(yarı filoloq, yarı filosofcasına)
Orta məktəbdə oxuduğumuz dövrlərdə bəzi klassiklərimizin ərəb-fars sözləri ilə dolu əsərlərinin dilini yaxşı başa düşmürdük, şeirin və ya nəsrin məzmununu səhifənin sonunda verilmiş lüğətin köməyi ilə mənimsəyirdik. Sözlərin mənasını bildikdən sonra mətnin üstünə sanki projektor işığı düşürdü: məzmun tamamilə aydınlaşırdı.
O zamandan bəri məndə dilimizə ərəb dilindən keçmiş bir sıra sözlərin kökünü tapmaq kimi bir meyil yaranıb. Bu meyil sonralar tələbə olanda, daha sonralar isə dil-ədəbiyyat müəllimi kimi mənim çox karıma gəldi (və karıma gəlməkdə davam edir). Bu, məndə bir növ vərdiş halına keçib: harda bir ərəb sözünə rast gəlirəmsə, qeyri-ixtiyari olaraq onun kökünü axtarıram. Yadımdadır ki, hələ bir dəfə dərsdə “Müşfiq” təxəllüsünü yanlış izah etmiş, sonradan xətamı düzəltmişdim – “müşfiq” sözünün kök samitləri ş, f, q(ğ)-dır. Mən izah etmişdim ki, bu, “şəfəq” sözündəndir, “işıqlı” mənasını ifadə edir, halbuki “Müşfiq” sözünün mənası “şəfqətli, şəfqət göstərən” deməkdir. Samitlərin eyniliyi məni yanıltmışdı.
Zövqümü oxşayan bu iş məni daim özünə cəlb edir.
Bir gün də necə oldusa, bir sözün – bizdə peşə anlayışı ifadə edən bir sözün kök samitlərini axtarıb niyə məhz belə olduğunu tapmağa çalışarkən maraqlı bir şey aşkar etdim. Dilimə gələn “mühəndis” sözü idi. İndiyə kimi heç vaxt bu sözün içərisini aramamışdım. Mən avtomatik olaraq sözün kök samitlərini tapdım: h,n,d,s. “Həndəsə?!” deyə məni təbəssüm qarışıq xoş bir təəccüb bürüdü. Lüğətə baxıb bu sözün əslinin fars mənşəli “əndazə” sözü olduğunu aşkar edəndə isə daha maraqlı oldu: orada “həndəsə” sözünün mənası belə izah edilir:
həndəsə:is. [ər.əsli fars.əndazə] Riyaziyyatın cisimlərin səth formalarından və onların münasibətlərindən bəhs edən şöbəsi.
Fars mənşəli “əndazə” sözünün izahı isə belədir:
əndazə: is.[fars.]
- Kağızdan, kartondan kəsilmiş ülgü. // Ölçü, miqyas, ölçü vahidi.
- Tənasüb, simmetriya, quruluş düzgünlüyü.
Həndəsə və əndazə sözlərinin leksik mənaca bir-birinə bu qədər yaxın olduğu ağlıma gəlməzdi, onların necə deyərlər, yaxın qohum olduqlarını yalnız lüğətdəki məlumatı oxuduqdan sonra bildim. Aşkar etdiyim məlumat mənə o qədər maraqlı göründü ki, onu yazı şəklində paylaşmaq istədim.
İndiyədək yüz dəfələrlə “mühəndis” sözünə rast gəlmiş və ya dəfələrlə bu sözü işlətmişik (xüsusən orta məktəbdə “Hansı sənət yaxşıdır?” mövzusunda inşa yazarkən), amma etiraf edək ki, yəqin, bir dəfə də olsun ağlımıza gəlməyib ki, görəsən, mühəndis niyə “mühəndis” adlanır? Düzü, xeyli məmnun oldum ki, nə yaxşı ki indi mənim ağlıma gəldi və hətta özünü yazı mövzusuna da çevirə bildi.
İşə bax ki, sözümü bitirmək istədiyim anda istədim, keçmişlərin ənənəvi inşa mətnlərində olduğu kimi, yazıya “mühəndis” sözü ilə bağlı bir şeir parçası da əlavə edim, yadıma bu bənd düşdü:
Təbiət varlıdır, təbiət xəsis,
İşlədərkən onu, sən ey mühəndis.
Mən də qart daşlara verdiyim bu hiss,
Bu incə mənadan necə əl çəkim?
Müşfiqin “Həyat sevgisi”ndəndir, bilirsiniz.
Sizcə, təsadüfdürmü? Məncə, yox…