  1. Bütün şairlər və nasirlər yazıçıdırlar;
  2. S.Rəhimov nasir, Ə.Vahid şairdir;
  3. Nəticə: Deməli, S.Rəhimov da, Ə.Vahid də yazıçıdırlar.

P S.Təbii ki, dramaturqlar da yazıçıdırlar, amma hər bir dramaturq seçdiyi formadan asılı olaraq dramaturq olmaqla eyni vaxtda həm də nasir və ya şairdir, yəni ya nasir- dramaturqdur, ya da şair-dramaturq.